Accessibility links

Azərbaycan Parlamenti "Müstəqillik Günü haqqında" qanun layihəsini qəbul etdi


Azərbaycan Parlamenti "Müstəqillik Günü haqqında" qanun layihəsini qəbul etdi
Azərbaycan Parlamenti "Müstəqillik Günü haqqında" qanun layihəsini qəbul etdi

Azərbaycanın Milli Məclisi oktyabrın 15-də keçirilən plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi 3-cü oxunuşda qəbul edilib.

Qanunun qəbul edilməsi ilə 28 May - Respublika Gününün və 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilib.

Mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib.

Həmin günlər isə hər il bayram kimi qeyd olunacaq. Müstəqillik Günü qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü isə iş günü olan bayram sayılacaq.

Milli Məclis
Milli Məclis

Bu layihə cəmiyyətdə müxtəlif insanların, xüsusilə müxalifətin narazılığı ilə qarşılanıb. Onlar, əsasən, Respublika Gününün adının dəyişdirilməsini tənqid edirlər.

Siyasi şərhçi Azər Qasımlı Amerikanın Səsinə bu qanun layihəsi ilə bağlı şərhində bildirib ki, Respublika sözünü və ona bağlı olan dəyərləri unutdurmaq istəyirlər .

Azər Qasımlı
Azər Qasımlı

“Digər tərəfdən də ADR tarixini təftiş etmiş olurlar ki, Azərbaycan tarixində özlərini, yəni Əliyev ailəsini ölkənin sahibi kimi göstərsinlər. Başqa məqsədləri yoxdur. Arqumentləri də manipulyasiyadır. Daha əvvəl addım addım qanunları dəyişib demokratik institutları məhdudlaşdırdılar. İndi də demokratik dəyərləri əks etdirən sözlərlə mübarizəyə başlayıblar. Bu qanun dəyişkiliyinin məğzi budur.”

Öz növbəsində Müsavat başqanı bir müddət əvvəl Facebook səhifəsində bu məsələyə toxunub. Onun fikrinə görə AXC-nin ən böyük özəlliyi isə bu dövlətin Respublika-Cümhuriyyət olmasıdır.

“Sələflərimiz, M.Ə. Rəsulzadə başda olmaqla 28 may günü Azərbaycan Xalq Cümhuriyyətini elan edib qısa müddət ərzində Güney Qafqazın əksər ərazilərində hüquqi, demokratik bir dövlət qurmağa nail oldular.

Elə bir dövlət ki, bu günkü Azərbaycan Respublikası da ötən əsrin əvvəlində qurulmuş həmin dövlətin bərqərar etdiyi dayaqlar üzərində dayanır.

Hədəfimiz həmin dövrdə mövcud olmuş dövlət quruluşuna nail olmaq və bu əsaslar üzərində dayanan dövləti inkişaf etdirməkdir.

Əliyev rejiminin Cümhuriyyət tariximizə "qayğı" göstərməsinin bir səbəbi Cümhuriyyət dəyərlərinin önəmini azalrmaqdırsa digər səbəbi bugünkü siyasi rəqiblərinin şərəfli mübarizəsini mübahisələndirməkdir.”

Arif Hacılı
Arif Hacılı

Onun fikrinə görə, hazırkı hakimiyyət Azərbaycan Xalq Hərəkatının əhəmiyyətini azaltmaq, gözdən salmaq, unutdurmaq istəyir.

“Əliyev rejimi 18 Oktyabr müstəqilliyimizin bərpası gününü, 18 oktyabra gətirib çıxaran Azərbaycan Xalq Hərəkatının əhəmiyyətini azaltmaq, gözdən salmaq, unutdurmaq istəyir. Çünki, milyonlarla Azərbaycan vətəndaşı dövlətimizin müstəqilliyi uğrunda mübarizə aparanda, 20 yanvar şəhidlərimiz həyatları bahasına rus tanklarının paytaxtımıza və ölkəmizin müxtəlif regionlarına daxil olmasının qarşısını almağa çalışanda Əliyevlər və onların ardıcılları kommunist rejiminin yenidən dirçəldilməsinə çalışır, sovet hökumətinə xidmət etdiklərinə görə fəxr etdiklərini (H.Əliyev) bəyan edir, şəxsi biznesləri ilə məşğul olurdular. Tarixi təhrif etmək, hətta müvəqqəti olraq unutdurmaq mümkündür, amma tarixi dəyişdirmək və əbədi olaraq unutdurmaq mümkün deyil. Azərbaycan ötən əsrin əvvəllərində M.Ə. Rəsulzadənin rəhbərliyi, Müsavat Partiyasının təşkilatçılığı və xalqın iradəsi ilə müstəqilliyini əldə edib, ötən əsrin sonunda Ə. Elçibəyin rəhbərliyi, İ.Əliyevin tez-tez təkrarlamağı xoşladığı terminlə desək, AXC-Müsavat birliyinin təşkilatçılığı, yenə də xalqın iradəsi ilə müstəqilliyinin bərpasına nail olub. 28 May və 18 Oktyabr tariximizin ən önəmli bayram günləridir.

Əliyev rejiminin hər hansı manevrlərindən asılı olmayaraq bu şərəfli günlər və dövlətimizin şərəfli tarixi siyasi liderlər olaraq M.Ə. Rəsulzadənin, Ə. Elçibəyin, siyasi təşkilatlar olaraq Müsavat Partiyasının və Azərbaycan Xalq Cəbhəsinin adı ilə bağlıdır.”

