Accessibility links

Azərbaycan və Rusiya xarici işlər nazirləri Cənubi Qafqaz regionundakı mövcud durumdan danışıb


Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov

Fevralın 27-28-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanda səfərdə olub.

Sergey Lavrov Prezident İlham Əliyevlə və xarici işlər naziri Ceyhun Bayramovla görüşlər keçirib. Hər iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə Rusiya-Azərbaycan Ekspert Şurasının 3-cü iclası keçirilib.

Səfərin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirilib ki, danşıqlarda ikitərəfli əlaqələrin inkişafı, regional təhlükəsizlik, nəqliyyat dəhlizi məsələləri müzakirə edilib, Azərbaycanla Ermənistan arasında münasibətlərin perspektivləri gündəlikdə olub.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, iki ölkə arasındakı əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş mehriban qonşuluq münasibətlərinin mütərəqqi inkişafı kimi xarakterizə etmək olar. “Azərbaycan ilə Rusiya arasında çox etibarlı münasibətlər qurulub, ticarət əlaqələri fəal inkişaf edir. Beləliklə, 2022-ci ilin sonuna ticarət dövriyyəsi 24 faiz artaraq 4 milyard dollara, investisiyaların həcmi isə 9 milyard dollara yüksəlib”, o qeyd edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Azərbaycanla Rusiya arasında müttəfiqliklə bağlı əməkdaşlığın dərinləşməsi bütün regiona müsbət impuls verəcək.

Sergey Lavrov qeyd edib ki, siyasi, iqtisadi və ticari əməkdaşlığı fəal şəkildə inkişaf etdirilir.

“Belə ki, ilin sonunda ticarət dövriyyəsinin rekord həcmdə olacağı, həmçinin yanacaq və bir sıra digər sahələrdə əməkdaşlığın artacağı gözlənilir,” o qeyd edib.

Onun sözlərinə görə, tərəflər həmçinin “Şimal-Cənub” layihəsi çərçivəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.

“Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması və yanacaq-energetika sektoru daxil olmaqla, digər layihələrin reallaşdırılması regionun dünya miqyasında əhəmiyyətini artıracaq”, o qeyd edib.

Nazir Ceyhun Bayramov da nəqliyyat layihəsinin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

“Azərbaycan “Şimal-Cənub” layihəsinin təkcə iştirakçı ölkələr üçün deyil, bütövlükdə region üçün mühüm layihə olması ilə bağlı fikirləri bölüşür”, o deyib.

Nazirlər son günlər Laçın yolu ətrafında yaranmış gərginliyə də toxunub.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Ermənistan tərəfi Rusiya və Azərbaycan prezidentləri ilə Ermənistanın baş naziri arasında imzalanmış üçtərəfli bəyanatın tələblərinə məhəl qoymamaqda davam edir. O, Azərbaycanın və Ermənistanın sərhədində nəzarət-buraxılış məntəqələrinin qurulması ilə bağlı təklifini bir daha diqqətə çatdırıb.

“Nəzarət məntəqələri Laçın yolu ilə yüklərin, mülki şəxslərin hərəkətinin şəffaflığını təmin edə biləcək”, nazir qeyd edib.

Sergey Lavrov bildirib ki, Laçın yolunun rejimi və onun funksiyası ən birinci üçtərəfli bəyanata - 10 noyabr 2020-ci il bəyanatına tam uyğun olmalıdır.

“Laçın dəhlizindən istisnasız olaraq mülki və humanitar yüklərin və mülki vətəndaşlarının hərəkətinin təmin olunması vacibdir. Biz hər şeydən əvvəl sülhməramlı kontingentin xətti ilə buna nail olmağa çalışırıq. Orada hansısa nəzarət-buraxılış məntəqələrinin yaradılmasına baxılmır. Lakin dəhlizin təyinatı üzrə fəaliyyət göstərməməsi şübhəsini texniki vasitələrlə aradan qaldırmaq imkanı var ”, o bildirib.

Bundan əlavə Sergey Lavrov Rusiyanın Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqların təşkilinə kömək etməyə hazır olduğunu deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi buna hazır olduğunu bildirib, Ermənistan tərəfi isə etiraz etmir, lakin hələlik yekun razılıq vermir.

"Biz Ermənistan və Azərbaycan arasında belə görüşlərin davam etdirilməsi üçün imkanlar yaratmağa hazır olduğumuzu bir daha təsdiqlədik", Lavrov mətbuat konfransında deyib.

Nazir Bayramov qeyd edib ki, Azərbaycan tərəfi üçtərəfli bəyanatların prinsiplərinə tam riayət edilməsinin tərəfdarıdır.

Onun sözlərinə görə, Xankəndi-Laçın yolunda etirazların əsas səbəbi Ermənistanın üçtərəfli bəyanatın bəndlərini, yəni humanitar məsələlərlə bağlı bəndləri pozması olub.

