Accessibility links

Ceyhun Bayramov: Erməni sakinlərin tibbi məqsədlər üçün sərhəd məntəqəsindən keçidi mümkündür


Ceyhun Bayramov və Draqana Kojiç (Mənbə: Azərbaycan Xarici İşlər Nazirliyi)
Ceyhun Bayramov və Draqana Kojiç (Mənbə: Azərbaycan Xarici İşlər Nazirliyi)

Azərbaycanın Qarabağ bölgəsinin erməni əsilli sakinlərinin Beynəlxalq Qızıl Xaç Komitəsinin nəqliyyat vasitələri ilə tibbi məqsədlər üçün Laçın sərhəd buraxılış məntəqəsindən keçidi bərpa edilib. Bu, ABŞ Dövlət katibi Antoni Blinkenin Azərbaycan və Ermənistan liderləri ilə telefon danışığından sonraya təsadüf edir.

İyulun 14-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Kojiçlə görüşdə bildirib ki, zəruri qaydalara riayət etməklə BQXK vasitəsilə erməni sakinlərin tibbi məqsədlər üçün sərhəd məntəqəsindən keçidinin davam etməsi mümkünldür.

Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, BQXK-nin 11 iyul tarixli açıqlamasında bəyan edilməmiş məhsulların sərhəddən keçirilməsi fəaliyyətlərini dəstəkləmədiyini diqqətə çatdırmasının və belə yükləri daşıyan nəqliyyat vasitələrinin sürücülərinin xidməti müqavilələrinə xitam verilməsinin qeydə alındığı və təqdirəlayiq olduğu bildirilib. Gələcəkdə bu kimi halların qarşısının alınmasının zəruri olduğu vurğulanıb.

Erməni sakinlərin tədarük ehtiyaclarına gəldikdə isə nazir Bayramov, Azərbaycan tərəfinin Ağdam-Xankəndi yolundan istifadə etməklə yardım göstərmək imkanının mövcud olduğunu bir daha xatırladıb.

Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, görüş zamanı, Azərbaycanla BQXK arasında əməkdaşlıq məsələləri, Laçın sərhəd buraxılış məntəqəsində yaranmış son vəziyyət, habelə BQXK-nin Azərbaycanın Xankəndi şəhərində fəaliyyəti məsələləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov Laçın sərhəd buraxılış məntəqəsinin fəaliyyəti ilə bağlı yaranmış son vəziyyətlə əlaqədar bildirib ki, “iyunun 15-də məntəqənin atəşə tutulması ilə yanaşı, erməni əsilli sürücülərin Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus nəqliyyat vasitələrində qaçaqmalçılıq məhsullarını Azərbaycana gətirmək səyləri Ermənistan tərəfinin Azərbaycanın suverenliyinə müdaxilə edən cəhdlərdən və qeyri-qanuni fəaliyyətlərdən əl çəkmək niyyətinin olmadığını göstərir.”

Azərbaycan Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi iyulun 11-də Ermənistanla dövlət sərhədində “Laçın” keçid məntəqəsindən buraxılışın müvəqqəti olaraq dayandırılması barədə məlumat yayıb.

Məlumatda deyilir ki, buna Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdlərinin aşkarlanması səbəb olub.

Dövlət Sərhəd Xidməti BQXK-nin nəqliyyat vasitələrindən bu ilin iyul ayında götürülmüş çoxsaylı mobil telefonlar, mobil telefonların iki yüzdən çox hissələri, min qutudan çox siqaret, 1300 kiloqramdan çox benzin aşkar edərək götürdüyünü bildirdiyi video da yayıb.

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyi Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi Laçın koridoru ilə bəyan edilməmiş məhsulların keçirilməsi ilə bağlı məlumatlardan xəbərdardır və belə fəaliyyətləri dəstəkləmir.

“BQXK-ya məxsus olan heç bir nəqliyyat vasitəsində belə məhsullara rast gəlinməmişdir. Bütün humanitar yüklər Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən yoxlanılır. Lakin təəssüflər olsun ki, icarəyə götürülmüş və üzərinə müvəqqəti olaraq BQXK emblemi vurulmuş dörd nəqliyyat vasitəsinin sürücüsü bizə məlumat vermədən öz maşınlarında kommersiya məqsədli yükləri keçirməyə cəhd ediblər. Bu şəxslər BQXK əməkdaşları olmayıblar və onlarla olan xidməti müqavilələrə dərhal xitam verilib”.

BQXK bildirir ki, bu qurumun Laçın koridoru boyu gördüyü işlər yalnız humanitar xarakter daşıyır.

Xatırladaq ki, Azərbaycan aprelin 23-də Ermənistanla sərhəddə “Laçın” keçid-buraxılış məntəqəsini qurub. İyunun 15-də Ermənistan tərəfdən keçid məntəqəsi atəşə tutulub, Azərbaycanın bir sərhədçisi yaralanıb. Sərhəd-buraxılış məntəqəsi bir müddət bağlanıb.

İyunun 24-də Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Kojiçin Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə görüşündə Laçın yolu ətrafında vəziyyət, habelə BQXK-ın Azərbaycanın Xankəndi şəhərində fəaliyyəti məsələləri müzakirə olunub.

Azərbaycan Beynəlxalq Qızıl Xaç Komitəsinə Xankəndinin erməni sakinlərinə yardımları çatdırmaq üçün Ağdam-Xankəndi yolundan istifadə etməyi təklif edib.

İyunun 26-da sərhəd-keçid məntəqəsi yenidən açılıb.

XS
SM
MD
LG