Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken Azərbaycan xalqını Müstəqillik günü münasibətilə təbrik edib.
“Bu il biz ABŞ və Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyini qeyd edirik. Azərbaycanın Sovet İttifaqından müstəqillik əldə etməsindən sonra keçən otuz il ərzində biz Avropanın enerji təhlükəsizliyinin təşviqində, transmilli təhdidlərlə mübarizədə, ikitərəfli ticarət və investisiyaların inkişafında güclü tərəfdaşlara çevrilmişik,” Blinken bəyanatında bildirib. O deyib ki, ABŞ Azərbaycanın terrorizmə və qeyri-qanuni ticarət şəbəkələrinə qarşı qlobal mübarizəyə verdiyi töhfələri, habelə Ukraynaya dəstəyini, xüsusilə humanitar yardımını dərindən qiymətləndirir.
Dövlət katibi bildirib ki, Birləşmiş Ştatlar "təkcə güclü iqtisadi əlaqələr vasitəsilə deyil, həm də xalqlararası əlaqələr vasitəsilə" əlaqələri genişləndirməkdə davam etməkdən qürur duyur.
“Minlərlə Azərbaycan və Amerika vətəndaşı birlikdə çalışıb və təhsil alıb və yenilik etmək, əməkdaşlıq etmək və bir-birindən öyrənmək imkanı əldə ediblər. Qarşıdakı illərdə əlavə minlərlə insanın bunu edəcəyini səbirsizliklə gözləyirik.”
Blinken həmçinin Azərbaycan konstitusiyasında nəzərdə tutulan insan hüquqlarını və əsas azadlıqlarını qoruyan islahatlarla demokratik inkişafa doğru addımların atılmasına çağırıb. “Biz Azərbaycan və Cənubi Qafqaz regionunda dinc, demokratik və firavan gələcəyin təşviqinə sadiqik və regiona uzunmüddətli hərtərəfli sülhün tapılmasına kömək etmək üçün ikitərəfli və həmfikir tərəfdaşlarla əməkdaşlıq etməyə hazırıq,” o deyib.
O bildirib ki, “qlobal qeyri-müəyyənliyin hökm sürdüyü bu çətin dövrdə Birləşmiş Ştatlar Azərbaycanın müstəqilliyini və suverenliyini, habelə Azərbaycan xalqının hüquq və azadlıqlarını dəstəkləməyə sadiqliyini bir daha təsdiqləyir.”