“Azərbaycan yolda baş verən etirazların Qarabağda yaşayan ermənilər üçün hər hansı humanitar nəticələrə səbəb olmaması üçün əlindən gələni edir. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan üçtərəfli bəyanatlara və digər razılaşmalara tam əməl etmək mövqeyindədir”.

Bununla belə Bayramov qeyd edib ki, Azərbaycan Ermənistanla sülh sazişi üzrə danışıqlarda onlayn diplomatiyanı ən səmərəli üsul hesab etmir.

“Sülh müqaviləsi layihəsi üzərində işin ilk günündən prosesin modallığı razılaşdırılıb. Bu ondan ibarət idi ki, vaxtaşırı nümayəndə heyətlərinin görüşləri keçirilir, orada o vaxt mövcud olan layihə müzakirə olunur. Görüşün sonunda fikir mübadiləsi aparılır. Bu görüşlər faydalıdır - bir gün ərzində ətraflı danışmaq, qarşı tərəfin mövqeyini başa düşmək, arqumentlərinizi dilə gətirmək olar. Belə görüşlər keçirilib, üçüncüsü isə Moskvada planlaşdırılıb. İndi razılaşdırılmış formatın əyani görüşlərlə bağlı elementi çatışmır. Bu prosesi tam “öldürməmək” üçün Azərbaycan tərəfi şərhləri qəbul etməkdən və göndərməkdən imtina etmir. Onlayn diplomatiya şərhlərin verilməsidir. Biz bunu müqavilə üzrə danışıqların ən məhsuldar üsulu hesab edirikmi? Müəyyən irəliləyiş var, lakin biz hesab edirik ki, yanaşmalar nəticəyönümlü olsaydı, həmçinin müxtəlif növ xoşagəlməz sürprizlərlə qarşılaşma ehtimalımız az olsaydı, daha yaxşı nəticə əldə edə bilərdik. Düşünürəm ki, Ermənistan tərəfi, nəhayət, bu vəziyyətdə bu yanaşmanın qeyri-adekvat olduğunu, bu sənədin mahiyyətini, əhəmiyyətini anlayacaq və danışıqlar masasına qayıdacaq” o qeyd edib.

Mətbuat konfransında hər iki nazir Avropa İttifaqının Ermənistan ərazisinə mülki missiyasını göndərilməsinə münasibət bildirib.

Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanda yerləşdirilən Avropa İttifaqı missiyasının legitimlik nöqteyi-nəzərindən ciddi şübhə doğurduğunu deyib.

“Biz Avropa İttifaqının Ermənistan və Azərbaycanla olan münasibətlərindən necə sui-istifadə etdiyini görürük. O cümlədən, Ermənistanda yerləşdirilən Avropa İttifaqı missiyasının legitimlik nöqteyi-nəzərindən ciddi şübhə doğurduğunu görürük. O cümlədən, onun funksiyası, mandatı, onun müddəti, bu missiyanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına göstərilən səylərə əlavə dəyər qatacağı çoxlu suallar doğurur”, Lavrov qeyd edib.

Nazir Ceyhun Bayramov da bildirib ki, Ermənistanın Azərbaycanla münasibətlərin qurulmasında mövqeyi Avropa İttifaqının missiyasının başlamasından sonra daha destruktiv xarakter alıb.

Xatırlatma

ABŞ Dövlət Katibi Antoni Blinken yanvarın 18-də Ermənistanın Baş naziri Nikol Paşinyan, yanvarın 23-də Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı regionda yaranmış durumu müzakirə edib, hər iki tərəfi ikitərəfəli danışıqlarda səyləri artırmağa təşviq edib.

2022-ci il dekabrın 12-dən başlayaraq Azərbaycan qeyri-hökumət təşkilatlarının nümayəndələri Şuşa şəhərinin ətrafında Rusiya sülhməramlılarının postu qarşısında davamlı etiraz aksiyası keçirir.

Azərbaycanlı mütəxəssislərin Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edən aksiya iştirakçıları Rusiya sülhməramlı kontingentinin komandiri Andrey Volkovun əraziyə gəlməsini tələb edir.

Ermənistan Baş Naziri Nikol Paşinyan Laçın dəhlizinin bağlanmasının 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatın “kobud pozuntusu” olduğunu bildirib. Onun sözlərinə görə, həmin bəyanatın 6-cı maddəsinə əsasən dəhliz Rusiya Federasiyası sülhməramlılarının nəzarətindədir və Azərbaycan vətəndaşların, nəqliyyatın və əmtəənin hərəkətinə təminat verməlidir.

Azərbaycan tərəfi yolun bağlanmadığını və yerli sakinlər üçün həyat əhəmiyyətli nəqliyyatın gediş-gəlişinin təmin olunduğunu bildirir.

Ötən il dekabrın 10-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərə gəlsə də, monitorinqə imkan verilməyib.

XS
SM
MD
LG