Accessibility links

Sergey Şoyqu: Qərb Qarabağ ətrafında Rusiyanın sülhməramlı siyasətini nüfuzdan salmağa çalışır


Sergey Şoyqu (Mənbə: Rusiya Müdafiə Nazirliyi)
Sergey Şoyqu (Mənbə: Rusiya Müdafiə Nazirliyi)

Qafqaz regionunda vəziyyət bir çox hallarda Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanma səviyyəsi ilə müəyyən olunur.

TASS agentliyinin məlumatına görə, bu fikirləri Rusiya müdafiə naziri Sergey Şoyqu Minskdə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclasında deyib.

Rusiyanın müdafiə nazirinin sözlərinə görə, Qərb Qarabağ ətrafındakı vəziyyətə müdaxilə etməyə, öz iştirakını artırmağa və Rusiyanın sülhməramlı siyasətini nüfuzdan salmağa çalışır.

O qeyd edib ki, Qərb üçün başlıca məsələ "uzunmüddətli perspektivdə regionda təhlükəsizliyi və tərəqqini təmin etmək deyil, Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqdır".

"Avropa İttifaqının sözdə mülki missiyası buna misaldır. Bu missiyanın tərkibinə hərbi qulluqçular və xüsusi xidmətlərin əməkdaşları daxil edilib. Düşünürəm ki, onların əslində nə ilə məşğul olmalarını izah etməyə ehtiyac yoxdur... Bununla bağlı KTMT-nin missiyasının regiona yönləndirilməsi üzrə işin davam etdirilməsini zəruri hesab edirik", Şoyqu bildirib.

Xatırladaq ki, Avropa İttifaqı Şurası bu il yanvarın 23-də Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) çərçivəsində Ermənistanda Avropa İttifaqının mülki missiyasının (EUMA) yaradılmasına razılıq verib. Missiyanın müddəti iki ildir.

Hazırda Ermənistanda Avropa İttifaqının 100 nəfərlik mülki monitorinq missiyası fəaliyyət göstərir.

Avropa İttifaqının (Aİ) məlumatında deyilir ki, missiyanın məqsədi Ermənistanın sərhədyanı ərazilərində sabitliyə, regionda etimadın yaranmasına töhfə vermək və Avropa İttifaqı tərəfindən dəstəklənən Ermənistanla Azərbaycan arasında normallaşma səyləri üçün əlverişli mühiti təmin etməkdir.

Bunda öncə, 2022-ci il oktyabrın 17-də Avropa İttifaqı Şurası regionda vəziyyətin monitorinqi, təhlili və hesabat üçün Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca 40-a yaxın monitorinq üzrə ekspertin göndərilməsi barədə qərar qəbul edib. Monitorinq qrupu bir ay müddətində regionda olub və missiyası başa çatıb.

Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Avropa İttifaqının nəyin bahasına olursa-olsun Ermənistanda möhkəmlənmək, Rusiyanın vasitəçilik səylərini geri çəkmək cəhdləri ermənilərin və azərbaycanlıların regionun sülh yolu ilə inkişafa qayıtmaq istəkləri istiqamətində köklü maraqlarına zərbə vura bilər.

Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, "ATƏT-in Ermənistana ehtiyacların qiymətləndirilməsi missiyası" adlandırılan hər hansı bir qrup ATƏT mandatına malik deyil, ATƏT-lə heç bir şəkildə əlaqələndirilə bilməz, onun heç bir nəticəsi və ya hesabatı ATƏT sənədi kimi qəbul edilə bilməz.

XS
SM
MD
LG