Accessibility links

Lyuk Koffi: Azərbaycanla İsrail arasında inkişaf edən münasibətlər regionu daha sabit və təhlükəsiz edir


Lyuk Koffi: Azərbaycanla İsrail arasında inkişaf edən münasibətlər regionu daha sabit və təhlükəsiz edir
please wait

No media source currently available

0:00 0:08:03 0:00

Lyuk Koffi: Azərbaycanla İsrail arasında inkişaf edən münasibətlər regionu daha sabit və təhlükəsiz edir

İsrail və Azərbaycan iki ölkə arasında təhlükəsizlik, siyasi və iqtisadi əlaqələrin gücləndirilməsini müzakirə edərək strateji əməkdaşlığın vaciblyini vurğulayıb. İsrailin xarici işlər naziri Eli Kohen keçən həftə Bakıya səfəri zamanı Azərbaycanı İsrailin mühüm strateji tərəfdaşı adlandırıb. Eli Kohen və Azərbaycan prezidenti İlham Əliyev arasında görüşdə iki ölkə qarşısında regional risklərlə bağlı məsələlərin müzakirəsi yer alıb. İsrail xarici işlər nazirinin Bakıya səfəri Azərbaycanın İsraildə səfirliyini açmasından sonra və Azərbaycan və İran arasında gərginliklər fonunda baş tutub. Vaşinqtonda Hadson İnstitutunun baş elmi işçisi Lyuk Koffi Amerikanın Səsinə müsahibədə İsrail və Azərbaycan arasında strateji əməkdaşlıq əlaqələri və İsrailin xarici işlər naziri Eli Kohenin Azərbaycana səfərinin geosiyasi təsirlərini şərh edib.

Amerikanın Səsi: İsrailin xarici işlər naziri Eli Koen Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. Hər iki tərəfin rəsmi açıqlamalarına görə, görüşdə iki ölkə arasında diplomatik və strateji əlaqələrin möhkəmləndirilməsi məsələləri müzakirə olunub. İsrail Azərbaycana strateji tərəfdaş kimi baxır və iki ölkə arasında yaxşı münasibətlər mövcuddur. Səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından 30 ildən artıq keçən müddətdə Azərbaycanın İsraildə səfirliyinin açılmasından sonra və Azərbaycanla İran arasında gərginliyin artması fonunda baş verir. İsrailin xarici işlər nazirinin Azərbaycana səfəri hansı əhəmiyyətə malikdir və bu səfər ikitərəfli münasibətlərə və regional siyasətə nə kimi təsir göstərə bilər?

Lyuk Koffi: Məni dəvət etdiyiniz üçün təşəkkür edirəm. Bu səfər çoxdan gözlənilən və müsbət bir səfər idi. Bunun xarici işlər nazirinin Azərbaycana xarici işlər naziri kimi ilk səfəri olduğuna inanıram. Lakin bu, eyni zamanda İsrailin indiyə qədər Azərbaycana səfər edən ən böyük nümayəndə heyəti idi. Düşünürəm ki, bu səfər çox şeydən xəbər verir. Birincisi, İsrail Azərbaycanla onilliklər boyu mövcud olan uzunmüddətli münasibətləri yüksək qiymətləndirir və buəlaqələri davam etdirmək və inkişaf etdirmək istəyir. İkincisi, [İsrail] xüsusən də Xəzər dənizinin ətrafında bütün bu mürəkkəbliklərə nəzər salanda Azərbaycanın regiondakı əhəmiyyətini, geostrateji əhəmiyyətini başa düşür. İstər İranın rolu və İranın regionda artan aqressiyası, istərsə də İsrailə ixrac oluna biləcək daha çox enerji resursları əldə etmək imkanı olsun, İsrail anlayır ki, bu mövcud şəraitdə Xəzər dənizi, xüsusən də Azərbaycan mühüm əhəmiyyət kəsb edir.

Amerikanın Səsi: İsrailin xarici işlər naziri Bakıda olduğu zaman İran tərəfindən təhlükəni xüsusi qeyd edərək, İranın nüvə potensialına nail olmasının qarşısının alınmasının vacibliyini vurğulayıb. Bir çox müşahidəçilərin fikrincə, İran Azərbaycanın İsraillə sıx əməkdaşlığına öz təhlükəsizliyinə hədə kimi baxır. Eyni zamanda, Bakı ilə Tehran arasında uzun müddətdir ki, gərginlik mövcuddur. Bu gərginliyin daha da artmasının potensial olaraq hansı nəticələri ola bilər? Azərbaycanla İran arasında artan gərginliyin regional təsirləri nədən ibarətdir?

Lyuk Koffi: Hesab edirəm ki, Azərbaycanla İsrail arasında inkişaf edən münasibətlər regionu daha sabit və təhlükəsiz edir. Bunun İranın bədxah davranışına və İranın aqressiyasına mane olduğunu düşünürəm.Azərbaycanlılar bunu heç vaxt açıq söyləmirlər. Onlar ictimaiyyət qarşısında Tehranla bu səmimi münasibətləri saxlamağa çalışırdılar. Ancaq səthin altında çoxlu konflikt var. Azərbaycanla İran arasında həddindən artıq çox gərginlik var, ixtilaf var və bu, regional dinamikanın Qərbdə, Vaşinqtonda və digər Avropa paytaxtlarında yaxşı başa düşülməyən aspektlərindən biridir. Azərbaycan dünyada həm İran, həm də Rusiya ilə həmsərhəd olan, bu iki ölkə ilə quru sərhədi olan yeganə ölkə kimi tanınır və bunun nəticəsi olaraq həm xarici siyasətində, həm də beynəlxalq məsələlərdə balansı qoruyub saxlamalıdır. Lakin son illər Azərbaycanla İran arasında gərginliyin artdığını müşahidə edirik. İsrail də bunu dərk edir. Buna görə də mən heç bir şübhə olmadan bu yaxınlarda Bakıda bağlı qapılar arxasında keçirilən danışıqların əsas diqqət mərkəzində şübhəsiz ki, İran məsələsinin olduğunu düşünürəm.

