Accessibility links

Ned Prays: ABŞ ümid edir ki, birbaşa dialoq Ermənistan və Azərbaycanı məsələlərin həllinə gətirib çıxaracaq


Dövlət Departamentinin sözçüsü Ned Prays 
Dövlət Departamentinin sözçüsü Ned Prays 

ABŞ ümid edir ki, birbaşa dialoq uzun müddətdir ki, Ermənistan və Azərbaycanı ayıran məsələlərin həllinə gətirib çıxaracaq.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays yanvarın 24-də ənənəvi brifinqdə Turan agentliyinin müxbirinin sualının cavabında bildirib.

Onun sözlərinə görə, ABŞ Ermənistan və Azərbaycanla birbaşa müzakirələrini davam etdirir.

“Biz bunu ikitərəfli şəkildə edirik, biz bunu tərəfdaşlarla edirik, biz bunu çoxtərəfli institutlar vasitəsilə edirik. Keçən il də bir neçə dəfə bunu üçtərəfli qaydada etmək fürsətimiz oldu. Biz, bu çox çətin məsələlərin həllinə nail olmaq üçün ən təsirli olanı edəcəyik”, o qeyd edib.

“Dövlət katibi Blinkenin danışıqların harada dalana dirənməsi barədə dəqiq təsəvvürü varmı?” sualın cavabında Prays deyib: “Bizim vəziyyətlə bağlı yaxşı təsəvvürümüz var. Laçın dəhlizilə bağlı müxtəlif narahatlıqlarımız var. Biz orada vəziyyətin pisləşməsindən narahatıq. Dağlıq Qarabağda humanitar vəziyyətin pisləşməsi təkcə dövlət katibinin yox, həm də bu binadakı digər şəxslərin diqqət mərkəzindədir. Vaxtaşırı təbii qazın verilməsində və digər zəruri kommunal xidmətlərin göstərilməsində fasilələr pisləşən humanitar vəziyyəti daha da ağırlaşdırır. Biz kommersiya və şəxsi səfərlər də daxil olmaqla, dəhliz boyunca sərbəst hərəkətin tam bərpasına çağırırıq. Hesab edirik ki, bu çıxılmaz vəziyyətin yoluna qoyulması həmin ərazidə yaşayan əhalinin təhlükəsizliyini və rifahını təmin edəcək”, Prays əlavə edib.

O, vəziyyətdən çıxış yolunu danışıqlarda görür.

“İrəliyə doğru yol danışıqlardan keçir. Biz davamlı sülhü dəstəkləməyə sadiq qalırıq”, o qeyd edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə twitter səhifəsində yazıb ki, Dövlət Departamentinin Ermənistan tərəfini öhdəliklərini yerinə yetirməyə, qanunsuz fəaliyyətə son qoymağa çağırması yerinə düşərdi.

"Azərbaycanın Qarabağ bölgəsinə təchizat gətirən 1000-dən çox avtomobilin Laçın yolundan keçməsi ABŞ Dövlət Departamentinin sözçüsünün dediklərinin əksini sübut edir," Hacızadə qeyd edib.

ABŞ Dövlət Katibi Antoni Blinken yanvarın 18-də Ermənistanın Baş naziri Nikol Paşinyan, yanvarın 23-də Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı regionda yaranmış durumu müzakirə edib, hər iki tərəfi ikitərəfəli danışıqlarda səyləri artırmağa təşviq edib.

2022-ci il dekabrın 12-dən başlayaraq Azərbaycan qeyri-hökumət təşkilatlarının nümayəndələri Şuşa şəhərinin ətrafında Rusiya sülhməramlılarının postu qarşısında davamlı etiraz aksiyası keçirir.

Azərbaycanlı mütəxəssislərin Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edən aksiya iştirakçıları Rusiya sülhməramlı kontingentinin komandiri Andrey Volkovun əraziyə gəlməsini tələb edir.

Ermənistan Baş Naziri Nikol Paşinyan Laçın dəhlizinin bağlanmasının 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatın “kobud pozuntusu” olduğunu bildirib. Onun sözlərinə görə, həmin bəyanatın 6-cı maddəsinə əsasən dəhliz Rusiya Federasiyası sülhməramlılarının nəzarətindədir və Azərbaycan vətəndaşların, nəqliyyatın və əmtəənin hərəkətinə təminat verməlidir.

Azərbaycan tərəfi yolun bağlanmadığını və yerli sakinlər üçün həyat əhəmiyyətli nəqliyyatın gediş-gəlişinin təmin olunduğunu bildirir.

Ötən il dekabrın 10-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərə gəlsə də, monitorinqə imkan verilməyib.

XS
SM
MD
LG