Accessibility links

Rusiyanın təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan liderləri görüşəcək


Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan (Arxiv foto)
Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan (Arxiv foto)

Oktyabrın 31-də Rusiya tərəfinin təşəbbüsü ilə Soçidə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar keçiriləcək.

Bu barədə Rusiya prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, üçtərəfli görüşdə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin icrası, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə gələcək addımların nəzərdən keçirilməsi planlaşdırılır. Ticarət, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və inkişafı məsələləri də müzakirə olunacaq.

Vladimir Putinlə Nikol Paşinyan və İlham Əliyev arasında təkbətək görüş də planlaşdırılır.

Oktyabrın 28-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Təhlükəsizlik Şurasının növbədənkənar video formatda sessiyasında Vladimir Putin deyib ki, tarixə nəzər salınsa Rusiya “qədim zamanlardan erməni xalqının təhlükəsizliyinin təmin edilməsində erməni dostlarını dəstəkləyib”.

“Ermənistan-Azərbaycan nizamlanmasına gəlincə, biz bu gün mümkün olan hər şeyi edirik ki, Bakı ilə Yerevan arasında münasibətlərin hərtərəfli və hamı tərəfindən qəbul olunan normallaşmasına nail olunsun. Dərhal qeyd etmək istərdim, bu, hamıya aydındır: istər Azərbaycan, istərsə də Ermənistan yaxın keçmişdə Rusiya kimi, biz hamımız vahid dövlətin tərkibində olmuşuq. Bizim həm Yerevan, həm də Bakı ilə çoxlu sayda əlaqələrimiz var və bunu nəzərə almamaq sadəcə mümkün deyil. Təbii ki, hamımız kifayət qədər çətin vəziyyətdəyik. Amma təbii ki, biz Rusiyaya yaxın dövlətlər arasında problemlərdən və ziddiyyətlərdən kənarda qala bilmərik və onların sülh yolu ilə həllinə töhfə verməyə hər zaman hazırıq. Ümumiyyətlə, biz şübhəsiz ki, Cənubi Qafqazın sakit və davamlı inkişaf edən region olmasında maraqlıyıq.

Şübhəsiz ki, sülhə aparan yeganə mümkün və real yol Rusiya, Ermənistan və Azərbaycan liderlərinin məlum birgə bəyanatlarının bütün müddəalarına tərəflər tərəfindən ciddi əməl olunması ilə qoyulmuş yol ola bilər - mən indi bütün bunları sadalamayacağam.

Məhz Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası yolları, nəqliyyat kommunikasiyalarının açılması, humanitar məsələlərin həlli ilə bağlı bu razılaşmaların ardıcıl icrası nəticəsində Ermənistanla Azərbaycan arasında münasibətlərin stabil normallaşmasına nail olmaq mümkündür. Biz bunu Ermənistanın baş naziri ilə dəfələrlə müzakirə etmişik və mən başa düşürəm ki, həmkarımız bununla tam razıdır. Sual budur ki, bu həll yollarını necə tapmaq olar, bu asan deyil, ancaq onları yalnız bu yolla tapa bilərsiniz. Gələcəkdə bu, sülh müqaviləsinin bağlanmasına imkan verəcək,” Rusiya prezidenti qeyd edib.

Eyni zamanda, oktyabrın 28-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə edib.

Ceyhun Bayramov bildirib ki, telefon danışığı zamanı tərəflər Azərbaycan və Ermənistan arasında normallaşma prosesi və sülh səylərinin perspektivləri haqqında müzakirə aparıblar. Bu barədə Ceyhun Bayramov Twitter səhifəsində məlumat verib.

“Bir daha ölkəmin regionumuzda sülh və sabitliyə nail olmağa sadiqliyini və tam hazır olduğunu bir daha vurğuladım,” Bayramov qeyd edib.

Soçidə gözlənilən üçtərəfli görüşədək iki ölkə arasında aparılan sülh danışıqlarına Avropa İttifaqı vasitəçilik edib. Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri artıq dörd dəfə görüşüb. Sonuncu dəfə bu il oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyanın dördtərəfli formatda görüşü olub.

Görüşdən sonra Yelisey sarayının rəsmi saytında yayılan bəyanatda deyilir ki, Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdıqları 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiq ediblər.

Bundan əlavə Avropa İttifaqının rəsmi saytında dərc edilmiş bəyanatda da deyilir ki, tərəflər "təsdiqləyiblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçiriləcək".

Praqa görüşündən sonra, oktyabrın 7-də ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib ki, ABŞ Ermənistan və Azərbaycanın möhkəm sülh sazişinə nail olmaq üçün atdığı addımları dəstəkləyir və problemlərin dinc yolla həllində Ermənistana və Azərbaycana kömək etməyə sadiqdir.

Alma-Ata Bəyannaməsi 1991-ci il dekabrın 21-də imzalanıb. Bu, əslində SSRİ-nin dağılmasını rəsmiləşdirib və MDB-nin yaradılmasını elan edib. Bəyannaməni imzalayan dövlətlər bir-birinin ərazi bütövlüyünü və o dövrə mövcud olan sərhədlərin toxunulmazlığını tanımağa və hörmət etməyə söz veriblər. Bəyannaməni keçmiş SSRİ-nin 12 respublikası imzalayıb.

Mövzuya uyğun

XS
SM
MD
LG