Amerikanın Səsi: ABŞ və Azərbaycan hərbi rəsmiləri keçən həftə Vaşinqtonda görüş keçirərək, ikitərəfli münasibətlər və regional sülh və sabitliyin qorunması məsələlərini müzakirə ediblər. Görüşün vaxtı baxımından Azərbaycan və İsrail arasında strateji münasibətlərin gücləndirilməsi və Bakı ilə Tehran arasında gərginliyin yüksək olaraq qaldığı nəzərə alınsa, Vaşinqtonun regiondakı hədəfləri barədə nə söyləmək mümkündür? ABŞ və Azərbaycan regional təhlükəsizlik və sabitliyi qorumaq üçün birgə necə işləyəcək?

Lyuk Koffi: ABŞ və Azərbaycanın Hərbi Hava Qüvvələrinin [nümayəndələrinin] yüksək səviyyəli görüşləri bildiyim qədər çox müsbət keçib. Amma mən bunun ABŞ-ın regionla bağlı strategiyasının olduğunu düşünmürəm. Ona görə də hesab edirəm ki, Azərbaycan və ABŞ arasında bu görüşlərin vaxtı baxımından buna çox diqqət yönəltməməliyik. Mən bunun hər hansı daha böyük strategiya və ya regional təhlükəsizlik məsələlərinin hansısa böyük qiymətləndirilməsi ilə əlaqəsi olduğunu düşünmürəm. Məncə, bu, daha çox təsadüfdür. ABŞ-ın regionda daha çox iştirakı olmasını, daha böyük strategiyaya və Azərbaycanla yaxınlaşmada daha böyük rol oynayan strategiyaya malik olmasını arzu etmək məni ağrıdır. Amma mən bunun hazırkı administrasiyadan, hətta əvvəlki administrasiyadan da gəldiyini görmürəm. Məsələn, Bakıya sonuncu dəfə səfəri edən ABŞ dövlət katibi 2012-ci ildə, yəni on ildən çox əvvəl Hillari Klinton olub. Buna görə də biz ABŞ-ın təkcə Azərbaycanla deyil, həm də Xəzər regionu ölkələri ilə münasibətlərimizi necə yaxşılaşdıra biləcəyimiz barədə daha strateji və daha yaradıcı düşünməsinə ehtiyac var.

Amerikanın Səsi: Hazırda Ukraynada müharibə davam edir, Rusiya Baxmuta havadan zərbələrini intensivləşdirir, Kyivin yaz aylarında genişmiqyaslı əks-hücumuna hazırlaşdığı gözlənilir. Rusiyanın Ukraynaya müdaxiləsinin Cənubi Qafqaz regionuna hansı təsirləri var? Rusiyanın ilkin məqsədlərinə çata bilməməsi və Moskva qüvvələrinin Ukrayna qüvvələri tərəfindən sıxışdırılması ilə bu, Rusiyanın post-sovet adlandırılan məkanda təsirini zəiflədə bilərmi? Bu, region ölkələrinin, xüsusilə də Cənubi Qafqaz ölkələrinin xarici siyasətinə necə təsir göstərə bilər?

Lyuk Koffi: Bu, artıq Rusiyanın Cənubi Qafqazdakı təsirinə təsir göstərib və hesab edirəm ki, bunu son vaxtlar Qarabağ ətrafında və Ermənistan Azərbaycan dövlət sərhədi boyunca baş verən hadisələr göstərir.

Rusiya belə görünür, İkinci Qarabağ müharibəsinə son qoyan 2020-ci ilin noyabrında üçtərəfli atəşkəs sazişinin şərtlərini yerinə yetirmək iqtidarında deyil və ya bunu istəmir və nəticədə Ermənistan və Azərbaycan Rusiyanın daha çox təsiri və vəziyyətə daha çox nəzarəti olsaydı edə bilməyəcəkləri bəzi şeyləri etmək üçün daha çox manevr imkanlarına malik olduğu kimi hiss edirlər.

Düşünürəm ki, Rusiyanın Ukraynaya müdaxiləsi Rusiya silahlı qüvvələri üçün fəlakət oldu, Rusiyanın keçmiş sovet məkanının böyük bir hissəsində nüfuzu və gücü üçün fəlakət oldu. Düşünürəm ki, bu, həm də 2025-ci ildə birinci mandat bitdikdən sonra Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin çıxmasına gətirib çıxaracaq və hesab edirəm ki, bu, Brüssel və Vaşinqton üçün Ermənistan və Azərbaycan arasında sülhün nizamlanması prosesində daha böyük rol oynaması üçün imkan yaradır. Hər iki tərəfin münasibətləri normallaşdırması hər kəsin marağındadır və bu, bütün Cənubi Qafqaz regionuna daha çox sabitlik və iqtisadi rifah gətirə bilər. Mən Rusiyanın hazırda bu prosesdə əsas rol oynadığını görmürəm. Təbii ki, onların həmişə rolu olacaq. Onlar həmişə müəyyən təsirə malik olacaqlar, lakin keçən ilin fevralından əvvəl olduğu kimi təsir göstərə bilməyəcəklər.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG