Accessibility links

Rusiya XİN: Avropa İttifaqının Ermənistanın sərhədyanı rayonlarında peyda olması regiona yalnız geosiyasi qarşıdurma gətirər


Kreml, Rusiya Xarici İşlər Nazirliyi və Moskva şəhərinin görünüşü.
Kreml, Rusiya Xarici İşlər Nazirliyi və Moskva şəhərinin görünüşü.

Rusiya Xarici İşlər Nazirliyi Avropa İttifaqının Ermənistanda mülki monitorinq qrupunun yerləşdirlməsinin regionda sülh prosesinə zərbə vuracağını bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin Ermənistanın sərhədyanı rayonlarında Avropa İttifaqının (Aİ) mülki monitorinq missiyasının yaradılması ilə bağlı yanvarın 26-da mətbuat üçün yaydığı məlumatda deyilir ki, yanvarın 23-də Aİ Şurası iki il müddətinə Ermənistanda Avropa İttifaqının yeni mülki missiyasının yaradılması barədə qərar qəbul edib.

"Aİ-nin mövcudluğunun konkret parametrləri yaxın gələcəkdə müəyyən ediləcək. Amma onun ötən ilin oktyabrından dekabrına kimi Ermənistanda fəaliyyət göstərən Aİ-nin monitorinq mexanizmindən daha iddialı olacağı artıq göz qabağındadır. Rusiyanın Cənubi Qafqazda qeyri-regional amilin konsolidasiyası ilə bağlı prinsipial mövqeyi dəyişməyib. Ermənistan-Azərbaycan sərhədində baş verənlərə Aİ "ekspertlərinin" nəzarətindən heç bir "əlavə dəyər" görmürük. Əgər Brüssel səmimi qəlbdən Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlı olsaydı, onlar öz missiyalarının şərtlərini Azərbaycanla razılaşdırardılar. ABŞ və NATO-nun əlavəsinə çevrilmiş, MDB məkanında qarşıdurma siyasəti yürüdən Avropa İttifaqının nümayəndələrinin Ermənistanın sərhədyanı rayonlarında peyda olması regiona yalnız geosiyasi qarşıdurma gətirər və mövcud ziddiyyətləri daha da gücləndirə bilər. Aİ missiyasının elan edilmiş mülki mahiyyəti aldadıcı olmamalıdır. O, Aİ-nin Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti çərçivəsində formalaşır və bütün bundan irəli gələn nəticələrdir" , məlumatda qeyd edilir.

Rusiya Xarici İşlər Nazirliyi bildirir ki, Avropa İttifaqının nəyin bahasına olursa-olsun Ermənistanda möhkəmlənmək, Rusiyanın vasitəçilik səylərini geri çəkmək cəhdləri ermənilərin və azərbaycanlıların regionun sülh yolu ilə inkişafa qayıtmaq istəkləri istiqamətində köklü maraqlarına zərbə vura bilər.

"Əminik ki, yaxın gələcək üçün regionda sabitlik və təhlükəsizliyin əsas amili Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatı əsasında yerləşdirilən Rusiya sülhməramlı kontingenti, eləcə də Ermənistan sərhədlərində xidmət edən Rusiya sərhədçilərdir. Onlar vəziyyətin "yerdə" inkişafını nəzərə alaraq Aİ müşahidəçilərinin davranışına reaksiya verəcəklər. Biz İrəvanda Kollektiv Təhlükəszlik Müqaviləsi Təşkilatının (KTMT) missiyası istiqamətində işi məntiqi sona çatdırmadan Ernənistanda Aİ-nin xeyrinə seçim etməyi üstün tutduqlarını müəyyən edirik. Əgər erməni müttəfiqləri KTMT-nin potensialından istifadə etməkdə maraqlı olsalar, onun missiyası tez bir zamanda Ermənistanda yerləşdirilə bilər", nazirlik qeyd edir.

Rusiya Xarici İşlər Nazirliyi hesab edir ki, əvvəllər olduğu kimi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və ümumiyyətlə, regionda vəziyyətin yaxşılaşdırılması üçün ən sabit və uzunmüddətli əsas Rusiya, Azərbaycan və Rusiya liderlərinin üçtərəfli sazişlərinin ciddi və ardıcıl həyata keçirilməsidir.

"Rusiya 9 noyabr 2020-ci il, 11 yanvar, 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli bəyanatlardakı müddəalar əsasında bütün nəqliyyat və iqtisadi əlaqələrinin bərpa olunmasına, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyasına, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin parametrlərinin razılaşdırılmasına, ictimaiyyət, ekspert dairələri və parlamentarilər arasında üçtərəfli əlaqələrin inkişaf etdirilməsinə hər cür kömək etməyə hazırdır" , məlumatda qeyd edilir.

Avropa İttifaqı Şurası yanvarın 23-də Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) çərçivəsində Ermənistanda Avropa İttifaqının mülki missiyasının (EUMA) yaradılmasına razılıq verib. Missiyanın müddəti iki il olacaq.

