BMT Baş Katibi Antonio Guterreş Laçın dəhlizi ətrafında baş verənlərdən narahatlığını ifadə edib.
O, tərəfləri gərginlikləri azaltmağa çağıraraq dəhliz boyunda hərəkətin sərbəstliyini və təhlükəsizliyini təmin etməyə çağırıb.
"Baş katib regiondakı vasitəçilik səylərini dəstəyini yenidən ifadə edir," yayılan bəyanatda bildirilir.
Oxşar bəyanatlarla Hollandiya, Kanada və Yunanıstan hökumətləri çıxış ediblər.
"Biz Azərbaycanı hərəkətin sərbəstliyini və təhlükəsizlyni təmin etməyə çağırırıq," Hollandiya Xarici İşlər Nazirliyi bəyan edib.
Bundan öncə ABŞ Dövlət Departamenti də yaranmış duruma reaksiya verib.
"Biz aydın etdik ki, Laçın dəhlizinin bağlanmasının ağır humanitar fəsadları var. Bu, sülh prosesini geriyə salır. Biz Azərbaycan hökumətini dəhlizdə sərbəst hərəkəti bərpa etməyə çağırırıq. İrəliyə yol danışıqlardan keçir," Departamentin sözçüsü Ned Prays bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Qərbdən qaynaqlanan çağırışlar barədə suala cavabda bildirib ki, Şuşa-Laçın yolunun guya Azərbaycan tərəfindən bağlandığı və bununla guya humanitar böhran yaşana biləcəyi barədə iddiaların əsası yoxdur.
"Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda son bir neçə gün ərzində həyata keçirdiyi etiraz aksiyası qeyd olunan qeyri-qanuni fəaliyyətlərə qarşı Azərbaycan ictimaiyyətinin haqlı narazılığının nəticəsidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır. Bu etiraz aksiyasının məqsədi hər hansı bir yolun bağlanması deyil və yoldan mülki təyinatlı nəqliyyat vasitələri sərbəst şəkildə hər iki istiqamətdə hərəkət edə bilərlər," o deyib.
Dekabrın 12-dən başlayaraq Azərbaycan qeyri-hökumət təşkilatlarının nümayəndələri Şuşa şəhərinin ətrafında Rusiya sülhməramlılarının postu qarşısında etiraz aksiyası keçirir. Aksiya hələ də davam edir.
Azərbaycanlı mütəxəssislərin Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edən aksiya iştirakçıları Rusiya sülhməramlı kontingentinin komandiri Andrey Volkovun əraziyə gəlməsini tələb edir.
Nəticədə Qarabağ ermənilərinin Ermənistana təmas xətti olan Laçın dəhlizi faktiki olaraq bağlanıb.
Ermənistan baş naziri Nikol Paşinyan Laçın dəhlizinin bağlanmasının 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatın "kobud pozuntusu" olduğunu bildirib. Onun sözlərinə görə, həmin bəyanatın 6-cı maddəsinə əsasən dəhliz Rusiya Federasiyası sülhməramlılarının nəzarətindədir və Azərbaycan vətəndaşların, nəqliyyatın və əmtəənin hərəkətinə təminat verməlidir.
Dekabrın 10-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi əraziləyə gəlsə də, monitorinq cəhdi baş tutmayıb.
Azərbaycan tərəfi baş verənlərə görə Rusiya sülhməramlılarının komandanlığını günahlandırıb.