Accessibility links

Rusiya Azərbaycan-Ermənistan sülh müqaviləsi layihəsi üzrə danışıqların təşkilinə hazır olduğunu bildirib


Ceyhun Bayramov və Sergey Lavrov
Ceyhun Bayramov və Sergey Lavrov

Yanvarın 31-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, telefon danışığı zamanı Azərbaycan və Rusiya arasında mövcud ikitərəfli məsələlər, bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində tədbirlər, o cümlədən Laçın yolu ətrafında cari vəziyyət müzakirə mövzusu olub.

“Nazir Ceyhun Bayramov Üçtərəfli Bəyanata zidd olaraq Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətin və Laçın yolundan sui-istifadənin dayandırılması barədə etirazçıların tələblərinin hələ də yerinə yetirilmədiyini təəssüflə qeyd edib. Blokada və humanitar vəziyyət barədə iddiaların heç bir əsasının olmadığını xatırladıb.

Ermənistanın Azərbaycan ərazilərini 30 il ərzində işğal altında saxlamasına baxmayaraq, müharibədən dərhal sonra Azərbaycanın Ermənistanla münasibətlərin qurulması və normallaşma istiqamətində təkliflərlə çıxış etdiyi, Ermənistanla delimitasiya, nəqliyyat-kommunikasiya xətlərinin açılması, sülh sazişi istiqamətində qısa müddətdə razılıq əldə edilməsi istiqamətində səy göstərdiyini diqqətə çatdırıb. Buna baxmayaraq, Ermənistan tərəfinin təxribatlarının prosesə maneçilik törətdiyini bildirib”, məlumatda qeyd edilir.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatında isə deyilir ki, nazirlər Laçın dəhlizi ətrafında yaranmış vəziyyətin həlli yollarının müzakirəsini davam etdiriblər.

“Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlər əsasında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının bütün yolları üzrə ritmik işin bərpasının vacibliyi vurğulanıb. Bu kontekstdə Rusiya tərəfinin Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinin rəhbərləri arasında iki ölkə arasında sülh müqaviləsi layihəsi üzrə danışıqların növbəti raundunu təşkil etməyə hazır olduğu təsdiqlənib”, məlumatda qeyd edilir.

Yanvarın 31-də erməni tərəfinin təşəbbüsü ilə Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı olub.

“Dağlıq Qarabağ ətrafında mövcud vəziyyət müzakirə edilib, Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli sazişlərin bütün kompleksinin ardıcıl icrasının vacibliyi vurğulanıb”, Rusiya Prezidentinin rəsmi internet saytının məlumatında deyilir.

Ermənistanın baş naziri Nikol Paşinyanın ofisinin açıqladığı məlumatda “Dağlıq Qarabağda yaranmış humanitar böhranın” müzakirə edildiyi və “bunun aradan qaldırılması üçün Rusiyanın lazımi addımlar atmasının vacibliyinin” vurğulandığı bildirilir.

Məlulmatda deyilir ki, onlar “Ermənistan, Rusiya və Azərbaycan liderləri tərəfindən 2020-ci il 9 noyabr, 2021-ci il yanvarın 11 və 26 noyabr və 2022-ci il oktyabrın 31-də imzalanmış üçtərəfli sazişlərin icrası ilə bağlı məsələləri müzakirə ediblər”.

Bu il yanvarın 26-da Rusiya Xarici İşlər Nazirliyi Avropa İttifaqının Ermənistanda mülki monitorinq qrupunun yerləşdirlməsinin regionda sülh prosesinə zərbə vuracağını bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin Ermənistanın sərhədyanı rayonlarında Avropa İttifaqının (Aİ) mülki monitorinq missiyasının yaradılması ilə bağlı mətbuat üçün yaydığı məlumatda deyilir ki, yanvarın 23-də Aİ Şurası iki il müddətinə Ermənistanda Avropa İttifaqının yeni mülki missiyasının yaradılması barədə qərar qəbul edib.

