Accessibility links

Aİ-nin Ermənistan-Azərbaycan sərhədində monitorinqi dekabrın 19-da başa çatacaq


Belgium Europe
Belgium Europe

Dekabrın 12-də Brüsseldə Avropa İttifaqı Şurasının iclasında Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədində iki ay ərzində fəaliyyət göstərən missiyası ilə bağlı qərar qəbul edilib.

"Şura Aİ-nin Ermənistanda dekabrın 19-da fəaliyyətini başa vuracaq monitorinq missiyasının potensialını nəzərdən keçirib. Ermənistan və Azərbaycan arasında dialoqda vasitəçi kimi Aİ-nin nüfuzunu qoruyub saxlamaq məqsədilə dekabrın 20-dən Ermənistanla razılaşma olarsa, 2023-cü ildə işə salınacaq mümkün mülki missiyanın planlaşdırılmasında iştirak etmək üçün qrup göndəriləcək"-qərarda deyilir.

Aİ xarici işlər nazirlərinin dekabrın 12-də Brüsseldə keçirilən görüşündə də Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Josep Borrel missiyanın işinin "effektli" olduğunu deyib, ancaq mandatın nəyə görə uzadılmadığını izah etməyib. Yalnız onu qeyd edib ki, "Ermənistanla, o cümlədən Azərbaycanla razılaşmaya uyğun olaraq", missiya dekabrın 19-da fəaliyyətini dayandırmalıdır.

Xatırlatma

Avropa İttifaqı Şurası regionda vəziyyətin monitorinqi, təhlili və hesabat üçün Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca 40-a yaxın monitorinq üzrə ekspertin göndərilməsi barədə qərar qəbul edib.

Bu barədə oktyabrın 17-də Avropa İttifaqı Şurasının açıqladığı məlumatında deyilir.

Bu qərar oktyabrın 6-da Azərbaycan prezident İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında dördtərəfli görüşdən sonra qəbul edilib.

Məqsəd bölgədə sülhün və təhlükəsizliyin bərpasına, etimadın möhkəmləndirilməsinə və iki dövlət arasında beynəlxalq sərhədin delimitasiyasına kömək etməkdir, məlumatda deyilir.

"Ermənistanın Azərbaycanla beynəlxalq sərhədinə 40-dək Avropa İttifaqı müşahidəçisinin göndərilməsi etimadın möhkəmləndirilməsinə, həyatı təhdid edən və münaqişənin həlli prosesini təhlükə altına alan vəziyyətin sabitləşməsinə yönəlib. Bu, Avropa İttifaqının Cənubi Qafqazda davamlı sülhün əldə olunmasına tam sadiqliyinə bir daha sübutdur," - xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Cosep Borrel bildirib.

Avropa İttifaqı müşahidəçilərinin çevik yerləşdirilməsini təmin etmək üçün onların müvəqqəti olaraq Avropa İttifaqının Gürcüstandakı müşahidəçilər missiyasının tərkibindən göndərilməsi qərara alınıb,

Sənəddə monitorinq missiyasının müvəqqəti xarakter daşıyacağı və iki aydan çox sürməyəcəyi deyilir.

XS
SM
MD
LG