Accessibility links

Əbülfəz Elçibəyin irsi yad edilir


Əbülfəz Elçibəy
Əbülfəz Elçibəy

Avqustun 22-si Azərbaycanın Milli Azadlıq Hərəkatının lideri, müstəqillik bərpa olunduqdan sonra ikinci prezidenti Əbülfəz Elçibəyin anım günüdür. Onun vəfatından 22 il keçir.

Əbülfəz Elçibəyin anım günü ictimaiyyət tərəfindən və xüsusilə müxalif siyasi partiyalar tərəfindən qeyd edilir. Bazar ertəsi çox sayda insanlar Fəxri Xiyabana gələrək Azərbaycan xalq hərəkatının liderinin xatirəsini yad edib.

İsa Qəmbər
İsa Qəmbər

İsa Qəmbər: Əbülfəz Elçibəyin yolu Azərbaycanın demokratiya və istiqlal yoludur

Əbülfəz Elçibəyin prezidentliyi dövründə Milli Məslisin sədri olan İsa Qəmbər Amerikanın Səsinə müsahibəsində Əbülfəz Elçibəy haklimiyyəti dövrünün tarixi dərslərindən danışarkən deyib ki, Əbülfəz Elçibəyin yolu Azərbaycanın demokratiya və istiqlal yoludur.

“Biz bu yolu Rəsulzadə-Elçibəy=Müsavatçılıq yolu adlandırırıq. Diqqət etsəniz, Azərbaycanın hətta indiki hakimiyyəti dönəmində də hansısa uğurlar varsa, müsavatçılıq yolu ilə gedəndə olub. İndiki mərhələdə bizimi Azərbaycan olaraq ən böyük uğurumuz torpaqlarımızın bir hissəsini 44 günlük savaşda işğaldan azad etməyimizdir. Bu Azərbaycanda xalqın vahid məqsəd uğrunda toparlanması ilə mümkün olub. Vətən məsələsi, Qarabağ məsələsi Azərbaycan üçün elə bir məsələdir ki, bu məsələdə hər bir insan birliyə hazır olur. İkincisi də Azərbaycanın uğurları Türkiyə ilə mütəffiqlikdə olur. Bu da yenə müsavatçılıq yoludur, Rəsulzadə-Elçibəy yoludur. Azərbaycan Türkiyə ilə ittifaqda bu böyük uğuru qazana bilib.”

İsa Qəmbər: Əbülfəz Elçibəyin yolu Azərbaycanın demokratiya və istiqlal yoludur
please wait

No media source currently available

0:00 0:03:12 0:00

O hesab edir ki, Rəsulzadə-Elçibəy-Müsvatçılıq yolu Azərbaycanın çağdaş dünya ilə bütünləşmə, çağdaş dünyanın prinsipləri ilə, demokratiya yolu ilə irəliləməsidir.

“Hakimiyyət bu məsələlərə diqqət etməlidir və dərk etməlidir ki, bu yoldan kənarda heç bir uğur mümkün deyil. Bu həm xarici, həm də daxili siyasətə aiddir. Uğur da, qələbə də bu yoldadır. Bunu hakimiyyət dərk etməlidir,” İsa Qəmbər qeyd edib.

Milli Məclisin keçmiş sədri Əbülfəz Elçibəy hakimiyyəti dönəminin xarici siyasət kursunun tarixi dərsləri barədə sualın cavabında deyib ki, tarix Rusiya və İranın Azərbaycana qarşı mənfi, dost olmayan münasibətinin hansı qüvvənin hakimiyyətdə olması ilə bağlı olmadığını göstərdi.

“İndiki hakimiyyət bunu etiraf etməsə də, düşünürəm ki, hər halda dərk edir. Son dövrün hadisələri bunu açıq-aydın göstərdi. Düşünürəm ki, Elçibəy hakimiyyətinin Rusiya və İranla müəyyən məsafə saxlamaq, Türkiyə ilə mümkün qədər çox ittifaqa, birliyə nail olmaq və çağdaş dünya ilə bütünləşmək, çağdaş dünyanın prinsipləri ilə demokratiya və insan haqlarına sayğı ilə irəliləmək yolu uğurun yoludur. İnidki hakimiyyət bu barədə düşünməli və dərk etməlidir ki, uğur bu yoldadır,” o, qeyd edib.

AXCP sədri Əli Kərimli
AXCP sədri Əli Kərimli

Əli Kərimli: Əbülfəz Elçibəy Azərbaycan tarixinin şərəfli bir səhifəsidir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli bildirib ki, Əbülfəz Elçibəy Azərbaycan tarixinin şərəfli bir səhifəsidir.

“Zaman bizi ondan ayırdıqca cəmiyyət onu daha obyektiv qiymətləndirir. Əbülfəz Elçibəy 100 illər sonra da Azərbaycanın dövlət müstəqilliyinin bərpasına nail olmuş Xalq Hərəkatının lideri, xalq tərəfindən seçilmiş ilk prezident və qiyam yolu ilə devrilmiş prezident kimi xatırlanacaq. Gələcək nəsillər onun təmiz və təvazökar bir şəxsiyyət, Azərbaycan sevdalısı olduğunu da heç vaxt unutmayacaq,” o qeyd edib.

Eldeniz Quliyev
Eldeniz Quliyev

Eldəniz Quliyev: Əbülfəz Elçibəyin məkanı ürəklərdədir

İctimai xadim Eldəniz Quliyev Elçibəyi anarkın yazıb ki, dünyanın ən gözəl heykəltəraşı sevgidir.

“Heç bir istedadlı heykəltəraş sevgi qədər möhtəşəm heykəl yapmaq qüdrətinə deyil. Bilirsiniz niyə? Çünki sevgi öz "əsərlərini" birbaşa insanların qəlbinə həkk edir. Əbülfəz Elçibəy sevginin yaratdığı əbədi bir işıq heykəlidir ki, məkanı ürəklərdədir!” o qeyd edib.

Xatırlatma

Əbülfəz Elçibəy ötən əsrin 80-ci illərinin sonlarında başlanan milli azadlıq hərəkatının liderlərindən biri olub. O, SSRİ dönəmində, 1975-ci ilin yanvarında millətçi və antisovet təbliğatı aparmaqda günahlandırılaraq həbs edilib. Bir il sonra 1976-cı il iyulun 17-də azadlığa buraxılıb.

Əbülfəz Elçibəy Xalq Cəbhəsi təşkilatının sədri kimi 1992-ci il iyunun 7-də Azərbaycanın prezidenti seçilib.

1993-cü il iyunun 4-də ölkənin ikinci şəhəri Gəncədə baş verən silahlı itaətsizlikdən sonra o, hakimiyyəti itirib. Həmin il iyunun 17-dən 18-nə keçən gecə Elçibəy Bakını tərk edərək anadan olduğu Kələki kəndinə gedib, 4 il 4 ay orada yaşayıb.

O 2000-ci il avqustun 22-də 62 yaşında vəfat edib.

Əbülfəz Elçibəyin birillik hakimiyyəti daha çox ölkənin ali təhsil məktəblərinə qəbulda test üsulunun tətbiqi və Rusiya qoşunlarının Azərbaycandan çıxarılması ilə xatırlanır.

XS
SM
MD
LG