Noyabrın 17-i Azərbaycanda Milli Dirçəliş Günüdür. Milli Dirçəliş Günü 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda “Azadlıq” meydanında başlayan milli-azadlıq hərəkatı-mitinqləri ilə bağlıdır. Həmin mitinqlərin iştirakçısı olmuş Azərbaycan Xalq Hərəkatının liderlərindən biri olmuş Etibar Məmmədov Amerikanın Səsinin Amerika icmalı proqramında müsahibəsində Milli Dirçəliş Gününün əhəmiyyəti və tarixi dərsləri haqda danışıb.
Xalqın birliyi
“Azərbaycan xalqının milli-azadlıq hərəkatında müəyyən bir mərhələni biz yada salmalıyıq. Həmin mərhələ ilk dəfə böyük kütləni, yəni kütləvi şəkildə insanların öz istəkləri ilə bir yerlə toplaşması və Azərbaycanın mənafelərinə uyğun siyasətin həyata keçirilməsini tələb etməsi hadisəsi oldu. Bunlar hamısı 1988-ci ildə Dağlıq Qarabağ probleminin başlaması ilə əlaqədar oldu. Yəni Dağlıq Qarabağ Muxtar vilayətinin müəyyən qurumlar tərəfindən Azərbaycanın tərkibindən çıxıb Ermənistanın tərkibinə keçmək haqqında müraciətlərindən sonra Azərbaycanda həmin hərəkatın yeni bir mərhələyə keçməsi prosesi başladı və 17 noyabr isə həmin hadisələrin başlangıcından sonra hərəkatın kütləvi xarakter almasının ilkin nümunəsi oldu. O vaxta qədər Azərbaycanın ziyalıları içərisində, Azərbaycanın tələbələri içərisində, ümumiyyətlə sıravi azərbaycanlılar içərisində, fəhlələr içərisində, kəndlilər içərisində bu məsələlər müzakirə olunurdu ki, nəyə görə Azərbaycan hakimiyyəti onun ərazisinə iddia edən qonşu Ermənistan və onun Dağlıq Qarabağdakı nümayəndələrinə qarşı heç bir tədbir görə bilmir və hər şeyi mərkəzdən gözləyir. Mərkəzin siyasəti isə lap əvvəldən ermənilərin mənafeyinə uyğun həyata keçirilməyə başlamışdı və bu ermənilərin hərəkatından narazılıq, sonra mərkəzdən narazılıq, sonunda yerli hakimiyyət, yəni Azərbaycan Kommunist partiyasının rəhbərliyi və Azərbaycan hökumət orqanlarından narazılığa gətirib çıxardı. Və bunun da ən böyük nümunəsi 17 noyabrda meydanda kütləvi mitinqlərin başlaması hadisəsi oldu. Həmin mitinqlərin başlaması hadisəsinə ilk qığılcım isə Şuşanın ətəyində olan Topxana meşəsində Ermənistanın Kanaker alüminium zavodunun bir filianının tikiləməsi təşəbbüsü oldu. Baxmayaraq ki, həmin ərazi Azərbaycanın idi, Ermənistanın rəhbərliyi orada zavod tikilməsi, onun filianının tikilməsi haqqında qərar çıxarmışdı. Azərbaycan hakimiyyəti isə buna qarşı heç bir tədbir görə bilmədi və acizlik göstərdi. Və bundan narazı olaraq böyük bir kütlə, yəni Azərbaycan tələbələrinin təşəbbüsü ilə meydanda toplaşdı. Sonra tələbələrin təşəbbüsünə digər təbəqələr də qoşuldu və çox qısa bir müddətdə bu, çox kütləvi bir hərəkata çevrildi.”
