Accessibility links

Vaşinqtonda Blinkenin təşəbbüsü ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirildi


Antoni Blinken, Ceyhun Bayramov və Ararat Mirzoyan (Foto Azərbaycan Xarici İşlər Nazirliyinindir)
Antoni Blinken, Ceyhun Bayramov və Ararat Mirzoyan (Foto Azərbaycan Xarici İşlər Nazirliyinindir)

Noyabrın 7-də Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında geniş tərkibli görüş keçirilib. Eyni zamanda ABŞ Dövlət Katibi Antoni Blinkenin iştirakı ilə üçtərəfli görüş olub.

Görüşün əvvəlində Blinken nazirləri və nümayəndə heyətlərini salamlayaraq, mətbuat qarşısında çıxış edib. O, Nyu-Yorkda BMT-nin Baş Assambleyasında başladılan və daha sonra hər üç ölkənin nümayəndələri arasında gedən müzakirələri davam etdirmək üçün Vaşinqtonda olduqları üçün xarici işlər nazirlərinə təşəkkür edib.

“Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına sadiqdir. Birbaşa dialoq həqiqi sülhə aparan ən yaxşı yoldur və ABŞ buna dəstək olmaqdan çox məmnundur. Birləşmiş Ştatlar həm Ermənistan, həm də Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün güclü dəstəkçisidir,” Dövlət Katibi bildirib.

Tərəflər arasında birbaşa dialoqu sülhə aparan "ən yaxşı yol" kimi qiymətləndirən Blinken Ermənistan və Azərbaycan arasındakı sülh danışıqlarını dəstəkləməkdən məmnun olduğunu çatdırıb.

Blinkenin giriş nitqindən sonra görüş qapalı formatda davam edib.

Görüşün ardınca Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Twitter hesabında yazıb ki, Azərbaycan sülhə sadiqdir.

“ABŞ dövlət katibi Blinkenin təşəbbüsü ilə Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüm olub. Mən bir daha Azərbaycanın Azərbaycan-Ermənistan sülh sazişinin tezliklə bağlanmasına sadiqliyini və hazır olduğunu bəyan etdim, həmçinin bu prosesi pozacaq hərəkətlərdən çəkinməyə çağırış etdim,” o, qeyd edib.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan (Foto Azərbaycan Xarici İşlər Nazirliyinindir)
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan (Foto Azərbaycan Xarici İşlər Nazirliyinindir)

Ermənistanın Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, tərəflər potensial sülh sazişinin elementləri barədə fikir mübadiləsi aparıb, hələ də həll edilməsi lazım olan bir sıra məsələlərin olduğunu qeyd ediblər.

"Hər iki tərəf Ermənistan və Azərbaycan liderlərinin oktyabrın 6-da Praqada, oktyabrın 31-də Soçidə görüşlərində üzərinə düşən öhdəlikləri bir daha təsdiqləyib. Ermənistan və Azərbaycan xarici işlər nazirləri danışıqlarını sürətləndirmək və yaxın həftələrdə daha bir görüş keçirmək barədə razılığa gəliblər," məlumatda qeyd edilir.

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşə münasibət bildirib.

“Dünən Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında vacib görüş olub. Ararat Mirzoyan və Ceyhun Bayramovun ikitərəfli sülh müqaviləsi üzrə substantiv danışıqlar prosesində iştirakı sevindirici haldır,” Klaar Twitterdə yazıb.

Azərbaycan və Ermənistanın baş diplomatları yaxın həftələrdə daha bir görüş keçirmək barədə razılığa gəliblər.

XS
SM
MD
LG