Accessibility links

Rəsmi Moskva Azərbaycan və Ermənistan münasibətlərinin normallaşmasının yeganə yolunu üçtərəfli bəyanatda görür


Kreml, Rusiya Xarici İşlər Nazirliyi və Moskva şəhərinin görünüşü
Kreml, Rusiya Xarici İşlər Nazirliyi və Moskva şəhərinin görünüşü

"ABŞ Dövlət katibi Antoni Blinkenin Vaşinqtondakı danışıqlarda əhəmiyyətli dərəcədə irəliləyiş əldə edilməsi ilə bağlı bəyanatları Azərbaycan və Ermənistan tərəfinin şərhləri ilə ziddiyyət təşkil edir".

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova mayın 10-da keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Blinken danışıqlarda əhəmiyyətli dərəcədə irəliləyişin əldə olunduğunu desə də, rəsmi Bakı və rəsmi Yerevan əsas məsələlərlə bağlı fikir ayrılıqlarının qaldığını qeyd ediblər.

Zaxarova xəbərdar edib ki, Moskva Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı gördüyü işi davam etdirəcək, artıq iki ölkənin xarici işlər nazirlərinin danışıqları üçün məkan təklif olunub.

"Rusiyanın məqsədi regionda sülhü təmin etməkdir və bunun üçün yeganə yol üçtərəfli razılaşmaların icra olunmasıdır", Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib.

Öz növbəsində mayın 10-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Vaşinqton danışıqlarında sülh müqaviləsi üzrə bəlli maddələrdə razılaşmalar əldə edilib.

"Bizim Vaşinqtonda 4 gün ərzində sülh müqaviləsi ətrafında kifayət qədər intensiv müzakirələrimiz oldu. Oradakı danışıqlar bir sıra maddələri, vacib məsələləri özündə ehtiva edir. Biz tam razılaşma barədə deyə bilmərik, tərəflərin mövqeləri arasında kifayət qədər fərqlər var, ancaq bu danışıqlarda sülh müqaviləsi üzrə bəlli maddələrdə razılaşmalar əldə edildi. Biz bir addım da irəli getdik. Biz bu prosesə realist yanaşmalıyıq. Bir görüşdə bütün məsələlərin razılaşdırılması əlbəttə ki yaxşı olardı. Biz bunu arzulayardıq, lakin biz buna hələ ki hazır deyilik. Azərbaycan sülh prosesinə sadiqliyini daim nümayiş etdirir", Bayramov bildirib.

Nazir Bayramov mayın 14-də Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşünün olacağını deyib. Onun fikrincə, Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin gözlənilən görüşündəki danışıqlar Azərbaycan-Ermənistan normallaşma prosesinin tərkib hissəsidir.

"Brüssel görüşünə Bakı və Yerevan arasında aparılan danışıqların bir hissəsi kimi baxılmalıdır. Ümumilikdə prosesin baş verməsini müsbət qiymətləndiririk. Çünki bəzən müxtəlif səbəblər olur və danışıqlar prosesində fasilələr, yaxud da ləngimələr yaranır. Azərbaycan tərəfinin bu istiqamətdə yanaşması hər zaman davamlı və ardıcıldır. Biz danışıqlar prosesinin və normallaşmanın tərəfdarıyıq. Əfsus ki, vaxtaşırı Ermənistan tərəfindən qeyri-ardıcıl, ziddiyyətli yanaşma və fikirlər səslənir. Sülh danışıqları ilə bağlı 6 aya yaxın fasilə olmuşdu. Daha sonra beynəlxalq vasitəçilərin rolu nəzərə alınmaqla yaxınlarda yenidən danışıqlar baş tutdu. Hesab edirik ki, bəlli fasilədən sonra liderlər səviyyəsində görüşün keçiriləcəyi ümumilikdə müsbət haldır, danışıq və nəticələri gözləməyə çox vaxt qalmayıb", o qeyd edib.

Avropa İttifaqı (Aİ) Şurası Prezidentinin mətbuat katibliyinin məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında mayın 14-ü Brüsseldə növbəti görüş baş tutacaq.

"Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Aİ-nin Cənubi Qafqazda sabitliyi və iki ölkə arasında normallaşmanı təşviq etmək səylərini inkişaf etdirmək üçün Ermənistan və Azərbaycan liderləri ilə sıx əlaqə saxlamaqda davam edib. Liderlər Brüsseldə növbəti üçtərəfli görüş barədə yenidən razılığa gəliblər", məlumatda deyilir.

Aİ Şurası, həmçinin müzakirələrin iyunun 1-də Kişinyovda keçiriləcək Avropa Siyasi Birliyinin sammiti çərçivəsində davam edəcəyini, həmin görüşə Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsun da qatılacağını təsdiqləyib.

Şarl Mişel bu ilin oktyabrında İspaniyanın Qranada şəhərində keçiriləcək Avropa Siyasi Birliyinin növbəti sammiti çərçivəsində Ermənistan, Azərbaycan, Fransa və Almaniya liderlərini ikinci dəfə görüşməyə dəvət etmək niyyətində olduğunu ifadə edib.

ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistanın sülh müzakirələrində iştirakını Brüsseldə davam etdirəcəyi barədə xəbərləri alqışlayıb.

"Biz bir daha əmin olduğumuzu bildiririk ki, sülh yaxındır və birbaşa dialoq problemlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır", Dövlət Departamentində keçirilən ənənəvi brifinqdə mətbuat katibinin müavini Vedant Patel mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycan və Ermənistan liderlərilə keçiriləcək üçtərəfli görüşü barədə Turan agentliyinin sualının cavabında bildirib.

Öz növbəsində Ermənistan Xarici İşlər Nazirliyi mayın 14-də Brüsseldə yüksək səviyyədə üçtərəli görüşün olacağını təsdiq edib.

Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan deyib ki, sülh müqaviləsinin mətni danışıqlar masasındadır.

Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan deyib.

"Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşdən sonra hər iki ölkənin xarici işlər nazirləri bir araya gələcəklər. Nazirlərin görüşünün mayın 19-da Moskvada baş tutacağı planlaşdırılır”, o qeyd edib.

Daha əvvəl Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə Şarl Mişelin vasitəçiliyi ilə dörd görüş baş tutub. İlk görüş 14 dekabr 2021-ci ildə, ikinci görüş 6 aprel 2022-ci ildə, üçüncü görüş 23 may 2022-ci ildə, son görüş isə 31 avqust 2022-ci ildə keçirilib.

Həmçinin ötən il oktyabrın 6-da Praqada Avropa Siyasi Birliyinin Sammitində Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyanın dördtərəfli formatda görüşü keçirilib.

Azərbaycan və Ermənistan liderləri son dəfə bu ilin fevralında Münhendə ABŞ Dövlət katibi Antoni Blinkenlə baş tutan görüşdə bir araya gəlib.

Ötən həftə, mayın 1-dən 4-dək Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında dörd gün davam edən sülh danışıqları baş tutub.

ABŞ Dövlət katibi Antoni Blinken Vaşinqton görüşünün yekununda qeyd edib ki, danışıqların keçirildiyi günlər ərzində iki tərəf "çox mürəkkəb" məsələləri müzakirə edib və dayanıqlı sülh razılaşması istiqamətində "ciddi irəliləyişə" nail olublar.

"Biz yekun razılığa çox yaxınıq" , Blinken qeyd edib.

Vaşinqton görüşü barədə həm Azərbaycan, həm də Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatlarda sülh qurulması haqqında ikitərəfli saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılığın əldə edildiyi, lakin bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığı vurğulanıb.

Mövzuya uyğun

XS
SM
MD
LG