Accessibility links

Dövlət Departamenti: Blinken G20 sammitində Lavrovla görüşməyi planlaşdırmır


Dövlət katibi Antoni Blinken Balidə növbəti həftə başlayacaq G20 Liderlər Sammiti zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşməyi planlaşdırmır. Bu barədə cümə axşamı Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

Prays jurnalistin G20 formatında keçirilən tədbirdə dövlət katibinin əvvəlki kimi rusiyalı diplomatı “təcrid etməyi” zəruri hesab edib-etməməsi ilə bağlı sualına müsbət cavab verib.

Xatırladaq ki, iyul ayında Qərb koalisiyasının nümayəndələri Rusiya nümayəndələrinin G20 xarici işlər nazirlərinin görüşündə iştirakına məhəl qoymamış və boykot etmişdilər.

“Hesab edirik ki, Rusiya Federasiyası ilə heç nə olmamış kimi iş aparmaq mümkün deyil. Belə düşünən təkcə biz deyilik. Hesab edirəm ki, hər kəs Balidə G20-nin iyulda keçirilən nazirlər görüşü zamanı Rusiyanın təcrid olunduğunu gördü. Biz bu barədə G20 ölkələrinin əksəriyyətini təmsil edən bir sıra nazirlərdən eşitmişik. Aydındır ki, bu barədə xarici işlər naziri Lavrov da eşidib. Onun bir sıra həmkarlarının qınağını eşitdikdən sonra günortadan sonra geri qayıtmağa tələsməməsi, məncə, onun çox aydın şəkildə eşitdiyi və özünün qəbul etdiyi nifrətdən və tənqiddən danışır” – deyə, Prays qeyd edib.

Ned Prays, prezident Vladimir Putinin görüşdə olmaması səbəbindən Lavrovun Rusiyanı təmsil edəcəyi G20 liderlərinin sammitində Rusiyanın xarici işlər nazirinin “çox oxşar bir şey eşidəcəyini” təxmin edir.

“Dünya ölkələri Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsini pisləməkdə davam edir. Bu, G7 ölkələrindən xeyli kənara çıxır. Biz regionun bir sıra ölkələrindən, o cümlədən ən azı ilk mərhələdə yayınmağa cəhd edən ölkələrdən bu təcavüzə son qoymağa çağıran şərhləri eşitdik ki, bu da bunu aydın edir: Sərhədlər güclə yenidən formalaşdırıla bilməyəcək və dəyişdirilməməlidir” – deyə, ABŞ rəsmisi qeyd edib.

Dövlət Departamentinin sözçüsü həmçinin təxmin edir ki, G20-nin bir sıra ölkələri sammit zamanı Rusiyanın beynəlxalq nizam qaydalarını pozmasının nəticələri, o cümlədən ərzaq və enerji qiymətlərinin artması barədə danışacaqlar.

"İndi Qara Dəniz Taxıl Təşəbbüsü yenidən şübhə altında olduğu üçün, çünki ruslar onu yeniləyib-yeniləməyəcəkləri ilə bağlı aydınlıq gətirməkdən imtina etməyə davam edir, mən bunu yenidən eşidəcəyimizi gözləyirəm. Biz yenə də rusların saxta ittihamlara əl atdıqlarını eşidirik və düşünürəm ki, dünya Moskvanın “bunun müqabilində nə alacağıq?” sualına yenə də xoşagəlməz reaksiya verəcək, dünyanın qalan hissəsi isə ac qalmaq riski ilə üzləşəcək”- deyə, Prays qeyd edib.

Antoni Blinkenin Sergey Lavrovla qarşılıqlı əlaqə planları ilə bağlı suala Prays belə cavab verib: “Hazırda hər hansı rəsmi görüşlə bağlı planımız yoxdur”.

XS
SM
MD
LG