Accessibility links

Rəsmi Moskva Qərbin Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasında səylərindən narahat olduğunu bildirib


“Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı Rusiyaya növbəti üçtərəfli sammitə dəvət edib, burada üçtərəfli və ikitərəfli məsələlərin bütün spektrinin müzakirəsi planlaşdırılır.”

Bu barədə Rusiya Xarici işlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Ermənistan ətrafında gedən prosesləri və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına necə münasibət bildirərdiniz?” sualına cavabda bildirib.

Zaxarova bildirib ki, Rusiya “Qərbin Ukraynada işlənmiş qarşıdurma sxemlərini açıq-aydın ötürməyə çalışdığı bir zamanda Zaqafqaziyada güclənən həyəcanverici tendensiyalardan narahat olmaya bilməz.”

"Qardaş Ermənistanın görünməmiş xarici təzyiqlərə məruz qaldığını görürük. Ölkələrimiz və xalqlarımız arasında çoxəsrlik əlaqələrə xələl gətirmək məqsədilə Rusiyanın regiondakı siyasətini gözdən salmaq üçün addımlar atılır," Zaxarova bildirib. "Vaşinqton və Brüsselin göstərişi ilə fəaliyyət göstərən çoxsaylı fondlar, QHT-lər və media cəmiyyətdə anti-Rusiya əhval-ruhiyyəsi oyatmağa çalışır," o əlavə edib.

Zaxarova əmin olduğunu bildirib ki, "xarici qüvvələrin Moskva ilə Yerevan arasında çəkişmə cəhdləri uğurlu olmayacaq."

Bundan öncə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderlərinin bir neçə görüşü keçirilib.

Bu il oktyabrın 6-da isə Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyanın dördtərəfli formatda görüşü olub.

Görüşdən sonra Prezident İlham Əliyev tərəflərin hər dəfə sülhə daha da yaxınlaşdığını bildirib.

“Hesab edirəm ki, bu görüşün də sülh müqaviləsinə çatmaq üçün önəmi olacaqdır. Hələ ki, təmaslar davam edir. Hər halda, sülh prosesinə artıq təkan verildi,” Əliyev görüşdən sonra qeyd edib.

Görüşdən sonra Yelisey sarayının rəsmi saytında yayılan bəyanatda deyilir ki, Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdıqları 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiq ediblər.

Bundan əlavə Avropa İttifaqının rəsmi saytında dərc edilmiş bəyanatda da deyilir ki, tərəflər “təsdiqləyiblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçiriləcək."

Ermənistan Baş nazirinin rəsmi saytında dərc edilən bəyanatda bildirilir ki, Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan bu missiya ilə özünə aid olacaq dərəcədə əməkdaşlıq etməyi qəbul edib.

Praqa görüşündən sonra, oktyabrın 7-də ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib ki, ABŞ Ermənistan və Azərbaycanın möhkəm sülh sazişinə nail olmaq üçün atdığı addımları dəstəkləyir və problemlərin dinc yolla həllində Ermənistana və Azərbaycana kömək etməyə sadiqdir.

Alma-Ata Bəyannaməsi 1991-ci il dekabrın 21-də imzalanıb. Bu, əslində SSRİ-nin dağılmasını rəsmiləşdirib və MDB-nin yaradılmasını elan edib. Bəyannaməni imzalayan dövlətlər bir-birinin ərazi bütövlüyünü və o dövrə mövcud olan sərhədlərin toxunulmazlığını tanımağa və hörmət etməyə söz veriblər. Bəyannaməni keçmiş SSRİ-nin 12 respublikası imzalayıb.

Mövzuya uyğun

XS
SM
MD
LG