Accessibility links

Etibar Məmmədov: Demokratiya dəyərləri “devalvasiya”ya uğrayıb [Video-Müsahibə]


Etibar Məmmədov: Demokratiya dəyərləri “devalvasiya”ya uğrayıb
please wait

No media source currently available

0:00 0:07:07 0:00

Azərbaycan xalq hərəkatının liderlərindən olan Etibar Məmmədov Milli Dirçəliş Günündən danışıb

Azərbaycan xalq hərəkatının liderlərindən Etibar Məmmədov Amerikanın Səsinə müsahibəsində Milli Dirçəliş Gününün ölkəyə gətirdiyi yeni dəyərlərdən danışıb.

Amerikanın Səsi: 1988-ci ilin 17 noyabrında başlanan xalq hərəkatı Azərbaycana hansı yeni dəyərlər gətirib?

Həmin dövrdə camaat meydanlara çıxdı və millətin birləşməsi prosesi baş verdi.

Etibar Məmmədov: Əvvəla milli şüurun oyanma prosesi baş verdi. Milli şüurun oyanma prosesi əvvəldən də gedirdi. Ancaq həmin dövrdə camaat artıq küçələrə çıxdı, meydanlara çıxdı və millətin birləşməsi prosesi baş verdi. Yəni milli birlik dəyər kimi ortalığa çıxdı. Müstəqillik uğrunda mübarizənin vacib olması fikri artıq hakim bir fikrə çevrildi. Azərbaycanın müstəqilliyinin əldə olunması üçün yolun başlanğıcı oldu. Bütün millət ideya ətrafında birləşməyi, fəaliyyət göstərməyin zəruriliyini hiss elədi. Və həmən zərurətin istiqamətində də hərəkət eləməyə başladı.

Amerikanın Səsi: 17 noyabr ölkədə Milli Dirçəliş Günü kimi qeyd edilir. Xalq hərəkatı zamanı irəli sürülən “müstəqillik, demokratiya və insanlara hürriyyət” dəyərlərinə hazırda münasibət necədir?

Artıq müstəqil dövlətə çevrilən Azərbaycan Respublikasında keçmiş nomenklatura yenidən hakim mövqelərini bərpa etməyi bacardı. Həmin nomenklatura üçün milli azadlıq, demokratiya, başqa hüquqlar, dəyərlər vacib deyil. Bunlar üçün vacib olan dəyərlər ancaq öz mənafeləridir.

Etibar Məmmədov: 17 noyabrda başlayan hərəkat sonrakı mərhələdə azadlıq hərəkatına, milli azadlıq hərəkatına çevrildi. İlkin mərhələdə olan şüarlar hələ mərkəzdən, yəni Moskvadan Azərbaycan üçün hansısa hüquqların bərpa olunması və yaxud da hansısa hüquqların həyata keçirilməsi tələbi ilə irəli sürülmüşdü. Sonrakı mərhələdə isə artıq Moskvadan nəyisə istəməyin əbəs olduğunu ortalığa çıxardı və yolun ancaq azadlıq, milli müstəqillik yolu olduğu millətin beynində təsdiqləndi. Ona görə də həmin dövrdə irəli sürülən şüarlar milli azadlıq, milli müstəqillik şüarları idi. Həmin dövrdə irəli sürülən şüarlar milli azadlıq hərəkatının əsasını təşkil etdi və ikinci mərhələdə milli azadlıq hərəkatı dövründə təşkilatlanma prosesi oldu və həmən təşkilatlanma prosesi böyük hərəkata, tətil hərəkatına gətirib çıxardı ki, Sovet Sosialist Respublikalar İttifaqının (SSRİ) köklərini laxlatdı. SSRİ bu hərəkatlar nəticəsində dağıldı və Azərbaycan müstəqil dövlətə çevrildi. Həmin hərəkatda iştirak edən vaxtlar bütün millət bu hərəkatın ideyalarını qəbul etsə də hakim nomenklatura sonradan öz rəngini dəyişərək hərəkata uyğunlaşmağı bacardı. Artıq müstəqil dövlətə çevrilən Azərbaycan Respublikasında keçmiş nomenklatura yenidən hakim mövqelərini bərpa etməyi bacardı. Həmin nomenklatura üçün milli azadlıq, demokratiya, başqa hüquqlar, dəyərlər vacib deyil. Bunlar üçün vacib olan dəyərlər ancaq öz mənafeləridir. Ona görə də bu gün həmin dəyərlərin qiymətdən düşməsi prosesi baş verib. Təəssüf hissi doğuran odur. Həmin dəyərlərə hakim məmurlar tərəfindən hörmətsizlik olur. Bu da bəzi şeylərin unudulması nəticəsində baş verir. Ancaq mənim fikrimcə, bu, müvəqqəti prosesdir və millətin yeni yaratdığı öz dövlətinə inamını gücləndirmək nəticəsində bu dəyərlərin bərpa olunmasına biz nail ola biləcəyik.

