Accessibility links

Azərbaycan Beynəlxalq Qızıl Xaç Komitəsinə Ağdam-Xankəndi yolundan istifadə etməyi təklif edib


Ceyhun Bayramov və Draqana Kojiç (Mənbə: Xarici İşlər Nazirliyi)
Ceyhun Bayramov və Draqana Kojiç (Mənbə: Xarici İşlər Nazirliyi)

Azərbaycan Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) Xankəndinin erməni sakinlərinə yardımları çatdırmaq üçün Ağdam-Xankəndi yolundan istifadə etməyi təklif edib.

Bu barədə iyunun 24-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Kojiçlə görüşü zamanı deyib.

Azərbyacan Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, görüş zamanı Azərbaycanla BQXK arasında əməkdaşlıq məsələləri, Laçın yolu ətrafında vəziyyət, habelə BQXK-ın Azərbaycanın Xankəndi şəhərində fəaliyyəti məsələləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov Laçın sərhəd buraxılış məntəqəsinin fəaliyyəti ilə bağlı yaranmış vəziyyətlə əlaqədar bildirib ki, məntəqə təsis ediləndən sonra gündəlik əsasda erməni sakinlərin hər iki istiqamətdə şəffaf, təhlükəsiz və nizamlanan keçidi üçün müvafiq şərait yaradılıb, 23 aprel tarixindən yüzlərlə erməni sakinlərinin keçidi təmin olunub.

“Erməni sakinlərlə sərhədçilərimiz arasında normal ünsiyyət formalaşdırıldığı bir vaxtda Ermənistan 15 iyun tarixində keçid məntəqəsini atəşə tutub və Laçın sərhəd buraxılış məntəqəsindən təhlükəsiz keçidə maneçilik törədib.

Azərbaycan tərəfi hazırda sərhəd məntəqəsindən təhlükəsiz keçidə maneə olmuş Ermənistanın hücumunu araşdırmaq məqsədilə müvafiq tədbirlər görür. Eyni zamanda, Ermənistanın gələcəkdə bu kimi təxribatlarının təkrarlanmayacağına dair Azərbaycan tərəfinə müvafiq zəmanətin verilməsi zəruridir”, o qeyd edib.

Qeyd edilən zəruri tədbirlər görülməklə yanaşı, BQXK vasitəsilə erməni sakinlərin tibbi məqsədlər üçün sərhəd məntəqəsindən keçidinə və zəruri tibbi ləvazimatların təchizatına imkan yaratmağa Azərbaycan tərəfinin hazır olduğu bildirilib. Mövcud vəziyyətlə əlaqədar, Erməni sakinlərin digər tədarük ehtiyaclarına gəldikdə, Azərbaycan tərəfinin BQXK vasitəsilə Ağdam-Xankəndi yolundan istifadə etməklə yardım göstərmək imkanının mövcud olduğu qeyd edilib.

Ermənistan mediasının məlumatına görə, bu gün, iyunun 25-də BQXK-ya məxsus tibbi yardım maşınları Qarabağdan Laçın sərhəd buraxılış məntəqəsindən keçməklə 15 xəstəni Ermənistana aparıb. Eyni zamanda, Ermənistana müalicəyə göndərilmiş 16 nəfər bu gün BQXK-in müşayiəti ilə Xankəndiyə qaytarılacaq.

Xatırladaq ki, iyunun 24-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Laçına gediblər. Səfər çərçivəsində xarici diplomatlar Ermənistanla Azərbaycan arasında sərhəd-buraxılış məntəqəsinin yerləşdiyi körpüyə baş çəkiblər. Səfərdə 33 ölkə, 10 təşkilatdan ümumilikdə 60 diplomat və hərbi attaşe iştirak edib.

Xatırladaq ki, sosial şəbəklərdə iyunun 23-də Ermənistandan ermənilərin yaşadığı Xankəndi şəhərinə gedən avtomobil yolunun Azərbaycan tərəfindən tam bağlandığı, yola beton bloklar düzüldüyü əks olunan video yayılıb.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatına görə, iyunun 15-də Ermənistan ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu yaralanıb.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin məlumatında isə Azərbaycan sərhəd xidmətinin bir qrup hərbi qulluqçusunun Ermənistan ərazisində bayraq sancmaq məqsədilə Xakari (Həkəri) körpüsünə doğru irəliləməyə cəhd göstərdiyi və həyata keçirilən tədbirlər nəticəsində bunun qarşının alındığı deyilir.

XS
SM
MD
LG