Noyabrın 22-də Rusiyab Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.
Rusiya Prezidentinin rəsmi internet saytının məlumatına görə, telefon danışığı zaman Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2022-ci il oktyabrın 31-də Soçidə əldə etdikləri razılaşmaların, habelə üç ölkənin ən yüksək səviyyədə əvvəlki birgə bəyanatlarının praktiki icrası məsələləri müzakirə edilib. Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyin təmin edilməsi və Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpası istiqamətində işlərin üçtərəfli formatda davam etdirilməsinin vacibliyi vurğulanıb.
Məlumatda deyilir ki, enerji sahəsində əməkdaşlığın gələcək inkişaf perspektivləri də müzakirə edilib.
Oktyabrın 31-də Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş Naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında üçtərəfli formatda görüş olub.
Görüşün yekunları üzrə birgə bəyanatda deyilir ki, görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il üzrə üçtərəfli bəyanatların icrasını müzakirə edib.
"Azərbaycan-Ermənistan münasibətlərinin hərtərəfli normallaşması, Cənubi Qafqazda sülhün, sabitliyin, təhlükəsizliyin və davamlı iqtisadi inkişafın təmin edilməsi naminə bütün bu sazişlərə ciddi əməl etməyə bir daha sadiqlik nümayiş etdirilib. Biz humanitar məsələlər də daxil olmaqla, qalan vəzifələrin təcili həllinə yönəlmiş əlavə səylər göstərməyə razılaşdıq," sənəddə qeyd edilir.
Bəyanatda Rusiya sülhməramlı kontingentinin yerləşdiyi zonada təhlükəsizliyin təmin edilməsinə əsas töhfəsi qeyd edilir, onun regionda vəziyyətin sabitləşdirilməsi istiqamətində vacibliyi vurğulanır.
"Biz güc tətbiq etməkdən və ya onun tətbiqi ilə hədələməkdən çəkinməyə, bütün problemli məsələləri BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq yalnız suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə edərək həllinə razılaşdıq," sənəddə qeyd edilir.
Bununla yanaşı, bəyanatda regionda davamlı və uzunmüddətli sülhə nail olmaq üçün Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına fəal hazırlığın vacibliyi deyilir.
Tərəflər arasında mövcud imkanlar əsasında qarşılıqlı məqbul həll yollarının axtarışının davam etdirilməsi razılaşdırılıb. Rusiya buna "hər cür kömək" göstərəcəyini bildirib.
Liderlər Rusiyanın yardımı ilə ictimaiyyət nümayəndələri, ekspertlər və dini liderlər arasında dialoqun davam etdirilməsi üçün Azərbaycan ilə Ermənistan arasında müsbət atmosferin yaradılmasının, habelə iki ölkə xalqları arasında etimadı gücləndirmək üçün üçtərəfli parlamentlərarası təmasların başlanmasının vacibliyini qeyd ediblər.
Azərbaycan və Ermənistan liderləri Rusiyanın bu ölkələr arasında münasibətlərin normallaşmasına, Cənub Qafqazda sabitliyin və rifahın təmin edilməsinə bundan sonra da hər cür töhfə verməyə hazır olduğunu alqışlayıblar.
Soçi görüşündən sonra noyabrın 7-də Vaşinqtonda ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib.
Görüşün əvvəlində Blinken bildirib ki, Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına sadiqdir.
“Birbaşa dialoq həqiqi sülhə aparan ən yaxşı yoldur və ABŞ buna dəstək olmaqdan çox məmnundur. Birləşmiş Ştatlar həm Ermənistan, həm də Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün güclü dəstəkçisidir,” dövlət katibi bildirib.
30 il ərzində davam edən münaqişənin böyük maddi və mənəvi itkilərə, dərin yaralara səbəb olduğunu qeyd edən Blinken əlavə edib edib ki, indi hər iki ölkə keçmişi arxada qoyaraq möhkəm sülhə doğru cəsur addımlar atır. "Hər iki ölkə sülh üçün, nəticədə Cənubi Qafqazın daha parlaq gələcəyi üçün çalışır," o qeyd edib.