Ermənistanın Sünik rayon məhkəməsi Ermənistan sərhədini keçən iki azərbaycanlı hərbçidən biri Aqşin Bəbirovu uzun müddətə həbsə məhkum edib.
Ermənistan mediası Ermənistan Baş Prokurorluğunun İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir ki, məhkəmənin 4 may 2023-cü il tarixli hökmü ilə Aqşin Bəbirov 11 il 6 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.
Azərbaycan hərbçisi dövlət sərhədini qanunsuz olaraq keçməkdə, odlu silah və döyüş sursatını dövlət sərhədindən qanunsuz keçirməkdə təqsirli bilinib.
Məlumatda deyilir ki, ikinci hərbi qulluqçu Hüseyn Axundovun cinayət işinin istintaqı davam etdirilir. O, həmçinin Zəngəzur mis-molibden zavodunda mühafizəçini öldürməkdə də ittiham olunur.
Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bu il aprelin 14-də bildirib ki, Azərbaycan Ordusunun hərbçiləri Aqşin Bəbirov və Hüseyn Axundov bir neçə gün öncə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüb.
Hər iki hərbçi Ermənistanda saxlanılıb. Ermənistan hüquq-mühafizə orqanları Azərbaycan hərbçilərinə qarşı dövlət sərhədini qanunsuz keçmək və qanunsuz silah saxlamaq ittihamları irəli sürüb. Bununla yanaşı hərbçi Hüseyn Axundov Ermənistan ərazisində gözətçini öldürməkdə də ittiham olunur.
Aprelin 13-də hərbçi Hüseyn Axundovun Ermənistanda fiziki zorakılığa məruz qoyulmasını əks etdirən video və fotolar sosial şəbəkələrdə yayılıb. Hərbçiyə qarşı fiziki zorakılıq göstərilməsi yerli ictimaiyyət, beynəlxalq təşkilatlar, o cümlədən Azərbaycandakı bir sıra səfirliklər tərəfindən tənqidlərə yol açıb.
Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib. Bununla yanaşı, rəsmi Yerevan Azərbaycan hərbçisinə qarşı fiziki zorakılıqla bağlı şərh verməyib.
ABŞ-ın Azərbaycandakı səfirliyi ABŞ-ın məlum videoda əksini tapan Azərbaycan əsgərinə qarşı Ermənistanda törədilmiş zorakılığa görə narahatlığını ifadə edib.
“Birləşmiş Ştatlar Ermənistanda Azərbaycan əsgərinə qarşı zorakılığı əks etdirən videonun yayılmasından narahatdır. Biz Azərbaycan və Ermənistanı bütün məsələləri sülh danışıqları yolu ilə həll etməyə çağırırıq” , ABŞ səfirliyi Facebook səhifəsində qeyd edib.