Accessibility links

Azərbaycan və Rusiya xarici işlər nazirləri Laçın yolu ətrafındakı durumu müzakirə edib


Ceyhun Bayramov və Sergey Lavrov
Ceyhun Bayramov və Sergey Lavrov

Azərbaycan və Rusiya Laçın yolu ətrafında yaranmış vəziyyəti müzakirə edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, yanvarın 17-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Məlumatda deyilir ki, telefon danışığı zamanı Azərbaycan və Rusiya arasında mövcud ikitərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, o cümlədən Laçın yolu ətrafında cari vəziyyət müzakirə mövzusu olub.

“Nazir Ceyhun Bayramov Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyət, o cümlədən təbii sərvətlərin istismarına və Laçın yolundan sui-istifadəyə qarşı etirazların Azərbaycan vətəndaşlarının legitim hüququ olduğunu vurğulayıb. Bu xüsusda, etirazçıların haqlı tələblərinin yerinə yetirilməsinin zəruri olduğunu diqqətə çatdırıb.

Nazir Ceyhun Bayramov, guya Azərbaycan tərəfindən Laçın yolunun bağlanması, Azərbaycan ərazilərində yaşayan erməni sakinlərin blokadaya alınması, humanitar böhran vəziyyətinin yaranması barədə iddiaların əsassız olduğunu qeyd edib. Bu xüsusda, Laçın yolundan hər gün onlarla nəqliyyat vasitəsinin, sülhməramlı kontingentin avtomobillərinin, Beynəlxalq Qızıl Xaç Komitəsinin, erməni təcili tibbi yardım maşınlarının keçməsinin Ermənistan tərəfinin əsassız iddialarını təkzib etdiyi vurğulanıb.

Bununla yanaşı, özlərini Azərbaycan ərazilərində yaşayan erməni sakinlərin “nümayəndələri” kimi təqdim edən şəxslərin əhalini yoldan istifadəyə maneçilik törətdiyi və bununla süni şəkildə “blokada”, “humanitar böhran” təəssüratı yaratmasının qəbuledilməz olduğu bildirilib”, məlumatda qeyd edilir.

Rusiya Xarici İşlər Nazirliynin məlumatında isə deyilir ki, nazirlər ikitərəfli və regional gündəliyin bir sıra aktual məsələlərini müzakirə edib.

“Rusiya tərəfi 9 noyabr 2020-ci il tarixli ən yüksək səviyyədə üçtərəfli Bəyanatda müəyyən edilmiş parametrlərə uyğun olaraq Laçın dəhlizi boyunca nəqliyyatın hərəkətinin ən qısa müddətdə tam şəkildə açılmasının vacibliyini vurğulayıb. Həmçinin Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında razılaşmalar əsasında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının əsas yolları üzrə hərtərəfli işin bərpası üçün bütün əlaqəli məsələlər üzrə qarşılıqlı məqbul həllərin əldə edilməsinin vacibliyi də vurğulanıb”, Rusiya Xarici İşlər Nazirliyi qeyd edib.

Yanvarın 17-də həmçinin ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenter Birləşmiş Ştatların “Laçın dəhlizinin 30 gündən artıqdır bağlı olması”, bunun “Dağlıq Qarabağda ərzaq, dərman və digər ləvazimatları qıtlığı” yaratmasından narahatlığını ifadə edib. Səfir Karpenter Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın ATƏT-in daimi şurasında Laçın dəhlizində yaranmış vəziyyətlə bağlı çıxışına cavab olaraq verdiyi açıqlamada “Azərbaycan və Rusiyanı əvvəlki öhdəliklərinə uyğun olaraq maneəsiz tranziti dərhal bərpa etməyə” çağırıb.

O, Laçın yolu ilə şəxsi və kommersiya nəqliyyatının hərəkətinin əngəllənməsinin Dağlıq Qarabağda yaşayan insanlar üçün ciddi humanitar nəticələrə səbəb ola bildiyini deyib.

Səfir Karpenter həmçinin Azərbaycan və Ermənistanı danışıqlar prosesini davam etdirməyə çağırıb.

“Birləşmiş Ştatlar Azərbaycan və Ermənistanı mübahisələrini həll etmək üçün məzmunlu danışıqları bərpa etməyə çağırır. Hərtərəfli sülh sazişi münasibətlərin normallaşması və qarşılıqlı tanınması əsasında uzunmüddətli sülhə aparan yeganə doğru yoldur. Biz həmçinin Azərbaycan və Ermənistanı iddia edilən zorakılıqları araşdırmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırırıq”, səfir Karpenterin açıqlamasında bildirilir.

2022-ci il dekabrın 12-dən başlayaraq Azərbaycan qeyri-hökumət təşkilatlarının nümayəndələri Şuşa şəhərinin ətrafında Rusiya sülhməramlılarının postu qarşısında davamlı etiraz aksiyası keçirir.

Azərbaycanlı mütəxəssislərin Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edən aksiya iştirakçıları Rusiya sülhməramlı kontingentinin komandiri Andrey Volkovun əraziyə gəlməsini tələb edir.

Ermənistan baş naziri Nikol Paşinyan Laçın dəhlizinin bağlanmasının 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatın "kobud pozuntusu" olduğunu bildirib. Onun sözlərinə görə, həmin bəyanatın 6-cı maddəsinə əsasən dəhliz Rusiya Federasiyası sülhməramlılarının nəzarətindədir və Azərbaycan vətəndaşların, nəqliyyatın və əmtəənin hərəkətinə təminat verməlidir.

Azərbaycan tərəfi yolun bağlanmadığını və yerli sakinlər üçün həyat əhəmiyyətli nəqliyyatın gediş-gəlişinin təmin olunduğunu bildirir.

Dekabrın 10-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərə gəlsə də, monitorinqə imkan verilməyib.

Mövzuya uyğun

XS
SM
MD
LG