Accessibility links

Kişinyovda Azərbaycan, Ermənistan, Avropa İttifaqı Şurası, Almaniya və Fransa liderləri görüşüb


Azərbaycan, Ermənistan, Avropa İttifaqı Şurası, Almaniya və Fransa liderləri (Mənbə: Prezident Administrasiyası)
Azərbaycan, Ermənistan, Avropa İttifaqı Şurası, Almaniya və Fransa liderləri (Mənbə: Prezident Administrasiyası)

İyunun 1-də Moldovanın paytaxtı Kişineuda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniyanın Kansleri Olaf Şolts və Fransanın Prezidenti Emmanuel Makron arasında qeyri-rəsmi görüş keçirlib.

Görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel deyib ki, bugünkü danışıqlar çox məhsuldar keçib və iyulun 21-də Brüsseldə keçiriləcək görüşə yaxşı hazırlıq olub. Onun sözlərinə görə, tərəflər münasibətlərin normallaşması üzərində intensiv işləyir və bu formatda görüşü İspaniyada təkrarlamağı planlaşdırır.

"Biz indicə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şolts ilə çox yaxşı görüş keçirdik. Bizim may ayında Brüsseldə müzakirə etdiyimiz məsələləri nəzərdən keçirmək, əlaqələndirmə, təhlükəsizlik, sərhədlərin delimitasiyası, sülh sazişi ilə bağlı müzakirə aparmaq imkanımız oldu. Bu görüş iyulun 21-də Brüsseldə keçiriləcək növbəti toplantıya çox yaxşı hazırlıq oldu. Bu o deməkdir ki, biz çox gərgin çalışırıq. Biz münasibətlərin normallaşdırılması istiqamətində bütün müsbət səyləri dəstəkləmək niyyətindəyik və həmçinin bəyan etdik ki, Prezident Əliyevi, Baş nazir Paşinyanı, Kansler Şoltsu və Prezident Makronu "Avropa siyasi birliyi"nin İspaniyada keçiriləcək növbəti toplantısı çərçivəsində yenidən görüşə dəvət etmək niyyətindəyik. Bu o deməkdir ki, biz Avropa İttifaqı tərəfindən münasibətlərin normallaşdırılması istiqamətində daha çox irəliləyişə nail olmağa yardım etmək üçün əlimizdən gələni edəcəyik", o qeyd edib.

Mayın 1-dən 4-dək Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında dörd gün davam edən sülh danışıqları baş tutub.

ABŞ Dövlət katibi Antoni Blinken Vaşinqton görüşünün yekununda qeyd edib ki, danışıqların keçirildiyi günlər ərzində iki tərəf "çox mürəkkəb" məsələləri müzakirə edib və dayanıqlı sülh razılaşması istiqamətində "ciddi irəliləyişə" nail olublar.

"Biz yekun razılığa çox yaxınıq", Blinken qeyd edib.

Vaşinqton görüşü barədə həm Azərbaycan, həm də Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatlarda sülh qurulması haqqında ikitərəfli saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılığın əldə edildiyi, lakin bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığı vurğulanıb.

Mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli formatda görüş keçirilib.

Görüşdən sonra Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bildirib ki, fikir mübadiləsi səmimi, açıq və nəticəyönümlü olub və əsas diqqət Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yönəlib.

Brüssel görüşündə tərəflər sərhəd məsələləri, nəqliyyat xətlərinin bərpası, humanitar məsələlər və Qarabağda yaşayan erməni əhalinin hüquqları və təhlükəsizliyi kimi məsələlər müzakirə edilib.

"Brüssel görüşündə liderlər 1991-ci il Almatı Bəyannaməsinə və Ermənistanla (29,800 kvadrat kilometr) Azərbaycanın (86,600 kvadrat kilometr) müvafiq ərazi bütövlüyünə birmənalı sadiqliklərini təsdiqləyiblər. Biz Ermənistanın baş naziri Nikol Paşinyanın mayın 22-də bununla bağlı cəsarətli bəyanatını və Ermənistanın sərhədlərin delimitasiyası üzərində işləməyə açıq şəkildə hazır olmasını alqışlayırıq. Biz Azərbaycan prezidenti İlham Əliyevin 25 may tarixli bəyanatını da alqışlayırıq", Avropa İttifaqının bəyanatında qeyd edilir.

Azərbaycan və Ermənistan liderləri mayın 25-də Moskvada Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə üçtərəfli formatda görüşüb.

Rusiya Prezidenti Valdimir Putin bildirib ki, bu həftənin sonunda Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri görüşəcəklər.

"Onlar belə demək mümkünsə, hələ tənzimlənməmiş məsələləri həll edəcəklər. Mənə elə gəlir ki, bu, yaxşı razılaşmadır və indiyədək həll olunmamış məsələlərin çözülməsinə ümid yaradır", o qeyd edib.

Rusiya baş nazirinin müavini, üçtərəfli işçi qrupun rusiyalı həmsədri Aleksey Overçuk Ermənistanla Azərbaycan arasında həll olunmamış məsələlərdən danışarkən deyib ki, bunlar texniki, lakin çox vacib detallardır.

"Söhbət Azərbaycanla Ermənistan arasında sərhədi keçmə prosedurundan gedir. Sərhəd və gömrük nəzarəti necə aparılacaq. Bu, baş nazirin müavinlərinin Moskvada müzakirə edəcəyi suallardır", Overçuk qeyd edib.

XS
SM
MD
LG