Accessibility links

ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə danışıb


ATƏT-in 2023-cü ildə fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla ayrılıqda telefonla danışıb.

ATƏT-in mətbuat xidmətinin məlumatına görə, danışıqlarda Cənubi Qafqaz regionundakı vəziyyət, xüsusilə Laçın dəhlizi ilə bağlı müzakirələr aparılıb.

Nazir Osmani vurğulayıb ki, Laçın dəhlizi ətrafındakı vəziyyəti diqqətlə izləyir. O, bunun mülki əhalinin gündəlik həyatına təsirindən narahatlığını ifadə edib. Bütün tərəfləri gərginliyi azaltmağa, konstruktiv və məhsuldar dialoq aparmağa çağırıb.

Sədr Osmani ATƏT-in fəaliyyətinin bir hissəsi kimi Ermənistan və Azərbaycan arasında etimadın yaradılması, münasibətlərin normallaşdırılması tədbirlərinin yerlərdə insanlara təsir edən davamlı problemlərin aradan qaldırılması üçün əsas element olduğunu bildirib.

Bu kontekstdə ATƏT-in fəaliyyətdə olan sədri Osmani gərginliyin aradan qaldırılmasına kömək etmək və davamlı sülh istiqamətində səylərə töhfə vermək üçün şəxsi iştiraka hazır olduğunu bir daha bəyan edib. O, bundan sonra Ermənistan və Azərbaycana ayrı-ayrılıqda səfərlər edəcəyini açıqlayıb.

Öz növbəsində Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, telefon danışığı zamanı nazir Ceyhun Bayramov bölgədəki cari vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşma prosesi istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, Ermənistanın sülh müqaviləsi üzrə danışıqlar prosesinə yaratdığı maneələr barədə qarşı tərəfi məlumatlandırıb.

Nazir Ermənistanın Üçtərəfli Bəyanat çərçivəsində öhdəliklərini "kobud şəkildə pozaraq yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan Azərbaycanın qeyri-qanuni istismar olunmuş mineral resurslarının Ermənistana daşınması, o cümlədən Ermənistandan Azərbaycana 2021-ci il istehsalı minaların gətirilməsi ilə mina təhdidini davam etdirməsi, Azərbaycan ərazisindən hələ də çıxarılmamış erməni silahlı qüvvələrinin təminatı, üçüncü ölkə vətəndaşlarının qanunsuz keçidi məqsədilə sui-istifadə olunduğunu, bütün bu faktların Azərbaycan tərəfinin haqlı etirazına səbəb olduğunu" bildirib.

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan telefon söhbətində həmkarını ATƏT prezidenti olaraq fəaliyyətə başladığına görə təbrik edib və regional təhlükəsizlik məsələləri barədə danışıb.

Rəsmi Yerevanın yaydığı məlumata əsasən, Mirzoyan diqqəti “Azərbaycanın Laçın dəhlizini blokadaya alması nəticəsində yaranan humanitar böhrana” çəkib. Mirzoyan habelə Azərbaycanı 2020-ci ilin noyabrında hərbi əməliyyatlara son qoyan üçtərəfli bəyanatıın şərtlərini və beynəlxalq humanitar qanunları pozmaqda ittiham edib.

Dekabrın 12-dən başlayaraq Azərbaycan qeyri-hökumət təşkilatlarının nümayəndələri Şuşa şəhərinin ətrafında Rusiya sülhməramlılarının postu qarşısında davamlı etiraz aksiyası keçirir.

Azərbaycanlı mütəxəssislərin Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edən aksiya iştirakçıları Rusiya sülhməramlı kontingentinin komandiri Andrey Volkovun əraziyə gəlməsini tələb edir.

Ermənistan baş naziri Nikol Paşinyan Laçın dəhlizinin bağlanmasının 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatın "kobud pozuntusu" olduğunu bildirib. Onun sözlərinə görə, həmin bəyanatın 6-cı maddəsinə əsasən dəhliz Rusiya Federasiyası sülhməramlılarının nəzarətindədir və Azərbaycan vətəndaşların, nəqliyyatın və əmtəənin hərəkətinə təminat verməlidir.

Azərbaycan tərəfi yolun bağlanmadığını və yerli sakinlər üçün həyat əhəmiyyətli nəqliyyatın gediş-gəlişin təmin olunduğunu bildirir.

Dekabrın 10-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi əraziləyə gəlsə də, monitorinq cəhdi baş tutmayıb.

XS
SM
MD
LG