Azadlıq idealları
“Tarixin bütün dövrlərinə nəzər salsanız, tarixçilər bunu yaxşı bilər, bəzi milli azadlıq hərəkatlarından sonra milli azadlıq hərəkatına rəhbərlik etmiş insanların hakimiyyətə gəlməsi və həmin missiyanı yerinə yetirə bilməməsi xəyal qırıqlığına gətirib çıxarır və ondan sonra həmin hərəkatın ideallarına da müəyyən tərəddüdlü baxışlar əmələ gəlir. Və ona görə də bu, təbii prosesdir. Yəni bütün ölkələrdə bu, ola da bilər, olmaya da bilər. Təəssüf ki, Azərbaycanda bu hadisə baş verdi. Yəni həmin hadisələrin sonunda xalq hərəkatı nümayəndələrinin hakimiyyətdə o qədər də səriştəli olmamaları və əldə etdikləri hakimiyyəti qoruya bilməmələri və eyni zamanda, həmin hakimiyyət dövründə bir çox qanun pozuntularının, dərəbəyliyin olması və qanunları vaxtı-vaxtında yerinə yetirə bilməməsi xaosa gətirib çıxardı ki, ona görə də insanlar demokratiya deyəndə həmin dövrü yada salırlar. Ona görə də bir az xəyal qırıqlığı yaranır. Və yaxud da müstəqillik deyəndə sabitliklə müstəqilliyi müqayisə edirlər ki, müstəqillikdən əvvəl daha sabit, `ac da olsaq daha sabit bir vəziyyətdə yaşayırdıq`. Yəni bu cür fikirlər cəmiyyətdə olacaq. Ancaq bunları aradan qaldırmaq üçün də fəaliyyət göstərmək lazımdır. Və siyasi fəaliyyət, insanların maariflənməsiI, siyasi maariflənməsi fasiləsiz həyata keçirilməlidir. Burada fasiləyə yol vermək olmaz. Fasiləyə yol vermək həmin durğunluğa gətirib çıxarır, bir çox məsələlərin, haqlı məsələlərin də haqsız durumuna gətirib çıxmasına səbəb olur və yaxud da həmin hadisələrin fövqündə baş verən digər hadisələri bura calamaqla həmin hadisələri təhrif olunmuş şəkildə qələmə verməyə gətirib çıxarır.”
Hərəkat liderləri Azərbaycanı necə görmək istəyirdi
“Milli azadlıq hərəkatı ilə siyasi təşkilatları bir-biri ilə qarışdırmayaq. Milli azadlıq hərəkatında bütün təbəqələr iştirak edə bilər. Dinçisi də iştirak edir, ateisti də iştirak edir. Kapitalisti də iştirak edə bilər, sosialisti də iştirak edə bilər, kəndlisi də, fəhləsi də, hamı iştirak edə bilər. Yəni burada ümumi bir dəyər olur: millətin azad olması, milli azadlığın əldə olunması. Bu ideya ətrafında hamı birləşə bilər. Amma sonra, bu hədəfə çatandan sonra, bu milli azadlığı əldə edəndən sonra ikinci bir mərhələ başlayır ki, milli azadlığı əldə edəndən sonra bu müstəqil dövlətin inkişafı yollarına artıq müxtəlif baxışlar əmələ gəlir. Dinçi deyə bilər ki, dini dövlət quraq, dini dəyərlər daha birinci sırada olsun. Ateist deyə bilər ki, kommunist rejimi yaradaq, müstəqil kommunist rejimi olsun. Başqaları da başqa təkliflər irəli sürə bilərlər. Ona görə də milli azadlıq hərəkatı ancaq ideyaya çatana qədər birliyi təmin edə bilir. İdeyaya çatandan sonra isə müstəqil dövlətin tərkibində demokratiyanın olub-olmaması, iqtisadi azadlıqların olub-olmaması, dini azadlıqların olub-olmaması artıq həmin yerdə, həmin dövrdə yaşayan insanların üzərinə düşən vəzifə olur.”
Tələbələr və gənclər
“Hazırkı gəncliyi bəzən çox şeydə qınayırlar, gəncliyi passivlikdə ittiham edirlər. Ancaq dövr dəyişəndən sonra da hər dövrün öz tələbləri var. Müasir dövrdə siyasi proseslər ümumiyyətlə, 30 ildən bundan qabaqkı kimi olmur. 