Noyabrın 30-da Fransa parlamentinin Aşağı Palatası Azərbaycana tənqidi növbəti qətnamə qəbul edib. Fransa hökuməti qətnamənin hökumətin rəsmi mövqeyini əks etdirmədiyini, Azərbaycan Xarici İşlər Nazirliyi isə qətnaməni rədd etdiyni bildirib.
Sənəddə "13-14 sentyabr tarixlərində Azərbaycanın Ermənistana qarşı hərbi təcavüzü və onun suverenliyini pozması" tənqid edilir.
Fransız parlamentarlar "Azərbaycan tərəfindən Ermənistan Respublikasının suveren ərazisinin hərbi işğalına son qoyulması və Azərbaycan qoşunlarının dərhal və qeyd-şərtsiz çıxarılması"na çağırırlar.
Aşağı Palata 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyannamələrin şərtlərinə ciddi şəkildə riayət etməyə çağırır və Fransa hökumətinə "Cənubi Qafqazda hərbi əməliyyatların dayandırılmasını və mülki əhalinin təhlükəsizliyini təmin etmək iqtidarında olan" beynəlxalq qüvvələr göndərmək üçün BMT ilə işləməyi təklif edir.
Qətnamədə Ermənistanın təhlükəsizliyini təmin etmək iqtidarında olmayan və Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində hərbi yardım çağırışlarına məhəl qoymayan Rusiyanın ünvanına tənqid yer alır.
Qətnamənin preambulasında Azərbaycanın ünvanına beynəlxalq hüququ pozmaq və hərbi cinayətlər törətmək ittihamları əksini tapır.
Fransa hökumətinin Ermənistan və Azərbaycanla bağlı Senatın, daha sonra isə Milli Assambleyanın qəbul etdiyi iki qətnaməyə münasibəti ilə bağlı sualı cavablandıran Avropa və Xarici İşlər Nazirliyinin sözçüsü bəyan edib ki, qəbul edilən qətnamə hökumətin rəsmi mövqeyini əks etdirmir və müstəqil şəkildə, hakimiyyət bölgüsü prinsipinə uyğun olaraq qəbul edilib.
"Fransa hökumətinin mövqeyi məlumdur və nazir tərəfindən dəfələrlə, xüsusən də noyabrın 29-da bildirilmişdir, yəni Fransa sülh əldə etmək fürsətindən istifadə etmək üçün tərəfləri bu danışıqlarda irəliləməyə təşviq etməkdə davam edir. Məhz bu ruhda Respublika Prezidenti Ermənistan və Azərbaycan prezidentlərini Praqada bir araya gətirdi və bu görüş Avropa İttifaqının müşahidə missiyasının Ermənistan ərazisinə yerləşdirilməsinə xüsusi səbəb oldu," o deyib.
Azərbaycan Xarici İşlər Nazirliynin şərhində bildirilir ki, Fransa tərəfindən atılan "təxribat xarakterli addımları, o cümlədən bu ölkənin Senatı tərəfindən daha əvvəl qəbul edilmiş qətnamə kimi, bu qətnaməni də qətiyyətlə rədd edir".
"Azərbaycan əleyhinə qəbul edilmiş yalan və iftira dolu" bu sənəd "Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə, habelə bölgədə sülh və əmin-amanlığın bərqərar olması səylərinə xələl gətirilməsi məqsədi daşıyır.
Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu qətnamə bir daha Fransanın qərəzli siyasi mövqeyini, beləliklə, bitərəf və ədalətli vasitəçi rolunda çıxış etmək iqtidarında olmadığını bariz şəkildə nümayiş etdirir.
Xüsusilə qeyd edək ki, qətnamə üzrə dinləmələrdə Fransa hökumətinin nümayəndəsinin faktiki olaraq qətnaməni dəstəkləməsi, bu qətnamənin də arxasında son vaxtlar açıq şəkildə müxtəlif platformalarda anti-Azərbaycan təşəbbüslərlə çıxış edən Fransa hökumətinin dayandığını növbəti dəfə göstərir," Xarici İşlər Nazirliynin şərhində qeyd edilir.
Nazirlik qeyd edir ki, Fransa 25 ilə yaxın müddətdə ona həvalə edilmiş vasitəçilik rolunu bəhanə gətirərək, "Ermənistanın təcavüzünə və işğalçı siyasətinə qiymət verməyib, beləliklə də münaqişənin həllinə çalışmayıb".
Noyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Fransa onun ölkəsi ilə Ermənistan arasında sülh danışıqlarına vasitəçilik edə bilməz.
Makronun rəsmi Bakını "təhqir" etdiyini əsas gətirən Əliyev 7 dekabrda Brüsseldə nəzərdə tutulmuş Fransa Prezidenti Emmanuel Makron və Avropa Şurası Prezidenti Şarl Mişelin də qatılacağı dördtərəfli görüşü təxirə salıb.