Accessibility links

Tomas de Vaal: Güc təhdidlərinin və ya danışıqların pozulmasının hər hansı bir tərəfə fayda verəcəyini düşünmürəm


Tomas de Vaal: Güc təhdidlərinin və ya danışıqların pozulmasının hər hansı bir tərəfə fayda verəcəyini düşünmürəm
please wait

No media source currently available

0:00 0:07:22 0:00

Tomas de Vaal: Güc təhdidlərinin və ya danışıqların pozulmasının hər hansı bir tərəfə fayda verəcəyini düşünmürəm

Karneqi Beynəlxalq Sülh Fondunun təhlilçisi və Qara Bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında adlı kitabın müəllifi Tomas de Vaal Amerikanın Səsinə verdiyi müsahibədə Azərbaycanla Ermənistan arasında artan gərginlik, Laçın yolundakı vəziyyət və Rusiyanın regiondakı nüfuzundan bəhs edib.

Amerikanın Səsi: Son həftələrdə Laçın dəhlizində yaranmış vəziyyətə görə Azərbaycan və Ermənistan arasında gərginlik artıb. Ermənistan Azərbaycanın Laçın dəhlizini bağladığını iddia edir. Azərbaycan bildirir ki, etirazlar regionda qanunsuz mədənçilik fəaliyyəti ilə bağlıdır və yol əsas mallarının daşınması üçün açıqdır. Azərbaycan, həmçinin rusiyalı milyarder biznesmen Ruben Vardanyanın 2022-ci ilin sentyabrında Qarabağa gəlişinə qarşı olduğunu bildirib və prezident İlham Əliyev Vardanyanla ermənilərin Qarabağdakı nümayəndəsi qismində danışıqlar aparmaq ideyasını rədd edib. Laçın yolunda cərəyan edən hadisələrə münasibətiniz necədir?

Tomas de Vaal: Aydındır ki, vəziyyət ciddidir. Yol açıq şəkildə bağlıdır. Dövlət Departamentinin, Avropa İttifaqının, müxtəlif beynəlxalq müşahidəçilərin razılaşdırılmış mövqeyi və bəyanatı bu yöndədir. Biz, həmçinin Qarabağda boş mağazaların şəkillərini də görürük ki, bu da ərzaqların həmin yoldan keçmədiyini göstərir və ermənilər də Qarabağdan çıxa bilmədiyini deyirlər. Ola bilsin ki, Qarabağda olan insanların sayı bir qədər şişirdilib. Mən orada 120000 insanın olduğunu düşünmürəm, amma məncə orada on minlərlə insan var. Və baş verənlər 2020-ci ilin noyabrında əldə olunan razılığın pozulması kimi görünür ki, həmin sövdələşmə altında Azərbaycan Laçın yolu boyu mallar və insanların azad keçidini təmin etməyə razılaşıb.

Bəs buna nə səbəb oldu? Aydındır ki, Azərbaycan rəhbərliyi 2022-ci ildə istədiyi şeylərin çoxunun olmamasından məsələn, Ermənistanla sülh razılığının əldə olunmamasından məyusdur. Bundan əlavə, sizin də qeyd etdiyiniz kimi Ruben Vardanyanın Qarabağa gəlişi də var ki, bu da, şübhəsiz ki, məsələni mürəkkəbləşdirən bir amildir və Bakının Qarabağ erməniləri ilə münasibətlər qurmağı çətinləşdirir.

Amerikanın Səsi: 2020-ci ildə tərəflər arasında baş verən müharibə Rusiyanın vasitəçiliyi ilə atəşkəslə başa çatdı. Rusiya vasitəçi rolunu üzərinə götürdü və atəşkəs razılaşması nəticəsində bölgəyə sülhməramlı qüvvələrini yerləşdirdi. Amma bəzi müşahidəçilər deyirlər ki, Rusiya sülhdə maraqlı deyil, çünki sülh müqaviləsinin bağlanması Rusiyanı həm Yerevan, həm də Bakı üzərində siyasi təsir gücündən məhrum edə bilər. Buna münasibətiniz nədir?

Tomas de Vaal: Şübhəsiz ki, Rusiya bu mübahisədə maraqlı tərəfdir. O, neytral bir vasitəçi deyil. Onun həm Ermənistanla, həm də Azərbaycanla əlaqələri var və öz acendası var. Qarabağ məsələsində bu, aydındır ki, orada hərbi baza yaratmaq, mümkün qədər uzun müddət orada qalmaqdır. Bununla belə, Rusiya həm də yerdəki yeganə təhlükəsizlik təminatçısıdır. Və Məncə orada Rusiya sülhməramlıları olmasaydı, Qarabağ erməniləri ilə Azərbaycan qüvvələri arasında bir növ münaqişə olardı. Ona görə də mən hesab edirəm ki, Rusiya da çətin vəziyyətdədir. O, Ukraynadakı müharibə səbəbilə zəifləyib və diqqəti yayınıb. Və məncə Azərbaycanın Qarabağdakı rus sülhməramlılarına təzyiq göstərə biləcəyini və Laçın yolundakı nəqliyyatın şəffaflığı ilə bağlı daha yaxşı razılıq əldə edə biləcəyini hiss etməsinin bir səbəbi də budur. Amma zənnimcə, əsas məsələ odur ki, bunu yalnız diplomatiya ilə həll etmək olar və bu diplomatiyaya ruslar da cəlb olunacaq. Amma hesab edirəm ki, buna hazırda əsas beynəlxalq vasitəçi olan Avropa İttifaqı da daxil olmalıdır.

