Accessibility links

Şarl Mişel İlham Əliyev və Nikol Paşinyanla təkbətək görüşlər keçirib


İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan bugünkü üçtərəfli görüşdən əvvəl
İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan bugünkü üçtərəfli görüşdən əvvəl

Azərbaycan prezidenti İlham Əliyev mayın 14-ü Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə görüşüb. Görüş Aİ, Azərbaycan və Ermənistan liderləri arasında bu gün keçiriləcək üçtərəfli görüşdən əvvəl baş tutub.

Azərbaycan Prezidentinin mətbuat xidmətinin verdiyi məlumata görə, hər iki tərəf Azərbaycan və Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin Brüssel formatının bərpası ilə bağlı məmnunluqlarını ifadə ediblər. Prezident İlham Əliyev Şarl Mişelə bu istiqamətdə göstərdiyi səylərə görə minnətdarlığını bildirib.

Mayın 14-ü İlham Əliyev və Şarl Mişel Brüsseldə təkbətək görüş keçirib
Mayın 14-ü İlham Əliyev və Şarl Mişel Brüsseldə təkbətək görüş keçirib

Görüş zamanı son aylar ərzində Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı baş verən hadisələr, Vaşinqton danışıqları, Azərbaycan-Ermənistan sərhədində vəziyyət, habelə bu gün keçiriləcək üçtərəfli görüşün gündəliyi müzakirə olunub.

Aİ Şurasının prezidenti Şarl Mişelin mayın 13-ü axşam saatlarında Nikol Paşinyanla təkbətək görüşü baş tutub. Ermənistan Baş Nazirinin mətbuat xidmətinin yaydığı məlumata görə, tərəflər qeyri-rəsmi görüşdə regiondakı hərbi-siyasi və humanitar vəziyyətlə bağlı fikir mübadiləsi aparıb, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması ilə bağlı məsələləri müzakirə ediblər.

Mayın 13-ü Nikol Paşinyan və Şarl Mişel Brüsseldə təkbətək görüş keçirib
Mayın 13-ü Nikol Paşinyan və Şarl Mişel Brüsseldə təkbətək görüş keçirib

Tərəflər iyunun 1-də Kişinyovda Avropa Siyasi Birliyinin Sammiti çərçivəsində Aİ, Azərbaycan, Ermənistan liderləri arasında, o cümlədən Fransa prezidenti Emmanuel Makron və Almaniyanın kansleri Olaf Şoltsun da iştirakı ilə beştərəfli görüşün keçirilməsinin vacibliyini vurğulayıblar.

Bu gün mayın 14-də Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında Aİ Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə üçtərəfli görüş baş tutacaq. Bu, Brüssel formatında beşinci görüş olacaq.

Daha əvvəl Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə Şarl Mişelin vasitəçiliyi ilə dörd görüş baş tutub. İlk görüş 14 dekabr 2021-ci ildə, ikinci görüş 6 aprel 2022-ci ildə, üçüncü görüş 23 may 2022-ci ildə, son görüş isə 31 avqust 2022-ci ildə keçirilib.​

XS
SM
MD
LG