Accessibility links

Filip Rikerin videomüraciəti: Sülh əldə etmək istəyən hər iki ölkə tərəfindən real və cəsarətli addımları müşahidə edirəm


Filip Riker
Filip Riker

ABŞ-ın Bakıdakı səfirliyi noyabrın 29-da dünən Azərbayana səfərini başa vuran ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz üzrə xüsusi səfiri Filip Rikerin videomüraciətini yayıb.

"Hər dəfə buraya döndüyüm zaman mən iqtisadiyyatın, insanların dayanıqlığının və bütün Cənubi Qafqaz bölgəsi üçün imkanların artdığını müşahidə edirəm. Dövlət katibi Blinken sülhen əldə olunması çünü imkana və Cənubi Qafqazın potensialına çox inanır. O coğrafiyanın vacib olduğunu anlayaraq məndən bölgəyə səfər etməyi xahiş etdi. Mən indi Bakıdayam, buradan da Tbilisi və Yerevana səfər edəcəyəm. Bu bölgədə coğrafiya və tarix görüşür. Biz bilirik ki, sülh prosesi asan deyil. Bilirəm ki, münaqişə hər iki tərəfdə illər boyu böyük çətinliklərə və əzaba səbəb olub. Lakin inanıram ki, ümid də var. Dinc gələcək üçün olan bir ümid. Ümid edirəm ki, sülh danışıqları zamanı əldə edilən impuls saxlanıla biləcək və daha parlaq gələcəyin təminatı üçün tarixin yeni səhifəsi açıla bilər. Hazırda gələcəyə baxan və davamlı sülhü əldə etmək istəyən hər iki ölkə tərəfindən real və cəsarətli addımları müşahidə edirəm" , o qeyd edib.

Diplomat xatırladıb ki, dövlət katibi Antoni Blinkenin qeyd etdiyi kimi, hər iki dövlət Cənubi Qafqazda daha firavan, dinc gələcəyi təmin etmək naminə çalışır: "Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında birbaşa dialoqu dəstəkləyir və əldə olunan impulsun yeni ildə də saxlanılmasına çağırır. Real proqres əldə olunub və sülh daha yaxşı və parlaq gələcək vəd edir. Mən sülhün əldə olunması üçün nümayiş etdirilən zəruri cəsarəti və qətiyyəti alqışlayıram".

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker noyabrın 28-29-da Azərbaycanda səfərdə olub.

Noyabrın 28-də Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşavirini qəbul edib.

Azərbaycan Prezidentinin rəsmi internet saytının məlumatına görə, görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə danışıqların aparılması ilə bağlı xarici işlər nazirləri səviyyəsində Vaşinqtonda keçirilmiş görüş ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, noyabrın 7-də Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında geniş tərkibli görüş keçirilib. Eyni zamanda ABŞ Dövlət Katibi Antoni Blinkenin iştirakı ilə üçtərəfli görüş olub.

"Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına sadiqdir. Birbaşa dialoq həqiqi sülhə aparan ən yaxşı yoldur və ABŞ buna dəstək olmaqdan çox məmnundur. Birləşmiş Ştatlar həm Ermənistan, həm də Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün güclü dəstəkçisidir" , Dövlət katibi bildirib.

Bununla yanaşı, noyabrın 26-da Rusiya və Azərbaycan prezidentləri telefon danışığı zamanı Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündə Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması, həmçinin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmasının yerinə yetirilmə durumu müzakirə edilib.

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 25-də Azərbaycanın Ermənistanla danışıqlarda Fransanın iştirak etməsini istəmədiyini bildirib və bu səbəblə dekabrın 7-də Brüsseldə Ermənistan Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Avropa Şurasının başçısı Şarl Mişelin iştirakı ilə dördtərəfli görüşün keçirilməyəcəyini deyib.

Sentyabr ayında Ermənistanla Azərbaycan arasında döyüşlər baş verib. Hər iki tərəf döyüşlərə görə bir-birini günahlandırıb.

Daha sonra tərəflər arasında atəşkəslə bağlı razılıq əldə olunub və hər iki ölkə ötən ay Praqada keçirilən görüşdə sərhəddə Avropa İttifaqının mülki missiyasının yerləşdirilməsinə razılaşıb.

Lakin Prezident İlham Əliyev çıxışında Ermənistan baş naziri Nikol Paşinyanı Makronun iştirakı tələbini irəli sürməklə sülh danışıqlarını pozmaqda ittiham edib.

"Makron müsahibəsində Azərbaycanı tənqid etdi və bizi törətmədiyimiz işlərdə ittiham etdi" , Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat mövzusunda beynəlxalq konfrans"da çıxışında deyib.

O daha sonra deyib ki, Fransa lideri "anti-Azərbaycan mövqe sərgiləyib" və Bakını təhqir edib.

"Bütün bunlar nəzərə alınsa aydındır ki, Fransa sülh danışıqlarında iştirak edə bilməz".

Ermənistanın xarici işlər nazirliyi danışıqların "Praqa formatını" qoruyub saxlamaq istədiyini bildirib ki, bu formatda danışıqlarda Makron və Mişel də iştirak edir.

Makron Rusiyanı Bakı ilə Yerevan arasında gərginliyi artırmaqda ittiham edib və Paşinyanla telefon danışığında Ermənistanın suverenliyinə dəstəyini ifadə edib.

Ermənistan, həmçinin noyabrın 25-də bildirib ki, Azərbaycan onların noyabrın əvvəlində Vaşinqtonda xarici işlər nazirləri arasında keçirilən görüşdə təqdim etdiyi sülh sazişi ilə bağlı son təkliflərinə hələ cavab verməyib.

Kremlin sözçüsü Dmitri Peskov noyabrın 25-də bildirib ki, 2020-ci ildə bölgəyə sülhməramlı qüvvə yerləşdirən Moskva növbəti danışıqlara vasitəçilik etməyə hazırdır, lakin o, liderlərin Moskvada görüşü ilə bağlı konkret planın olmadığını deyib.

XS
SM
MD
LG