Mən güc təhdidlərinin və ya danışıqların pozulmasının hər hansı bir tərəfə fayda verəcəyini düşünmürəm. Məncə belə bir halda, hər iki tərəf istədiklərini əldə etmək əvəzinə, əli boş qalacaq.

Amerikanın Səsi: ABŞ və Aİ Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə olunmasına vasitəçilik etmək məqsədilə öz üzərlərinə daha böyük rol götürüblər. Onların səyləri müəyyən qədər uğurlu olub, ötən il tərəflər arasında bir neçə dəfə üçtərəfli və ikitərəfli görüşlər keçirilib. Və ümid var idi ki, tərəflər 2022-ci ilin sonuna qədər davamlı razılaşma əldə edəcəklər, lakin bu baş vermədi. Sizcə, yaxın gələcəkdə regionda davamlı sülhə nail olmaq perspektivləri necədir?

Tomas de Vaal: Hazırda yaxşı görünmür. Gəlin, səmimi danışaq. Düşünürəm ki, Aİ şübhəsiz ki, səylərini artırdı və 2022-ci ildə Aİ-nin vasitəçiliyi ilə baş nazir Paşinyan və prezident Əliyev arasında dörd böyük görüş oldu. Bu, müsbət idi. Məncə, Aİ mahiyyət etibarı ilə deyir ki, biz həll yollarını diktə edən vasitəçi deyilik, biz sizə təkbaşına görüşmək üçün bir platforma və məkan veririk. Və bu çox yaxşı irəliləməyə başladı. Amma mən hesab edirəm ki, Bakı ilə Yerevan arasında etimad pozulub və çox böyük məyusluq var. Ona görə də məncə, yeganə variant Aİ-nin səylərini gücləndirməsi və diplomatiyanın irəliyə doğru yeganə yol olduğunu iddia etməsidir.

Amma aydındır ki, təhlükəsizlik məsələsi var ki, hazırda bu təhlükəsizlikdən cavabdeh olan təkcə Rusiyadır. Amma məncə əsas məsuliyyət hələ də Bakı və Yerevanın üzərinə düşür. Mən Naxçıvana gedən yol kimi məsələlərdə fikir ayrılıqlarının göründüyü qədər böyük olduğunu düşünmürəm. Məncə onlar hələ də bu yolun prinsipi üzərində deyil, təfərrüatları üzərində mübahisə edirlər. Və Laçın yoluna gəldikdə, belə hesab edirəm ki, Laçın yolunda şəffaflıq rejimi yaratmaq mümkün olmalıdır. Məncə əsas problem Qarabağ erməniləri məsələsi olaraq qalır. Aydındır ki, onlar Azərbaycandan hər hansı gələcəklərinin və ya ən azından azad gələcəklərinin olduğuna inanmırlar. Və zənnimcə, indiki vəziyyət onlara Azərbaycanın onlardan qurtulmağa çalışdığını, təcrid etmək və ya blokadaya salmaq istədiyini hiss etdirir. Və hazırda Qarabağ ətrafında baş verənlər, belə desək, dost bir dövlətin hərəkətlərinə oxşamır.

Ona görə də mən hesab edirəm ki, danışıqlarda Qarabağ məsələsindən müəyyən mənada yayınılıb. Amma hesab edirəm ki, sonda irəliləyişin olması üçün Qarabağ erməniləri ilə bağlı da bir növ danışıqlar aparılmalıdır.

Amerikanın Səsi: Sizcə, hazırda regionda gərginliyin azaldılmasında və Ermənistanla Azərbaycan arasında birbaşa danışıqların aparılmasında əsas prioritet nə olmalıdır?

Tomas de Vaal: Məncə, aydındır ki, əgər Azərbaycan, fəallar geri çəkilsə və yolu yenidən açsalar, bu müsbət jest kimi qiymətləndiriləcək. Şübhəsiz ki, Azərbaycanın həmin yoldakı rejimin şəffaflığı və o yolda nəyin və kimin hərəkət edə biləcəyi ilə bağlı müəyyən əsaslı mövqeləri var. Bu məsələ həll olunmalıdır. Amma məncə, yeganə variant, dediyim kimi, danışıqların bir növ intensivləşdirilməsidir. Ruben Vardanyan məsələsinə gəlincə, burada çoxlu müəmmalar var. O, müstəqil şəkildəmi gəlib? Onu Moskvamı göndərib? Mən onun Moskva tərəfindən göndərildiyinə inanmıram, çünki Moskva göndərsəydi, o onların adamı olsaydı, düşünürəm ki, ruslar bu məsələni həll etmək üçün daha çox çalışardılar.

Bu mübahisənin, həmçinin kommersiya tərəfinin olduğuna dair də çoxlu fərziyyələr var ki, həm Rusiya, həm də Azərbaycan Qarabağdakı qızıl və mis mədənlərinə nəzarət etmək istəyir və Vardanyan da buna görə ora göndərilib. Amma məncə, bu məsələ yalnız Moskva və Bakı arasında həll olunacaq. Və məncə, mədənlə bağlı kommersiya məsələsi Ermənistan və Azərbaycan arasında daha böyük məsələlər üzrə danışıqların tam pozulmasına səbəb olmamalıdır.

XS
SM
MD
LG