Accessibility links

ABŞ Brüssel görüşünü sülhə doğru irəliyə addım kimi qiymətləndirir


Vedant Patel VOA Turkish interview (archive photo)
Vedant Patel VOA Turkish interview (archive photo)

ABŞ Dövlət Departamenti mayın 14-də Brüsseldə Avropa İttifaqı, Azərbaycan və Ermənistan liderləri arasında keçirilən görüşə münasibət bildirib.

Bu barədə Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel mayın 15-də ənənəvi brifinqdə görüşün nəticələrinə dair Turan agentliyinin Vaşinqton müxbirinin sualını cavblandırıb.

“Mənim bununla bağlı heç bir əlavə qiymətləndirməm yoxdur. Mən iki tərəfin də yeniliklər barədə danışdığına ümid edirəm. Məlumdur ki, ABŞ bu danışıqların tərəfi olmayıb. Lakin Arlinqtonda ev sahibliyi etdiyimiz danışıqların davamı olaraq, hesab edirik ki, bu, irəliyə doğru mühüm addımlardır, çünki bu iki ölkə arasında davamlı sülhün mümkünlüyü qənaətinə gəlməyə davam edirik”, o bildirib.

Mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli formatda görüş keçirilib.

Görüşdən sonra Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel mətbuata bəyanatla çıxışında bildirib ki, fikir mübadiləsi səmimi, açıq və nəticəyönümlü olub və əsas diqqət Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yönəlib.

Mayın 1-dən 4-dək Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında dörd gün davam edən sülh danışıqları baş tutub.

ABŞ Dövlət katibi Antoni Blinken Vaşinqton görüşünün yekununda qeyd edib ki, danışıqların keçirildiyi günlər ərzində iki tərəf "çox mürəkkəb" məsələləri müzakirə edib və dayanıqlı sülh razılaşması istiqamətində "ciddi irəliləyişə" nail olublar.

"Biz yekun razılığa çox yaxınıq" , Blinken qeyd edib.

Vaşinqton görüşü barədə həm Azərbaycan, həm də Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatlarda sülh qurulması haqqında ikitərəfli saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılığın əldə edildiyi, lakin bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığı vurğulanıb.

Vaşinqton görüşündən sonra, Brüssel görüşü ərəfəsində mayın 10-dqan 13-dək Azərbaycan və Ermənistanın delimitasiya olunmamış sərhədində ağır silahlardan istifadə edilməklə qarşılıqlı atışmalar olub. Hər iki tərəfdən ölən və yaralananlar olub.

XS
SM
MD
LG