Accessibility links

AŞPA Laçın dəhlizi vasitəsilə azad və təhlükəsiz girişin təmin edilməsi ilə bağlı qətnamə qəbul edib


AŞPA Laçın dəhlizi vasitəsilə azad və təhlükəsiz girişin təmin edilməsi ilə bağlı qətnamə qəbul edib
please wait

No media source currently available

0:00 0:03:07 0:00

Avropa Şurası Parlament Assambleyası iyunun 22-si “Laçın dəhlizi vasitəsilə azad və təhlükəsiz girişin təmin edilməsi” başlıqlı qətnamə qəbul edib.

Qətnamədə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yaşayan hər kəsin təhlükəsizliyini qorumaq öhdəliyi daşıdığı vurğulanır. Azərbaycan Qarabağdakı erməni əhali ilə konstruktiv dialoqa girməyə, Laçın dəhlizində sərbəst hərəkəti bərpa etməyə çağırılır. Assambleya Azərbaycan rəhbərliyinin hazırkı vəziyyətdən irəli gələn çox ciddi humanitar və insan hüquqları nəticələrini qəbul etməməsinə təəcübləndiyini vurğulayır.

AŞPA-nın məsələ ilə bağlı məruzəçisi, irlandiyalı deputat Pol Qavan Laçın dəhlizində yaranmış vəziyyətin humanitar böhrana yol açdığını deyib. Məruzəçi məsələni araşdırmaq üçün Ermənistanda səfərdə olub, Ermənistan tərəfdən Azərbaycanın Laçın yolu üzərində qurduğu sərhəd-buraxılış məntəqəsinə baxış keçirib. O, Azərbaycana və Qarabağa səfər etmək üçün cəhd etdiyini, ancaq Azərbaycan tərəfdən müsbət cavab almadığını qeyd edib.

“Bu, humanitar böhrandır. Mən Azərbaycan və Ermənistan arasındakı digər məsələlərlə məşğul deyiləm. Hazırda Laçın dəhlizində və Dağlıq Qarabağda fundamental olaraq yanlış olan hadisə baş verir. İnsanların Ermənistana və bütün dünyaya çıxışları bağlanıb. Onların qaz və elektrikləri kəsilib. Azərbaycan hökumətinin yuxarı səviyyəsində dəhşətli nifrət nitqi hökm sürür. Bütün bunların hamısı dayanmalıdır. Biz Assambleya olaraq öz üzərimizə düşəni etdik və aydın çağırış etdik. İndi Nazirlər Komitəsi addım atmalıdır. Azərbaycan Laçın dəhlizini açmalı, Üçtərəfli bəyannaməyə hörmət etməli və insanların Dağlıq Qarabağda və bütövlükdə Azərbaycanda sülh içində yaşamasını təmin etməlidir”, Pol Qavan əlavə edib.

Müzakirələr zamanı AŞPA-nın müxtəlif ölkələrdən olan deputatları məsələ ilə bağlı narahatlıqlarını ifadə ediblər. Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Ruben Rubinyan “Laçın dəhlizindən azad və təhlükəsiz girişin təmin edilməsi üzrə məruzəçinin Laçın dəhlizinə sərbəst və təhlükəsiz girişinin təmin edilməməsi ironikdir” deyib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə hesabatın ədalətsiz və qeyri-dəqiq olduğunu, Laçın yolu ətrafındakı real vəziyyəti əks etdirmədiyini deyib. Seyidov həmçinin, AŞPA-dakı müzakirələrin sülh danışıqları prosesinə mənfi nəticə göstərdiyini, səsləndirilən ittihamlara baxmayaraq sülhə nail olacaqlarını qeyd edib.

“Həmkarlarımdan, əziz dostlarımdan xahiş edirəm, siz Azərbaycana qarşı çoxlu ittihamlar eşitmisiniz. Heç Qarabağda aclıq çəkən uşaqların bircə şəklini belə görmüsünüz? Yox! Bu, mümkün deyil, çünki bu, cənab Ruben Rubinyanın təbliğatıdır. Heç görmüsünüzmü ki, Qırmızı Xaç təşkilatının bölgəyə çıxışı yoxdur? Heç vaxt yox! Çünki onların bölgəyə tam çıxışı var. Siz heç görmüsünüzmü ki, Dağlıq Qarabağda və ya Azərbaycanda yaşayanlar danışıqların əleyhinədirlər? Yox! Azərbaycan parlamenti ermənilərlə əlaqə saxlamaq üçün xüsusi nümayəndə təyin edib. Onlar bizim vətəndaşlarımızdır”, Seyidov deyib.

Parlamentarlar həmçinin Azərbaycan və Ermənistan arasındakı sülh danışıqları prosesinə dəstəklərini ifadə ediblər.

“Ümid edirik ki, gələn həftə Vaşinqtonda keçirilməsi gözlənilən danışıqlar, o cümlədən Avropa İttifaqının müşahidə missiyasının və Avropa İttifaqının hərtərəfli həllə yönəlmiş səyləri ümidverici nəticələr verəcəkdir”, italiyalı deputat Elizabetta Qardini vurğulayıb.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti qətnamə layihəsi üçün çoxsaylı düzəlişlər təklif etsə də, onların əksəriyyəti qəbul edilməyib. Qətnamə layihəsi 48 səs lehinə, 16 səs əleyhinə, 3 səs bitərəf olmaqla qəbul edilib.

Aprelin 23-də Azərbaycan Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurub. Ermənistan tərəfi bu addımın 2020-ci ilin 9 noyabr tarixində imzalanan üçtərəfli bəyanata zidd olduğunu bildirib. Rəsmi Bakı isə 9 noyabr bəyanatı üzrə öhdəliklərə uyğun olaraq, Laçın yolundan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə hərəkətinə şərait yaradıldığını bildirib.

XS
SM
MD
LG