Ameirkanın Səsi: Xalq hərəkatı dövründə formalaşan parlamentlə indiki parlamentin fərqli və oxşar cəhətlərini necə müqayisə edərdiniz?

Öz rəngini dəyişən, yenidən hakimiyyətin əsas strukturlarını ələ keçirən keçmiş nomenklatura nəticə çıxardı və bunun üçün indi parlamentə müstəqil fikirli insanların buraxılmasına hər vəchlə mane oldular.

Etibar Məmmədov: Xalq hərəkatı dövründə formalaşan parlament, 90-cı illərdə formalaşan parlament idi. O zaman hakim olan həmin nomenklatura xalq hərəkatı nümayəndələrini parlamentə buraxmağa məcbur oldu. Kiçik bir qrup parlamentdə öz fəaliyyəti ilə çoxluğun üzərində diqtə etməyi bacardı və nəticədə həmin müstəqillik hərəkatını öz məntiqi nəticəsinə gətirib çıxardı. Azərbaycanın dövlət müstəqilliyi haqqında konstitusiya qanunu qəbul olundu və demokratikləşdirmə istiqamətində bir çox qərarlar da qəbul olundu.

Dediyim kimi, öz rəngini dəyişən, yenidən hakimiyyətin əsas strukturlarını ələ keçirən keçmiş nomenklatura nəticə çıxardı və bunun üçün indi parlamentə müstəqil fikirli insanların buraxılmasına hər vəchlə mane oldular. Yəni indiki parlamentin fərqi odur ki, müstəqil fikirli bəzi adamlar olsa da öz fikirlərini demək imkanları yoxdur. Fərq ancaq bundan ibarətdir.

Amerikanın Səsi: Xalq hərəkatının tarixi dərsləri nədir? Bu gün xalq həmin dəyərlər uğrunda mübarizədə birləşə bilirmi?

Demokratiya uğrunda olan qüvvələr birinci nöbvədə həmin dəyərlərin xalqa çatdırılması ilə və xalq tərəfindən qəbul olunması ilə məşğul olmalıdırlar. Qəbul olunmayan dəyərlərin uğrunda mübarizə olmur.

Etibar Məmmədov: Mənim fikrimcə, xalq hərəkatının tarixi dərsi ondan ibarətdir ki, bir çox hərəkat iştirakçıları, xalqın özü də müstəmləkə dövü ilə müstəqil dövlətin dövründəki məqsədləri və vasitələri qarışıq salıb. Yəni onların özləri də başa düşmürlər ki, xarici düşmənə qarşı istifadə olunan mübarizə metodlarından daxili mübarizədə istifadə oluna bilməz. Müstəqillik uğrunda bütün qüvvələr birləşə bildiyi halda demokratiya uğrunda birləşə bilməz. Demokratiya uğrunda olan qüvvələr birinci nöbvədə həmin dəyərlərin xalqa çatdırılması ilə və xalq tərəfindən qəbul olunması ilə məşğul olmalıdırlar. Qəbul olunmayan dəyərlərin uğrunda mübarizə olmur. Milli azadlıq dəyərləri bütün millət tərəfindən qəbul olunurdu, demokratiyanın dəyərləri isə təəssüf ki, kiçik bir dövr ərzində devalivasiyaya uğradı və insanlar demokratiyanı yanlış şəkildə anlamağa başladı. Ona görə də onun ətrafində birləşmək ehtimalları azdır. Ancaq əsas məsələ ədalət meyarı, prinsipləri uğrunda birləşməkdir. Yəni, insanlar birinci növbədə ədalət tələb eləyir və dövlətdən ədalət istəyirlər. Ona görə də insanlar birinci növbədə dövlətdən inciməməlidirlər. Dövləti özününki qəbul etməlidirlər. Dövləti özününki qəbul edəndən sonra nəyisə tələb edə bilərlər. Dövləti yad hesab eləyəndə, bəzi hallarda ona düşmən kimi baxanda nəticələr əldə olunmur. Mənim fikrimcə, əsas işlər buna yönəldilməlidir.

XS
SM
MD
LG