Accessibility links

ABŞ Aİ, Azərbaycan və Ermənistan liderlərinin görüş xəbərini alqışlayır


state department
state department

“Mayın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişel arasında keçiriləcək görüş xəbərini alqışlayırıq.”

Bu barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri bürosu məlumat yayıb.

“Bu görüş Vaşinqtondakı danışıqlardan sonra gələcək irəliləyişə zəmin yaradan mühüm bir fürsətdir” – məlumatda deyilir.

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Aİ-nin Cənubi Qafqazda sabitliyi və iki ölkə arasında normallaşmanı təşviq etmək səylərini inkişaf etdirmək üçün Azərbaycan və Ermənistan liderləri ilə sıx əlaqə saxlamağa davam edir.

Bu barədə Avropa İttifaqı (Aİ) Şurasının Ermənistan və Azərbaycan üzrə bəyanatında bildirilir.

Məlumatda qeyd edilir ki, liderler 2023-cü il mayın 14-də Brüssel üçtərəfli görüşündə yenidən toplanmağa razılaşıblar.

Onların müzakirələri həmçinin 1 iyun 2023-cü ildə Kişinyovda keçiriləcək Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla görüşlə də əhatə olunacaq.

Liderlər həmçinin Brüsseldə üçtərəfli görüşləri zəruri olduğu qədər tez-tez davam etdirməyə razılaşıblar.

Avropa İttifaqı Şurasının Prezidenti Mişel 2023-cü ilin oktyabrında Avropa Siyasi Birliyinin Qranadada keçiriləcək növbəti sammiti çərçivəsində Azərbaycan, Ermənistan, Fransa və Almaniya liderlərini ikinci dəfə görüşməyə dəvət etmək niyyətində olduğunu ifadə edib.

Ötən həftə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında dörd gün davam edən sülh danışıqları baş tutub. ABŞ dövlət katibi Antoni Blinken Vaşinqton görüşünün yekununda qeyd edib ki, danışıqların keçirildiyi günlər ərzində iki tərəf "çox mürəkkəb" məsələləri müzakirə edib və dayanıqlı sülh razılaşması istiqamətində "ciddi irəliləyişə" nail olublar.

Daha əvvəl Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə Şarl Mişelin təşəbbüsü ilə dörd görüş baş tutub. İlk görüş 14 dekabr 2021-ci ildə, ikinci və üçüncü görüş 2022-ci ilin 6 aprel və 23 may tarixlərində, son görüş isə 31 avqust 2022-ci ildə keçirilib.

Həmçinin ötən il oktyabrın 6-da Praqada baş tutan Avropa Siyasi Birliyinin Sammitində Azərbaycan prezidenti İlham Əliyev, Fransa prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyanın dördtərəfli formatda görüşü keçirilib.

XS
SM
MD
LG