Avropa İttifaqının (Aİ) məlumatında deyilir ki, missiyanın məqsədi Ermənistanın sərhədyanı ərazilərində sabitliyə, regionda etimadın yaranmasına töhfə vermək və Avropa İttifaqı tərəfindən dəstəklənən Ermənistanla Azərbaycan arasında normallaşma səyləri üçün əlverişli mühiti təmin etməkdir.

"Ermənistanın istəyinə cavab olaraq, EUMA müntəzəm patrul xidməti həyata keçirəcək və vəziyyətlə bağlı hesabat verəcək, bu da Aİ-nin yerdəki vəziyyətlə bağlı məlumatlılığını gücləndirəcək. Missiya, həmçinin Avropa Şurasının Prezidenti Şarl Mişelin rəhbərlik etdiyi proses çərçivəsində vasitəçilik səylərinə töhfə verəcək", məlumatda qeyd edilir.

Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell qeyd edib ki, Ermənistanda missiyasının yaradılması təşkilatın Cənubi Qafqazdakı fəaliyyətində yeni mərhələyə start verir.

"Aİ gərginliyin azaldılması səylərini dəstəkləməkdə davam edəcək. Aİ regionda davamlı sülhün əsas məqsədinə doğru hər iki tərəflə yaxından işləməyə sadiq qalır", o deyib.

"Ermənistanda Aİ-nin mülki missiyasının (EUMA) ilkin mandatı iki il olacaq və onun Əməliyyat Qərargahı Ermənistanda yerləşəcək. Mülki Əməliyyatlar Komandiri Aİ-nin Xarici Fəaliyyət Xidmətinin Mülki Planlaşdırma və Davranış Qabiliyyəti (CPCC) departamentinin idarəedici direktoru Stefano Tomat olacaq. Yaxın gələcəkdə regionda əməliyyatlara rəhbərlik edən Missiya Rəhbəri təyin ediləcək", məlumatda qeyd edilib.

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bununla bağlı Twitter-də paylaşım edib.

"Biz Aİ-nın Ermənistana tamhüquqlu mülki missiya göndərmək qərarını çox alqışlayırıq. Biz missiya ilə asanlıqla əməkdaşlıq edəcəyik və onun fəaliyyətinə dəstək verəcəyik. Bu missiya regionun sülh, sabitlik və təhlükəsizliyinə töhfə verəcək", o qeyd edib.

Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, "ATƏT-in Ermənistana ehtiyacların qiymətləndirilməsi missiyası" adlandırılan hər hansı bir qrup ATƏT mandatına malik deyil, ATƏT-lə heç bir şəkildə əlaqələndirilə bilməz, onun heç bir nəticəsi və ya hesabatı ATƏT sənədi kimi qəbul edilə bilməz.

"Ermənistanın irəli sürdüyü bu birtərəfli təşəbbüs bir neçə iştirakçı dövlətdən olan bir qrupun şəxsi səfərindən başqa bir şey deyil və belə bir səfərin istənilən nəticəsi müvafiq olaraq qiymətləndiriləcək. 30 ilə yaxın bir müddətdə Azərbaycana qarşı hərbi təcavüzün dayandırılması və onun ağır nəticələrinin aradan qaldırılması istiqamətində səylərin, eləcə də hətta keçmiş Ermənistan-Azərbaycan münaqişəsinə aid olmayan məsələlər ilə bağlı missiyaların ATƏT tərəfindən bir qayda olaraq konsensusa istinadla qarşısının alınması kontekstində bu addım ciddi sual doğurur. Fakt budur ki, ATƏT-in 2005 və 2010-cu illərdə Azərbaycanın o zaman işğal altında olan ərazilərinə iki missiyasının Ermənistanın aşkar qeyri-konstruktiv mövqeyinə görə ATƏT çərçivəsində konsensusla razılaşdırılması illər çəkmişdi. Azərbaycanın işğal olunmuş ərazilərində saysız-hesabsız qeyri-qanuni fəaliyyət, o cümlədən bu ərazilərdə qanunsuz məskunlaşma faktları nəzərə alınaraq, 2020-ci ilə qədər Azərbaycanın növbəti belə missiyası ilə bağlı müraciəti yenə də Ermənistanın müqaviməti nəticəsində baş tutmayıb. ATƏT Sədrliyinin və Katibliyin bu cür məsləhətsiz birtərəfli hərəkəti, digər məsələlərlə yanaşı, tərəflərin razılığını, vasitəçilərin qərəzsizliyini və dövlətlərin beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə riayət olunmasını tələb edən hər hansı məsuliyyətli və etibarlı vasitəçiliyin və etimad quruculuğunun əsas prinsiplərinə ziddir", Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib.

Xatırladaq ki, bunda öncə, 2022-ci il oktyabrın 17-də Avropa İttifaqı Şurası regionda vəziyyətin monitorinqi, təhlili və hesabat üçün Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca 40-a yaxın monitorinq üzrə ekspertin göndərilməsi barədə qərar qəbul edib. Monitorinq qrupu bir ay müddətində regionda olub və missiyası başa çatıb.

XS
SM
MD
LG