ABŞ-da qərargahlanan Xarici Siyasət Araşdırma İnstitutunun Avrasiya proqramının baş elmi tədqiqatçısı Stefen Blank Amerikanın Səsinə müsahibədə Dağlıq Qarabağın dövlət naziri kimi təqdim edilən Ruben Vardanyanın Qarabağa gəlmə səbəbini, Laçın yolundakı vəziyyəti, Qərbin Azərbaycan və Ermənistanı danışıqlar masasına qaytarmaq üçün ata biləcəyi addımları və Rusiyanın regiondakı rolunu şərh edib.
Amerikanın Səsi: Cənab Blank, milyarder iş adamı Ruben Vardanyan 2022-ci ilin sentyabrında Qarabağa gəlib və növbəti ay Dağlıq Qarabağın dövlət naziri kimi təqdim olunub. Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şubelin başçılıq etdiyi Avropa İttifaqının nümayəndə heyəti ilə görüşündə Moskvadan çox aydın gündəliklə göndərildiyini iddia etdiyi Vardanyanla Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyini müzakirə etmək ideyasını rədd edib. Bu haqda nə düşünürsünüz?
Stefen Blank: Vardanyanın, prezident Əliyevin dediyi kimi, Rusiyanın oraya yerləşdirdiyi birisi olub-olmadığını bilmirəm, amma əslində o, heç nəyi təmsil etmir.
Mənə elə gəlir ki, Ermənistanda və mümkündür Rusiyada da, amma dəqiq deyə bilmərəm, elə qüvvələr var ki, onlar Qarabağı Azərbaycanın yurisdiksiyasına salacaq həll yolunun qarşısını almaq istəyirlər.
Mən onların səbəbləri və qorxularını başa düşürəm. Azərbaycan hökuməti də potensial etnik təqiblərlə bağlı şübhələri aradan qaldırmalıdır. Amma bu, heç kəsə sülh gətirməyəcək.
Ermənistan hökuməti daha əvvəl sülh danışıqlarına hazır olduğunu deyib, amma aydındır ki, bunu etməkdə çox çətinlik çəkir. Mən bunun arxasındakı səbəbin hər hansı danışıqlar prosesini alt-üst etməyə və müharibə vəziyyətini bərpa etməyə çalışan daxili müxalifətin olduğundan şübhələnirəm. Amma Ermənistan qalib gələ bilməz. Sadəcə olaraq qalib gələ bilməz. Paşinyan bunu dərk edib və cəsarətli şəkildə reallığı qəbul edərək, yoluna davam etməyə çalışıb. Məncə bu insanlar bu oyunu oynamağın və uğur qazanmağın artıq mümkün olmadığını və son nəticələrin daha pis olacağını başa düşmürlər.
Amma problem ondadır ki, bu tərəfləri bir otağa salmaq üçün heç kim vasitəçilik etmir. Və bu, sadəcə Vaşinqtonda və ya Brüsseldə keçirilən birdəfəlik bir görüş olmamalıdır. 50 il əvvəl baş verən Yom Kippur müharibəsindən sonra 45 il öncə aparılan Kemp Devid danışıqları kimi davamlı bir proses olmalıdır.
Hər iki tərəfin bu cür hoqqalar çıxarmayacağı üçüncü tərəfin apardığı danışıqlar prosesini canlandırmaq lazımdır. Kimin haqlı olduğunun artıq əhəmiyyəti yoxdur. Əsl məsələ ondan ibarətdir ki, Ermənistan uduzub və qarabağlılar öz vətəndaş və insan hüquqlarını tanıyan, müdafiə edən sülh nizamlanmasına layiqdirlər.
Amerikanın Səsi: Ermənistanla Azərbaycan arasında sentyabr ayından bəri gərginlik mövcuddur. Bu gərginlik dekabrda bir qrup azərbaycanlı fəalın Laçın yolunda bölgədə qanunsuz qazıntı işlərinə etiraz olaraq nümayiş keçirməsindən sonra daha da artıb. Ermənistan Azərbaycanın Laçın dəhlizini bağladığını iddia edir, ancaq Azərbaycan tərəfi yolun əsas malların daşınması üçün açıq olduğunu bildirir. Sizcə, Laçın yolunda nə baş verir?
Stefen Blank: Bilirsiniz bu, birinci sualla bağlıdır. Biz görürük ki, Azərbaycanının erməni elementlərin belə desək “sülh prosesinə” əngəl törətmək səylərinə cavabı məcburedici diplomatiyadır və bunun da öz riskləri var. Amma bir tərəfdə Azərbaycan məcburedici diplomatiya ilə məşğuldur, digər tərəfdə isə ermənilər müqavimət göstərir ki, məncə bu, onlar üçün mənfi nəticələrə gətirib çıxaracaq. Ona görə də, üçüncü tərəfə ehtiyac var.