“Avropa İttifaqının nəyin bahasına olursa-olsun Ermənistanda möhkəmlənmək, Rusiyanın vasitəçilik səylərini geri çəkmək cəhdləri ermənilərin və azərbaycanlıların regionun sülh yolu ilə inkişafa qayıtmaq istəkləri istiqamətində köklü maraqlarına zərbə vura bilər”, Rusiya Xarici İşlər Nazirliyi bildirib.

Avropa İttifaqı Şurası yanvarın 23-də Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) çərçivəsində Ermənistanda Avropa İttifaqının mülki missiyasının (EUMA) yaradılmasına razılıq verib. Missiyanın müddəti iki il olacaq.

Avropa İttifaqının (Aİ) məlumatında deyilir ki, missiyanın məqsədi Ermənistanın sərhədyanı ərazilərində sabitliyə, regionda etimadın yaranmasına töhfə vermək və Avropa İttifaqı tərəfindən dəstəklənən Ermənistanla Azərbaycan arasında normallaşma səyləri üçün əlverişli mühiti təmin etməkdir.

Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasından bir neçə gün öncə, yanvarın 23-də ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

“Mən prezident Əliyevi Laçın dəhlizində kommersiya hərəkətini dərhal bərpa etməyə çağırdım. Hər gün blokadada qalması humanitar böhran riski yaradır və Ermənistan və Azərbaycanın sülh yolunda atdığı addımları sarsıdır. Birləşmiş Ştatlar bu səyləri dəstəkləməyə sadiqdir”, Dövlət katibi Blinken Twitter səhifəsində qeyd edib.

ABŞ Dövlət katibi Antoni Blinken yanvarın 18-da Ermənistan baş naziri Nikol Paşinyanla da telefonla danışıb.

Dövlət Departamentinin sözçüsü Ned Praysın yaydığı bəyanatda deyilir ki, katib Blinken Nikol Paşinyanın sülhə sadiqliyini alqışlayıb və tərəflər Azərbaycanla ikitərəfli danışıqların bərpası üçün atılmalı olan addımları müzakirə edib.

“Dövlət katibi Laçın dəhlizinin blokadası səbəbilə Dağlıq Qarabağda pisləşən humanitar vəziyyətlə bağlı dərin narahatlığını ifadə edib. Dövlət katibi həmçinin ABŞ-ın davamlı sülhə aparan səylərə və ABŞ-la Ermənistan arasında güclü çoxşaxəli ikitərəfli əlaqələrə dəstək vermək öhdəliyini təsdiqləyib”, bəaynatda qeyd edilir.

2022-ci il dekabrın 12-dən başlayaraq Azərbaycan qeyri-hökumət təşkilatlarının nümayəndələri Şuşa şəhərinin ətrafında Rusiya sülhməramlılarının postu qarşısında davamlı etiraz aksiyası keçirir.

Azərbaycanlı mütəxəssislərin Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edən aksiya iştirakçıları Rusiya sülhməramlı kontingentinin komandiri Andrey Volkovun əraziyə gəlməsini tələb edir.

Ermənistan Baş Naziri Nikol Paşinyan Laçın dəhlizinin bağlanmasının 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatın “kobud pozuntusu” olduğunu bildirib. Onun sözlərinə görə, həmin bəyanatın 6-cı maddəsinə əsasən dəhliz Rusiya Federasiyası sülhməramlılarının nəzarətindədir və Azərbaycan vətəndaşların, nəqliyyatın və əmtəənin hərəkətinə təminat verməlidir.

Azərbaycan tərəfi yolun bağlanmadığını və yerli sakinlər üçün həyat əhəmiyyətli nəqliyyatın gediş-gəlişinin təmin olunduğunu bildirir.

Dekabrın 10-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərə gəlsə də, monitorinqə imkan verilməyib.

XS
SM
MD
LG