Azərbaycan Ordusunun itkin düşmüş hərbçisi Hüseyn Axundovun Ermənistanda fiziki zorakılığa məruz qoyulmasını əks etdirənvideo və fotolar sosial şəbəkələrdə yaılıb. Hərbçiyə qarşı fiziki zorakılıq göstərilməsi yerli ictimaiyyət, beynəlxalq təşkilatlar, o cümlədən Azərbaycandakı bir sıra səfirliklər tərəfindən tənqidlərə yol açıb.
Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan Ordusunun itkin düşən həırbçiləri ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.
Müraciətdə deyilir ki, Azərbaycan Ordusunun hərbçiləri Aqşin Bəbirov və Hüseyn Axundov bir neçə gün öncə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.
Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib. Bununla yanaşı, rəsmi Yerevan Azərbaycan hərbçisinə qarşı fiziki zorakılıqla bağlı hələ şərh verməyib.
ABŞ-ın Azərbaycandakı səfirliyi ABŞ-ın məlum videoda əksini tapan Azərbaycan əsgərinə qarşı Ermənistanda törədilmiş zorakılığa görə narahatlığını ifadə edib.
“Birləşmiş Ştatlar Ermənistanda Azərbaycan əsgərinə qarşı zorakılığı əks etdirən videonun yayılmasından narahatdır. Biz Azərbaycan və Ermənistanı bütün məsələləri sülh danışıqları yolu ilə həll etməyə çağırırıq,” ABŞ səfirliyi Facebook səhifəsində qeyd edib.
Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Twitter hesabında yazıb ki, Azərbaycan əsgərinə qarşı edilən zorakılıqla bağlı yayılmış videonu izləmək dəhşətlidir.
“Beynəlxalq humanitar hüquq qanunlarına görə bu cür rəftar yolverilməzdir. Regionda dayanıqlı sülhə nail olmaq üçün bu kimi hallar pislənməlidir”, o bildirib.
Öz növbəsində Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko da baş vermiş hadisəyə münasibət bildirib.
Peter Mixalko Twitter paylaşımında yayılan videonun olduqca acınacaqlı olduğunu bildirib.
“Mən saxlanılmış azərbaycanlı əsgərə qarşı zorakı münasibətin əks olunduğu videonu gördüm. Doğrudan da acınacaqlıdır. Bütün əsirlərə beynəlxalq humanitar hüquqa uyğun davranılması vacibdir” o, qeyd edib.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Twitter hesabında bildirir ki, Ermənistanda azərbaycanlı hərbçiyə qarşı açıq-aşkar pis rəftarın görüntüləri dərin narahatlıq doğurur.
“Bu hadisə dərhal araşdırılmalıdır və beynəlxalq hüquq normalarına uyğun olaraq məsuliyyət daşıyan şəxslər məsuliyyətə cəlb olunmalıdır”, məlumatda qeyd edilir.
Beynəlxalq Qızıl Xac Komitəsinin (BQXK) məlumatında deyilir ki, bu qurum iki azərbaycanlının məsələsi barədə məlumatlıdır.
“Biz ailələr və müvafiq qurumlarla əlaqədəyik və məqsədimiz saxlanılan şəxslərə mümkün qədər tez baş cəkməkdir. Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır”, BQXK-nin məlumatında deyilir.