30 ildən bundan qabaq radio, televiziya mərkəzləşmiş şəkildə idi, cəmi bir-iki kanal var idi. Mətbuat ancaq kağız mətbuatı idi. Rabitə vasitələri olduqca zəif idi. Ona görə də insanlar bir-birilərinin fikirlərini eşitmək üçün iclaslara toplaşmalı idilər, mitinqlərə toplaşmalı idilər və yaxud başqa şəkildə bir-birilərinə fikirlərini çatdırmalı idilər. İndi isə müasir texnologiyalar təkmilləşəndən sonra bir insanın fikirini digərlərinə çatdırmaq üçün bir düyməyə basmaq kifayətdir ki, onun bütün sosial şəbəkələr vasitəsilə nə fikirləşdiyini başqalarına çatdıra bilsin. Ona görə də çoxu evdə oturub o fəaliyyətini göstərir, digərləri ilə heç görüşməmiş də öz fikirlərini çatdıra bilir. Əlbəttə bu, diskomfort yaradır. Bəzən insanlar elə fikirləşirlər ki, onların ideyaları hamı tərəfindən qəbul olunmur, çünki kütləni bir yerə yığmaq olmur. Yəni ümumi tənbəllik əmələ gəldi ki, `mən bu fikirləri evdə oturaraq da çatdıra bilərəm, nəyə görə mən gedib hansısa iclasda iştirak etməliyəm və yaxud da ki hansısa toplantıda olmalıyam`. Yəni dövr fərqli dövrdür. İkinci tərəfdən, bugünkü dövrdə tələbələrə qarşı repressiv tədbirlərə əl atılır. Onlar hər hansı siyasi meylliliyə görə cəzalandırılırlar. Bu, açıq şəkildə olur ali məktəblərdə, orta-ixtisas məktəblərində. Təbii ki, bu, yolverilməzdir. Gənclərə sərbəstlik vermək lazımdır ki, fikirlərini irəli sürə bilsinlər, öz fikirlərini müzakirə edə bilsinlər və öz fikirlərini başqalarına çatdıra bilsinlər. O baxımdan mən belə fikirləşirəm ki, bizim gənclərin potensialı böyükdür və onlar axır bir yolun tapıb o potensialın üzə çıxmasına nail ola biləcəklər. 30 il bundan əvvəl də ali məktəblərdə, orta-ixtisas məktəblərində tələbələr hamısı sıxılmış vəziyyətdə idi. Hər hansı adamın kənara addım atması dərhal qeyd olunurdu və onlara qarşı da tədbirlər görülürdü. Ancaq belə bir zaman gəldi çatdı ki, bu fikirlər ümumi cəmləşəndən sonra və ümumi kütləvi xarakter alandan sonra artıq onun qarşısını almaq mümkün olmadı. Ondan sonra da onları təqib edən müəllimlər özləri də həmin tələbələrə qoşulub meydana gəlməyə məcbur oldular.”
Milli hərəkatın tarixi dərsləri
“Bəzən Milli azadlıq hərəkatını və yaxud da milli azadlıq hərəkatının ilkin dövründə hakimiyyət dəyişikliyini tənqidi baxımdan çox müzakirə edirlər. Səriştəsizlikdə ittiham edirlər, səviyyənin aşağı olmasında ittiham edirlər. Müxtəlif şeylərdə ittiham edə bilərlər. Ancaq bunların da obyektiv səbəbləri var idi. Bu obyektiv səbəblər ondan ibarət idi ki, Azərbaycanda milli azadlıq hərəkatı başlayanda Azərbaycanın elitası bu hərəkata çox gec qoşuldu. Daha doğrusu, heç qoşulmadı da, sonra fakt qarşısında qalıb, ona qoşulmağa məcbur oldu. Həmin elitanın olmadığı yerdə, yəni bu insanlar-bu hərəkata gələn cavanlar harada səriştə qazana bilərdilər əgər onlar heç bir vəzifədə işləməmişlərdisə? Və onları ittiham edənlər də gəlib hərəkatda iştirak etmirdilər. Yəni başqa milli respublikalarda kommunist partiyasının rəhbərliyində olan insanlar o milli azadlıq hərəkatına qoşulduğu üçün hərəkatlar daha güclü oldu, keyfiyyət səviyyəsi daha yüksəyə qalxa bildi. Təəssüf ki, Azərbaycanda bir nəfər də olsun, partiya elitasına mənsub olan insanlardan bir nəfər də olsun hərəkata qoşulmadı. Aralarında bəziləri var idi, elə xəbər göndərirdilər, gizli əlaqə yaratmağa çalışırdılar, ancaq onlara təklif olunanda ki, üzə çıxsınlar, fikirlərini bildirsinlər və bu hərəkatın gedişində dönüş yaratsınlar özlərində o cəsarəti, qüvvəni tapa bilmədilər. Ona görə də həmin ittihamlar irəli sürülür və çox zaman da bunlar haqsız ittihamlardır. Və nəticədə də Azərbaycanda həmin milli azadlıq hərəkatından sonrakı dövrdə köhnə nomenklatura artıq müstəqillik dövründə yenidən hakimiyyəti ələ almağa nail oldu və müstəqil dövrdə həmin nomenklatura öz yerində qaldı və yerində qaldığı üçün idarəçilik metodlarında ciddi bir dəyişiklik olmadı. Həmin köhnə inzibati idarəçilik metodları yenidən tətbiq olunmağa başladı, ona görə də Azərbaycan bir çox məsələlərdə dünyanın digər inkişaf etmiş ölkələrindən geri qalır.”