Dekabrın 28-də Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb və Fransanın Avropa və Xarici İşlər Nazirliyinə ünvanlanmış etiraz notası qarşı tərəfə təqdim olunub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsi məlumat yayıb.
Məlumatda deyilir ki, görüş zamanı Fransa hökumətinin zəruri cavab reaksiyasının olmaması fonunda Fransanın müxtəlif siyasi qüvvələri tərəfindən Azərbaycana qarşı açıq böhtan və qərəz əsasında qurulmuş kampaniyanın genişlənərək davam etməsindən dərin narahatlıq ifadə olunub və məktubda əks olunmuş iddialar qətiyyətlə rədd edilib.
"Bu çərçivədə bir neçə gün əvvəl Fransa parlamentində təmsil olunan siyasi qüvvələrin rəhbərləri adından Fransa prezidentinə ünvanlanmış məktubda Azərbaycana qarşı əsassız ittihamlar səsləndirilməsinin, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qəsd mahiyyətində addımlar atılmasına çağırış edilməsinin qəbuledilməz olduğu bildirilib. Sözügedən məktubun Fransa Parlamentinin hər iki palatasının Azərbaycana qarşı əsassız ittihamlarla dolu qətnamələrinin qəbul edilməsinin də daxil olduğu, məqsədyönlü və sistemli şəkildə həyata keçirilən silsilə xarakterli anti-Azərbaycan tədbirləri və bəyanatlarının davamı olduğu vurğulanıb. Azərbaycan tərəfi Fransa hökuməti tərəfindən Azərbaycana qarşı aparılan kampaniyanın dərhal dayandırılması məqsədilə müvafiq tədbirlərin görülməsinin zəruri olduğunu diqqətə çatdırıb" , Mətbuat Xidməti İdarəsinin məlumatında qeyd edilir.
Le Monde qəzeti dekabrın 27-dəFransanın müxtəlif siyasi qüvvələrini təmsil edən 11 parlamentari və siyasi liderinin prezident Emmanuel Makrona müraciətini yayıb.
"Emmanuel Makron Dağlıq Qarabağ və Ermənistan Respublikası ermənilərinin təhlükəsizliyini təmin etmək üçün mümkün olan hər şeyi etməlidir" , müraciətdə qeyd edilir.
Bundan öncə, noyabrın 30-da Fransa parlamentinin Aşağı Palatası Azərbaycana tənqidi növbəti qətnamə qəbul edib. Fransa hökuməti qətnamənin hökumətin rəsmi mövqeyini əks etdirmədiyini, Azərbaycan Xarici İşlər Nazirliyi isə qətnaməni rədd etdiyni bildirib.
Sənəddə "13-14 sentyabr tarixlərində Azərbaycanın Ermənistana qarşı hərbi təcavüzü və onun suverenliyini pozması" tənqid edilib.
Fransız parlamentarlar "Azərbaycan tərəfindən Ermənistan Respublikasının suveren ərazisinin hərbi işğalına son qoyulması və Azərbaycan qoşunlarının dərhal və qeyd-şərtsiz çıxarılması"na çağırıblar.