AXCP sədr müavini Seymur Həzi hesab edir ki, 28 may Respublika gününün adını dəyişərək Müstəqillik günü edilməsi Azərbaycanın həm tarixi baxımından dövlət quruculuğuna, dövlətçilik tarixinə mənfi münasibətdir.

Seymur Həzi
Seymur Həzi

“Bu tarixi bilməmək və ya bilərəkdən saxtalaşdırmaqdır. Çünki Azərbaycanın müstəqil dövlətləri olub. Ağqoyunlu dövləti olub, Qaraqoyunlu dövləti olub. Səfəvi dövləti olub. Azərbayan ərazisində Azərbaycan xalqının yaratdığı müxtəlif dövlətlər olub. Azərbaycan dövlətsiz bir xalq olmayıb. O dövrdə isə Azərbaycan müsəlman şərqində ilk respublikanı qurub. Ona görə 28 may bizim Müstəqillik tariximiz deyil, Respublika tariximizdir. Bizim müstəqil tariximiz qədimdir. Azərbaycan höküməti bu qərarı niyə qəbul elədi, çünki hökümət hesab edir ki, çünki Azərbaycan höküməti düşünür ki, Respublika dəyərlərini, sözünü nə qədər insanların zehniyyətindən silsə, nə qədər bu düşüncəni insanlardan uzaq tutsa o qədər onun üçün faydalı olar.”

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı "Turan"a bildirib ki, bayramların adının dəyişdirilməsinin arxasında hər hansı pis niyyətin olması ilə bağlı fikirlər cəfəngiyatdır: "28 may 1918-ci ildə Azərbaycan öz müstəqilliyinə qovuşub, müstəqil dövlət kimi fəaliyyətə başlayıb. Həmin gün başlanan bu müstəqillik iki il sonra bolşeviklərin işğalı nəticəsində sona çatıb. 1991-ci ildə (18 oktyabr) isə biz yenidən, bu dəfə əbədi olaraq müstəqilliyə qovuşmuşuq".

Fəzail Ağamalı
Fəzail Ağamalı

Deputat xatırladıb ki, Azərbaycan məhz 1991-ci ilin oktyabrında qəbul olunan Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı ilə özünü 1918-ci ildə yaradılan Azərbaycan Cümhuriyyətinin varisi elan edib: "Bu məntiqlə yanaşsaq, bu müstəqillik olmasaydı, hansı respublikadan söhbət gedə bilərdi? Azərbaycan Sovet Sosialist Respublikası da var idi. Ancaq o müstəqil deyildi".

Komitə üzvünün fikrincə, mayın 28-ni Müstəqillik Günü kimi qeyd etmək daha məntiqli, tarixi və doğrudur: "1991-ci ildə Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbulu da, əslində, Müstəqilliyin Bərpası Günü kimi qeyd olunmalıdır. Müstəqillik 1918-ci il mayın 28-dən başlayır və həmin gün tarixə belə də düşməlidir".

Milli Şuranın sədri, tarixçi Cəmil Həsənli isə bildirib ki, 1918-ci il mayın 28-də Respublikanın (Cümhuriyyətin) elan edilməsi Azərbaycan xalqının böyük tarixi nailiyyəti idi: "Buna görə həmin gün millətimizin tarixinə Respublika Günü kimi daxil olmuşdu. İndi onun adını dəyişdirib Müstəqillik Günü qoymaq istəyirlər. Səbəbsiz deyil".

Cəmil Həsənli
Cəmil Həsənli

Onun sözlərinə görə, Azərbaycanda 1990-cı ildən indiyə qədər mayın 28-i Respublika Günü kimi qeyd edilib: "İndi nə baş verib ki, "respublika" ifadəsindən imtina edirlər? Respublikanın alternativi monarxiyadır. "Respublika" sözünün mənası xalqa xidmət deməkdir. Faktiki olaraq Əliyevlər özlərinə, öz ailələrinə xidmət edir, ölkənin sərvətlərini şəxsi varlanmaq subyektinə çevirir, ofşor krallığı yaradıblar".

Milli Şuranın sədrinin fikrincə, milləti ailə monarxiyasına adaptasiya etmək istəyirlər:

"Bir şəxsin ömürlük prezidentliyinə qoyulan məhdudiyyətləri də addım-addım bu formada qaldırıb ömürlük bir şəxsin idarəçiliyinə yol açdılar. Bir ailənin əbədi idarəçiliyinə "hüquqi" zəmin yaratdılar. 28 May ölkəmizin taleyində və tarixində respublika üsul idarəsinin doğuşu günüdür, Respublikanın ad günüdür, təvəllüd tarixidir. İndi ölkəni bu tarixdən məhrum etmək istəyirlər. "Respublika" ifadəsindən imtina monarxiyanın rəsmiləşdirilməsinə yol aça bilər".

Bakının mənzərəsi
Bakının mənzərəsi

1918-ci il mayın 28-də iki il ömür sürən Azərbaycan Xalq Cümhuriyyəti yaranıb. 1991-ci il oktyabrın 18-də isə Müstəqillik haqqında Konstitusiya Aktı qəbul edilib. Sənəddə yazılıb ki, Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir.

Respublika Günü
Respublika Günü

1918-1991-ci illər arasında Azərbaycan SSRİ-nin tərkibində olub.

XS
SM
MD
LG