Və yenə deyirəm, iki tərəf bir-birinə qarşı o qədər amansızdır ki, onlar hər hansı ciddi danışıqlar apara bilmirlər, və bunu onlar üçü başqa biri etməlidir. Bu BMT də, va ya başqa bir üçüncü tərəf də ola bilər. Amma onlar, bundan öncəki sualda da qeyd etdiyim kimi onlar oturub, danışıq aparmalıdırlar, nəinki bu cür hoqqalar çıxarıb və ya məcburedici diplomatiya aparmalı, çünki bunlar sülh gətirməyəcək.
Amerikanın Səsi: Laçın yolunda yaranmış vəziyyətdən sonra 2020-ci ildə əldə olunan atəşkəsdən sonra orada yerləşdirilən Rusiya sülhməramlı qüvvələri Azərbaycan və Ermənistan tərəfindən tənqid atəşinə tutulub. Azərbaycan iddia edir ki, Rusiya sülhməramlı qüvvələri onların beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınan Dağlıq Qarabağa daxil olmasına mane olur. Digər tərəfdən, Ermənistan Rusiya sülhməramlı qüvvələrini blokadaya son qoymadığına görə tənqid edib və Ermənistanın baş naziri çərşənbə axşamı Rusiya sülhməramlılarının Dağlıq Qarabağ ətrafında daha fəal rol oynamamasından narahatlığını ifadə edib. Bu böhranda Rusiyanın roluna münasibətiniz necədir? Rusiya sülhməramlı qüvvələrinin bölgədə gələcəyini necə görürsünüz?
Stefen Blank: Ukraynadakı müharibə səbəbindən Rusiya tamamilə təsirsiz hala gəlib. Moskva qərar verib ki, Azərbaycanı özündən uzaqlaşdıra bilməz. Bunun səbəbləri təkcə Dağlıq Qarabağı əhatə etmir. Bu, həm də Türkiyəni incitmək deməkdir ki, hazırda Rusiya bunu edəcək vəziyyətdə deyil. Ona görə də, Ermənistandan narahat olmağı dayandıra biləcəyini, Ermənistanın cibində olduğunu düşünə bilər. Siz sualınız qeyd etmədiniz, amma Ermənistan bu gün KTMT-nin növbəti raund təlimlərini dayandırdı ki, bu da, onların cavab vermə üsuludur və Rusiyadan narazılıqlarını göstərir. Amma Rusiyanın imperiya məqsədləri üçün oraya rus qoşunları yerləşdirməsi ilkin müqavilənin imzalandığı 2020-ci ilə gedib çıxır. İndi aydındır ki, Rusiya artıq onları orada heç bir təsirli şəkildə saxlaya bilməz və bu, əvvəlki cavablarımda dediyim kimi, döyüşən tərəflərin özlərinin həll etməli olduqları bir problemdir. Yəni Rusiyanın rolu hazırda əsaslı şəkildə mənfidir və daha da pisi, təsirsizdir. Beləliklə, burada ən pis ssenari ilə qarşı-qarşıyasınız.
Amerikanın Səsi: ABŞ və Aİ da Laçın yolundakı vəziyyətdən narahatlığını ifadə edib və tərəfləri dialoqu bərpa etməyə çağırıb. Tərəflər daha öncə davamlı razılıq əldə etmək məqsədi ilə ABŞ və Aİ-nin vasitəçiliyi ilə bir neçə dəfə danışıqlar aparsalar da, bu cəhdlər nəticə verməyib. Son hadisələr fonunda, sizcə, Qərb problemi həll etmək və tərəfləri danışıqlar masasına qaytarmaq üçün nə edə bilər?
Stefen Blank: Karter, Begin və Sadatın iştirakı ilə 1978-ci ildə başlayan Kemp Devid modeli məncə yaxşı bir modeldir. Cənab Paşinyan və cənab Əliyev, istər Brüssel, istərsə də başqa yer olsun, üçüncü tərəf olan neytral bir yerə getməlidirlər və iki tərəf danışıq masasına oturmalıdır və bütün mübahisəli məsələlərlə bağlı razılıq əldə olunmayanadək heç kim otaqdan çıxmamalıdır. Bu, başqa yolla həll olunmayacaq, nə onlar tərəfindən, çünki onlar bir-biri ilə danışmırlar və xoş niyyətlə danışıqlar aparmayacaqlar, nə Rusiya tərəfindən, nə Türkiyə tərəfindən, nə də Aİ və digər ölkələrin ara-sıra və vaxtaşırı müdaxiləsi ilə.
Birləşmiş Ştatlar və Aİ bir həll görmək istəyirlərsə, belə desək, sözdən əmələ keçməli və tərəfləri neytral bir yerə gətirməli və onları bir həll yolu tapana qədər bir otaqda qoyub, qapını bağlamalıdırlar. Amma onlar danışıqlara kömək etməli olacaqlar. Prezident Karter də bunu etdi. Bu, çox çətindir. Heç kim bunun asan olacağını düşünməsin, lakin buna ehtiyac var. Çünki indi Rusiya ilə Türkiyə arasında potensial ziddiyyətlər var. Türkiyə NATO üzvüdür və problem yaranarsa, türklər kömək üçün NATO-ya müraciət edə bilər. O zaman nə olacaq?