Accessibility links

Avropa İttifaqı Şurasının prezidenti Azərbaycan və Ermənistan liderləri ilə danışıb


İlahm Əliyev, Şarl Mişel və Nikol Paşinyan (Foto Avropa İttifaqınındır)
İlahm Əliyev, Şarl Mişel və Nikol Paşinyan (Foto Avropa İttifaqınındır)

Martın 25-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə ayrılıqda telefonla danışaraq regiondakı durumu müzakirə edib.

Ermənistanın hökumətinin Mətbuat xidmətinin məlumatına görə, Baş nazir Paşinyanla söhbət zamanı “Azərbaycanın Laçın dəhlizinin qeyri-qanuni şəkildə bağlanması nəticəsində davam edən böhranlı vəziyyətə toxunublar. Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesi, sülh müqaviləsi və regional kommunikasiyaların istismarının bərpası məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Ermənistan Respublikasının baş naziri Azərbaycanın son vaxtlar artan aqressiv ritorikasından və sabitlik və sülhə nail olmaq səylərinə mane olan təxribat xarakterli hərəkətlərindən narahatlığını ifadə edib”.

Avropa Şurasının sədri Aİ-nin regionda dialoq və sülhü təşviq etməyə hazır olduğunu təsdiqləyib.

“Prezident Mişel Laçın dəhlizi ətrafında davamlı böhran, son itkilər və yerlərdə gərginliyin kəskin artması, eləcə də mənfi ritorika ilə bağlı narahatlığını ifadə edib,” Avropa İttifaqı Şurasının pres-relizində deyilir.

O, həmkarlarını kompromis həll yolları axtarmağa və eskalasiyaya səbəb ola biləcək hər hansı hərəkətlərdən çəkinməyə çağırıb.

Azərbaycan Prezidentinin Mətbuat xidmətinin məlumatına görə, Şarl Mişel Avropa İttifaqının regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması üçün səylərini bundan sonra da davam etdirəcəyini deyib.

“Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycanın Laçın-Xankəndi yolu ətrafındakı məsələlərə toxunub və son günlərdə Ermənistanla Azərbaycanın dövlət sərhədində baş vermiş insidentlərlə əlaqədar narahatlığını ifadə edib”, məlumatda qeyd edilir.

Prezident İlham Əliyev Azərbaycanın Brüssel prosesini dəstəklədiyini bir daha vurğulayıb.

Laçın-Xankəndi yolu ətrafındakı vəziyyətə toxunan Azərbaycan Prezidenti qeyd edib ki, "bu yolun guya bağlı olması ilə əlaqədar Ermənistanın irəli sürdüyü iddialar tamamilə yalandır. Belə ki, 2022-ci il dekabrın 12-dən bu günədək Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus 5 minə yaxın nəqliyyat vasitəsi, tibbi yardıma ehtiyacı olan şəxs və onları müşayiət edənlər bu yoldan keçiblər."

İlham Əliyev Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə Ermənistan tərəfindən silah-sursat və şəxsi heyətin daşınması prosesinin hələ də həyata keçirildiyini bildirib.

Məlumatda deyilir ki, Azərbaycan Prezidenti Ermənistan rəhbərliyinin təhlükəli və eskalasiyaya yönəlmiş rəsmi açıqlamalarına diqqət çəkib.

XS
SM
MD
LG