Mayın 19-da Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında ikitərəfli və üçtərfli formatda görüş keçirlib.
Sergey Lavrov əvvəlcə Azərbaycan və Ermənistan nazirləri ilə təkbətək, sonra üçtərəli formatda görüşüb. Bundan sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri ikitəfəli formatda danışıqları davam etdirib. Görüşlərlə bağlı nazirlərin bəyanatlarını Rusiya Xarici İşlər Nazirliyi sosial media hesablarında canlı yayıb.
Sergey Lavrov nazirlərlə görüşdən sonra bildirib ki, görüşlərin əsas mövzusu Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasıdır.
İkitərəfli görüşlərdə nazirlər ikitərəfli münasibətlərə dair məsələlərə də toxunub.
Sergey Lavrovun sözlərinə görə, Moskva "Rusiya və Azərbaycan liderlərinin əvvəllər əldə etdikləri bütün razılaşmaların həyata keçirilməsinə tərəfdardır". Eyni zamanda, o, "Şimal-Cənub" nəqliyyat dəhlizini qeyd edib.
Ceyhun Bayramov Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi, bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı olduğunu, sülh sazişinin razılaşdırılmasının və imzalanmasının əhəmiyyətini vurğulayıb.
O, Azərbaycan tərəfi normallaşmanın digər istiqamətləri, belə ki, Azərbaycanla Ermənistan arasında ikitərəfli əsasda sərhədin delimitasiyası üzrə danışıqlarda, eləcə də nəqliyyat-kommunikasiyaların açılması prosesi üzrə Azərbaycanın mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb.
Nazir eyni zamanda Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə, habelə Ermənistan tərəfindən qəbul edilmiş öhdəliklərə zidd olaraq erməni silahlı qüvvələrinin hələ də tam olaraq Azərbaycan ərazisindən çıxarılmamasının ciddi təhdid mənbəyi olduğunu vurğulayıb.
Lavrovun Mirzoyanla görüşü zamanı rusiyalı nazir deyib ki, üçtərəfli görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin "sülh müqaviləsi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyasına dair bütün məsələlər" üzrə əldə etdikləri üçtərəfli razılaşmaların reallaşması müzakirə olunacaq.
Bütün bu istiqamətlər üzrə irəliləyişə nail olmaq "Qafqazda sabitlik üçün əsas şərtdir", Lavrov qeyd edib.
Onun sözlərinə görə, Rusiya bütün bunlarda Qafqazda "tarixi rol oynayır və ən ciddi maraqlara malikdir".
Öz növbəsində, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanı üçtərəfli razılaşmaları pozmaqda, Laçında nəzarət-buraxılış məntəqəsi qurmaqda və Ermənistan ərazisinə daxil olmaqda ittiham edib. Eyni zamanda, Ermənistanın nizamlanma üzrə danışıqlara hazır olduğunu deyib.
Nazirlərin üçtərəfli görüşündən sonra Sergey Lavrov bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi və bu gün müzakirə edilən bir sıra maddələrə dair hər iki tərəfin düşüncələrini ortaq baxışa yaxınlaşdırmaq mümkün olub. Onun sözlərinə görə, danışıqların ayrıca mövzusu sülh müqaviləsidir.
“Tərəflər bunun üzərində işləməyə başlayıblar və hazırda o, digər vasitəçilərin də iştirakı ilə fəal şəkildə müzakirə olunur. Ermənistan və Azərbaycan nazirləri Vaşinqtona səfər ediblər, Ermənistan və Azərbaycan liderləri bir həftə əvvəl Brüsseldə olublar. Sülh müqaviləsi üzərində iş, əlbəttə ki, fundamental məsələdir. Amma bizim tərəfdaşlarımız bu gün təsdiqləyiblər ki, delimitasiya məsələləri həll edilmədən, nəqliyyat və kommunikasiya əlaqələri açılmadan sülh müqaviləsinin konkret aspektləri üzrə irəliləmək çətindir”, o qeyd edib.
Lavrovun sözlərinə görə gələn həftə baş nazir müavinlərinin rəhbərliyi altında üçtərəfli qrupun nəqliyyat kommunikasiyalarının açılması məsələlərinə dair görüşü keçirilməlidir.
"Konkret nəticəyə ümid edirik, tərəflər artıq yekun razılaşmaya yaxındır və yaxın gələcəkdə Rusiya Federasiyasının iştirakı ilə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiyanın iclasını keçirməyə razılaşdılar", o qeyd edib.
Azərbaycan Xaricvi İşlər Nazirliyi bildirir ki, nazirlər Ceyhun Bayramov və Ararat Mirzoyan ikitərəfli görüş zamanı Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatlarının icrası ilə bağlı mövqelərini təqdim edib.
“Tərəflər “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi üzərində işi davam etdiriblər. Tərəflər arasında hələ də fikir ayrılıqlarının mövcud olduğu mövzular ətrafında konstruktiv fikir mübadiləsi aparılıb.
Nazirlər Azərbaycan və Ermənistan arasında danışıqların təşkilinə görə Rusiya tərəfinə minnətdarlıqlarını bildiriblər. Tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər”, məlumatda qeyd edilir.