Accessibility links

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Azərbaycandadır


Filip Riker
Filip Riker

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker noyabrın 28-29-da Azərbaycanda səfərdədir.

ABŞ-ın Azərbaycandakı Səfirliyinin məlumatına görə, Bakıya səfəri zamanı səfir Filip Riker Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramov da daxil olmaqla hökumət rəsmiləri ilə görüşəcək.

"Hər iki tərəf davamlı sülh razılaşmasına nail olmağa çalışdığı bir zaman səfir Riker ABŞ-ın Azərbaycan və Ermənistan arasında birbaşa danışıqlara davamlı dəstəyini vurğulayacaq" , məlumatda qeyd olunub.

Xatırladaq ki, noyabrən 28-də Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşavirini qəbul edib.

Azərbaycan Prezidentinin rəsmi internet saytının məlumatına görə, görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə danışıqların aparılması ilə bağlı xarici işlər nazirləri səviyyəsində Vaşinqtonda keçirilmiş görüş ətrafında fikir mübadiləsi aparılıb.

İlham Əliyev və Filip Riker (Rəsmi foto, mənbə Prezident Administrasiyası)
İlham Əliyev və Filip Riker (Rəsmi foto, mənbə Prezident Administrasiyası)

Görüş zamanı ABŞ dövlət katibi Antoni Blinkenin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini daim diqqətdə saxlaması yüksək qiymətləndirilib.

Bundan əlavə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar "Twitter" hesabında qeyd edib ki, Gərginliyin azaldılması üçün Azərbaycan və Ermənistan tərəfindən təmkin göstərilməsinə və güclü siyasi iradə lazımdı.

"Ötən həftənin sonunda Azərbaycana səfərin ardınca bir neçə fikir:

1) Azərbaycan Prezidenti tərəfindən Aİ-nin vasitəçilik etdiyi formata vacib sadiqlik.

2) Bir sıra çağırışlar qalır; gərginliyin azaldılması və hərtərəfli tənzimləmə üçün Azərbaycan və Ermənistan tərəfindən təmkin və güclü siyasi iradəyə ehtiyac olacaq", o əlavə edib.

Xatırladaq ki, noyabrın 7-də Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında geniş tərkibli görüş keçirilib. Eyni zamanda ABŞ Dövlət Katibi Antoni Blinkenin iştirakı ilə üçtərəfli görüş olub.

"Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına sadiqdir. Birbaşa dialoq həqiqi sülhə aparan ən yaxşı yoldur və ABŞ buna dəstək olmaqdan çox məmnundur. Birləşmiş Ştatlar həm Ermənistan, həm də Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün güclü dəstəkçisidir" , Dövlət katibi bildirib.

Bununla yanaşı, noyabrın 26-da Rusiya və Azərbaycan prezidentləri telefon danışığı zamanı Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündə Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması, həmçinin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmasının yerinə yetirilmə durumu müzakirə edilib.

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 25-dəAzərbaycanın Ermənistanla danışıqlarda Fransanın iştirak etməsini istəmədiyini bildirib və bu səbəblə dekabrın 7-də Brüsseldə Ermənistan Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Avropa Şurasının başçısı Şarl Mişelin iştirakı ilə dördtərəfli görüşün keçirilməyəcəyini deyib.

Sentyabr ayında Ermənistanla Azərbaycan arasında döyüşlər baş verib. Hər iki tərəf döyüşlərə görə bir-birini günahlandırıb.

Daha sonra tərəflər arasında atəşkəslə bağlı razılıq əldə olunub və hər iki ölkə ötən ay Praqada keçirilən görüşdə sərhəddə Avropa İttifaqının mülki missiyasının yerləşdirilməsinə razılaşıb.

Lakin Prezident İlham Əliyev çıxışında Ermənistan baş naziri Nikol Paşinyanı Makronun iştirakı tələbini irəli sürməklə sülh danışıqlarını pozmaqda ittiham edib.

"Makron müsahibəsində Azərbaycanı tənqid etdi və bizi törətmədiyimiz işlərdə ittiham etdi" , Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat mövzusunda beynəlxalq konfrans"da çıxışında deyib.

O daha sonra deyib ki, Fransa lideri "anti-Azərbaycan mövqe sərgiləyib" və Bakını təhqir edib.

"Bütün bunlar nəzərə alınsa aydındır ki, Fransa sülh danışıqlarında iştirak edə bilməz".

Ermənistanın xarici işlər nazirliyi danışıqların "Praqa formatını" qoruyub saxlamaq istədiyini bildirib ki, bu formatda danışıqlarda Makron və Mişel də iştirak edir.

Makron Rusiyanı Bakı ilə Yerevan arasında gərginliyi artırmaqda ittiham edib və Paşinyanla telefon danışığında Ermənistanın suverenliyinə dəstəyini ifadə edib.

Ermənistan, həmçinin noyabrın 25-də bildirib ki, Azərbaycan onların noyabrın əvvəlində Vaşinqtonda xarici işlər nazirləri arasında keçirilən görüşdə təqdim etdiyi sülh sazişi ilə bağlı son təkliflərinə hələ cavab verməyib.

Kremlin sözçüsü Dmitri Peskov cümə günü bildirib ki, 2020-ci ildə bölgəyə sülhməramlı qüvvə yerləşdirən Moskva növbəti danışıqlara vasitəçilik etməyə hazırdır, lakin o, liderlərin Moskvada görüşü ilə bağlı konkret planın olmadığını deyib.

XS
SM
MD
LG