Accessibility links

ABŞ Senatının komitəsi ABŞ-ın Azərbaycandakı səfiri postuna namizədliklə bağlı dinləmələr keçirib


İyunun 13-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsi ABŞ prezidenti Co Baydenin Azərbaycanda səfir vəzifəsinə namizəd irəli sürməsilə bağlı dinləmələr keçirilib.

Turan agentliyinin Vaşinqton müxbirinin məlumatına görə, digər diplomatlarla birlikdə Mark Libbi ABŞ-ın Azərbaycan, Cibuti, Malayziya və Palau kimi ölkələrdəki diplomatik missiyalarına rəhbərlik etmək səlahiyyətlərinin yoxlanılması ilə bağlı dinləmələr zamanı senatorların suallarını cavablandırıb.

"Mənim namizədliyim təsdiqlənərsə, söz verirəm ki, ABŞ-ın Azərbaycanda maraqlarını təmin etmək üçün bu Komitə və Konqresin bütün üzvləri ilə yaxından işləyəcəm. ABŞ vətəndaşlarına xidmət etmək, onları qorumaq bütün ABŞ diplomatlarının əsas vəzifəsi olub və bu posta namizədliyim təsdiqlənərsə, bu, mənim də prioritetim olacaq" , o bildirib.

Libbi qeyd edib ki, əgər təsdiqlənsə, ABŞ-ın Azərbaycanla Ermənistan arasında ədalətli və davamlı sülh sazişini təşviq etmək səylərini dəstəkləyəcək.

"Bu faciəvi münaqişədən tərəflərə ağrı-acı və inamsızlıq mirası qalıb", o deyib.

Onun sözlərinə görə, ərazi bütövlüyü, suverenlik, region sakinlərinin, o cümlədən Dağlıq Qarabağda yaşayanların hüquq və təhlükəsizliyi məsələlərinin həlli istənilən möhkəm və layiqli sülh üçün vacibdir.

"Bu münaqişənin hərbi yolla həlli yoxdur və ABŞ zorakılığı və ya zorakılıqla bağlı təhdidləri pisləməkdə davam etməlidir. Amma Birləşmiş Ştatların və bizim avropalı tərəfdaşlarımızın köməyilə tərəflər razılığa gəlməyə hər zamankındən daha çox yaxındır və əgər məni təsdiq etsələr, Bakıda fəal və israrlı iş sayəsində bu məsələdə onlara kömək etməyi öhdəmə götürürəm", Libbi əlavə edib.

Onun sözlərinə görə, sülh sazişinin imzalanması hələ ilk addımdır.

"Mən təsdiqlənsəm, Bakıdakı səfirliyə rəhbərlik edərək, yekun nizamlanmanın həyata keçirilməsini dəstəkləyəcəyəm. Sülh sazişinin uğurla həyata keçirilməsi ABŞ və Azərbaycan arasında daha dərin əlaqələrə zəmin yaradar. Bu, regionu sabitləşdirəcək və münaqişədən istifadə etməklə öz bədxah təsirlərini genişləndirməyə çalışan rəqibləri sıxışdıracaq.

Diplomat qeyd edib ki, sülh sazişi Vaşinqton və Bakıya münasibətləri, xüsusən də terrorizmlə mübarizə, sərhəd, enerji və dəniz təhlükəsizliyi sahələrində əlaqələri yeni səviyyəyə qaldırmağa imkan verəcək ki, bu da ABŞ-ın milli təhlükəsizliyinə xidmət edir.

"Təsdiqlənsəm, bu sahələrdə səylərimizi ikiqat artıracağam", o deyib.

Libbi bildirib ki, insan hüquqları sahəsində demokratiya ABŞ-ın xarici siyasətinin əsasını təşkil edir.

"Təkcə ona görə yox ki, bizim dəyərlərimizi əks etdirir, həm də ona görə ki, onlar sülh və firavanlıq üçün ən yaxşı əsasdır. Əgər təsdiqlənərsəm, Azərbaycan liderləri və vətəndaşlarının geniş dairəsilə hörmətli, lakin çox açıq dialoq aparmağı və bu dəyərləri, hüquq və azadlıqları Azərbaycanda, ümumilikdə regionda müdafiə etməyi öhdəmə götürürəm", o, fikrini yekunlaşdırıb.

Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfiri postu bir ildir ki, vakantdır. Ağ Ev əvvəlki kimi namizədliyinin təsdiq edilməsi bir ildir Senatın xarici işlər komitəsində təxirə salınan karyeralı diplomat Mark Libbinin Azərbaycanda səfir olmasını istəyir.

XS
SM
MD
LG