ATƏT-in Minsk Qrupu "artıq bir neçə müddətdir ki, fəaliyyət göstərmir".
Bu barədə yanvarın 25-də ənənəvi brifinqdə Dövlət Departamentinin sözçüsü Ned Prays Turan agentliynin ABŞ-ın Qarabağ münaqişəsi ilə bağlı vasitəçilik səyləri haqqında sualının cavabında bildirib.
"Bizim avropalı tərəfdaşlarımızın yerdə monitorinq missiyası var. Təbii ki, bildiyiniz kimi, Dağlıq Qarabağa, Laçın dəhlizində üzləşdiyimiz hazırkı çağırışa, Ermənistanla Azərbaycan arasında gərginlik və münaqişələrə gəldikdə, biz avropalı tərəfdaşlarımızla nəzərəçarpacaq dərəcədə sıx şəkildə işləyirik. Beləliklə, biz öz məlumatlarımızı avropalı tərəfdaşlarımızla paylaşırıq. Eyni şey onlara da aiddir. Biz inanırıq ki, avropalı tərəfdaşlarımızla, lazım gəldikdə ATƏT vasitəsilə, effektiv olarsa birbaşa tərəflərlə sıx əməkdaşlıq etməkdə davam edəcəyik. Biz bütün bunları edirik, davamlı sülh və gərginliyin azaldılması üçün təsirli olduğunu düşündüyümüz hər şeyi davam etdirəcəyik" , o qeyd edib.
Ned Prays "Siz hələ də ABŞ-ı Minsk Qrupunun həmsədri hesab edirsiniz? Çünki ABŞ tərəfindən sədr yoxdur" sualının cavabında deyib ki, Minsk Qrupu bir müddətdir fəaliyyət göstərən qurum deyil.
"Lakin biz bu münaqişənin ikitərəfli, çoxtərəfli qaydada ATƏT vasitəsilə, tərəfdaşlarla, tərəflərin özləri ilə həlli üçün işləməyə hazırıq" o, qeyd edib.
Ned Praysın şərhləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibinin Vaşinqtonun Laçın dəhlizinin açılması ilə bağlı münasibətinə tənqidi cavabından sonraya təsadüf edir.
"Dövlət Departamentinin Ermənistan tərəfini öhdəliklərini yerinə yetirməyə, qanunsuz fəaliyyətə son qoymağa çağırması yerinə düşərdi. Azərbaycanın Qarabağ bölgəsinə təchizat gətirən 1000-dən çox avtomobilin Laçın yolundan keçməsi ABŞ Dövlət Departamentinin sözçüsünün dediklərinin əksini sübut edir" , Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə qeyd edib.