Accessibility links

Metyu Miller: ABŞ Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətdən narahatdır


“ABŞ Azərbaycan-Ermənistan şərti sərhədindəki vəziyyətdən narahatdır”.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller iyunun 15-də keçirdiyi ənənəvi brifinqdə deyib.

“Biz bu vəziyyətdən narahat olmağa davam edirik. Və biz hər iki tərəfi qalan fikir ayrılıqlarını aradan qaldırmaq üçün birlikdə işləməyə çağırırıq”, o, Turan agentliynin sualının cavabında qeyd edib.

Miller Amerika tərəfinin mövqeyini bir daha təkrarlayaraq bəyan edib ki, sülh sazişi hələ də əldə edilə bilər.

“Biz inanırıq ki, razılaşma hələ də əldə edilə bilər və irəli getmək üçün hər iki tərəflə görüşməyi səbirsizliklə gözləyirik”, mətbuat katibi bildirib.

Ermənistan mediasının məlumatına görə iyunun 16-da Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri tezliklə Vaşinqtonda görüşəcəklər.

O bildirib ki, Vaşinqtonda əvvəlki danışıqlarda əldə edilən irəliləyişlərin bundan sonra da artacağına ümid edir.

Baş nazir xüsusilə tərəflərin ərazi bütövlüyünün qarşılıqlı tanınmasına hazır olduqlarını ifadə etdikdən sonra sərhədin perimetri boyunca vəziyyətin gərginləşməsini qəbuledilməz adlandırıb.

Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında müzakirələrin əvvəlki raundu iyunun 12-də Vaşinqtonda keçirilməli idi, lakin görüş təxirə salınıb. Nazirlərin Vaşinqtondakı əvvəlki danışıqları mayın 1-4-də olub.

Son bir neçə gündə Azərbaycan və Ermənistanın delimitasiya olunmamış şərti sərhədində qarşılıqlı atışmalar qeydə alınmaqdadır. İyunun 15-də hər iki tərəf yaralıların olduğunu bildirib. İyunun 16-da da rəsmi hərbi mənbələr qarşılıqlı atışmalarla bağlı məlumatlar yayıb.

XS
SM
MD
LG