Accessibility links

ABŞ Dövlət katibi Azərbaycan xalqını təbrik edib


Antoni Blinken (Rəsmi foto. Mənbə Dövlət Departamenti)
Antoni Blinken (Rəsmi foto. Mənbə Dövlət Departamenti)

ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan xalqını Müstəqillik Günü münasibəti ilə təbrik edib.

Dövlət katibinin təbrikində deyilir: "Amerika Birləşmiş Ştatları adından Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm. Biz ortaq ikitərəfli prioritetlərimizin inkişafı üçün Azərbaycanla davamlı əməkdaşlığımızı yüksək qiymətləndiririk. 31 ildən artıqdır davam edən ikitərəfli əlaqələrimiz dönəmində ABŞ ümumi təhlükəsizlik maraqları, enerji əməkdaşlığı və iqtisadi artıma əsaslanan davamlı tərəfdaşlıq qurmaq üçün Azərbaycanla sıx əməkdaşlıq edib. Bu əməkdaşlıq Azərbaycan Konstitusiyasına uyğun demokratik inkişaf öhdəliyi, eləcə də insan hüquq və əsas azadlıqlarına hörmətlə yanaşı getməyə davam edəcək. Mən Birləşmiş Ştatların Azərbaycanın müstəqilliyinə və suverenliyinə dəstəyini bir daha təsdiqləyirəm və gələcək illərdə ABŞ-Azərbaycan münasibətlərinin dərinləşməsini səbirsizliklə gözləyirəm.

Birləşmiş Ştatlar, həmçinin Azərbaycan və region üçün davamlı sülhün təmin edilməsinə kömək istiqamətində əməkdaşlığın davam etdirilməsini səbirsizliklə gözləyir. Biz Cənubi Qafqazda yaşayanların hamısı üçün daha yaxşı gələcək naminə bu məqsədi dəstəkləməyə tam sadiqik", təbrikdə qeyd edilir.

Xatırladaq ki, daha öncə mayın 20-də ABŞ Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə 28 May - Müstəqillik Günü münasibəti ilə təbrik məktubu göndərib.

"Azərbaycanla Birləşmiş Ştatlar arasındakı tərəfdaşlıq regionda inkişafı təmin edib. Biz birlikdə terrorizmlə mübarizə aparır, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirlər görür və kütləvi qırğın silahlarının yayılmasının qarşısını alırıq. Xüsusən, Rusiyanın Ukrayna xalqına qarşı qəddar müharibəsi dövründə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində biz bir yerdə olmuşuq. Birləşmiş Ştatlar Cənubi Qafqazda gələcək nəsillər üçün təhlükəsizlik və inkişafı təşviq edəcək, Azərbaycanla Ermənistan arasında dayanıqlı və ədalətli sülhü dəstəkləmǝyǝ davam edəcəkdir.

Qarşıdan gələn ildə təhlükəsizlik və iqtisadi əməkdaşlığımızın dərinləşdirilməsi də daxil olmaqla, tərəfdaşlığımızı daha da gücləndirməyi həvəslə gözləyirəm. Sizə sevincli və firavan Müstəqillik Günü arzu edirəm", ABŞ Prezidentinin təbrikində deyilir.

XS
SM
MD
LG