Noyabrın 26-da Rusiya və Azərbaycan prezidentləri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmasının yerinə yetirilmə durumunu müzakirə edib.
Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
“Telefon söhbəti zamanı Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmaların kompleks şəkildə həyata keçirilməsi üzrə qarşıdakı addımlar müzakirə edilib, regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasının praktiki məsələləri vurğulanıb,” məlumatda qeyd edilir.
Elə bu gün, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündə də Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması müzakirə edilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, Toivo Klaar bölgədə sülh və sabitliyin bərqərar olması, kommunikasiyaların açılması istiqamətində Avropa İttifaqının səyləri davam etdirmək niyyətində olduğunu bildirib.
"Azərbaycanla Ermənistan arasında nəticə yönümlü danışıqlar vacibdir," Klaar qeyd edib.