Accessibility links

Azərbaycan xarici işlər naziri ilə ABŞ dövlət katibinin köməkçisi danışıqlarda açıq qalan məsələləri müzakirə edib


Ceyhun Bayramov və Derek Hoqan (Rəsmi kollaj. Mənbə: Xarici İşlər Nazirliyi)
Ceyhun Bayramov və Derek Hoqan (Rəsmi kollaj. Mənbə: Xarici İşlər Nazirliyi)

İyunun 9-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Derek Hoqan telefon danışığı aparıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə telefon danışığı zamanı Azərbaycan və ABŞ arasında ikitərəfli əməkdaşlıq gündəliyi, eləcə də Azərbaycanla Ermənistan arasında normallaşma prosesindən irəli gələn məsələlər üzrə fikir mübadiləsi aparılıb.

"Azərbaycan və Ermənistan arasında son bir ay ərzində aparılan danışıqlar və gündəmdə duran açıq məsələlərin həlli perspektivləri barədə ölkəmizin mövqeyi diqqətə çatdırılıb", nazirlik bildirir.

Telefon danışığı Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın iyunun 12-də Vaşinqtonda keçirilməsi gözlənilən görüşünün təxirə salınmasından bir gün sonraya təsadüf edir.

Mayın 1-dən 4-dək Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında dörd gün davam edən sülh danışıqları baş tutub.

ABŞ Dövlət katibi Antoni Blinken Vaşinqton görüşünün yekununda qeyd edib ki, iki tərəf "çox mürəkkəb" məsələləri müzakirə edib və dayanıqlı sülh razılaşması istiqamətində "ciddi irəliləyişə" nail olub.

Mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli formatda görüş keçirilib.

Görüşdən sonra Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bildirib ki, fikir mübadiləsi səmimi, açıq və nəticəyönümlü olub və əsas diqqət Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yönəlib.

Azərbaycan və Ermənistan liderləri mayın 25-də Moskvada Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə üçtərəfli formatda görüşüb.

İyunun 1-də Moldovanın paytaxtı Kişinyovda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniyanın Kansleri Olaf Şolts və Fransanın Prezidenti Emmanuel Makron arasında qeyri-rəsmi görüş keçirilib.

Görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel deyib ki, danışıqlar çox məhsuldar keçib və iyulun 21-də Brüsseldə keçiriləcək görüşə yaxşı hazırlıq olub.

Onun sözlərinə görə, tərəflər münasibətlərin normallaşması üzərində intensiv işləyir və bu formatda görüşü İspaniyada təkrarlamağı planlaşdırır.

İyunun 2-də Rusiya Baş nazirinin müavini Aleksey Overçuk, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinlərinin sədrliyi ilə Moskvada üçtərəfli İşçi Qrupunun iclası keçirilib.

Rusiya Baş nazirinin müavini görüşün yekunları ilə bağlı bildirib ki, Azərbaycan ilə Ermənistan arasında nəqliyyat əlaqələrinin bloklanmasının aradan qaldırılması üsullarının əlaqələndirilməsi sahəsində mühüm irəliləyiş məmnunluqla qeyd olunub.

“Xüsusilə, Yeraşx (Arazdəyən)-Culfa-Meğri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası və təşkili üzrə konkret addımların həyata keçirilməsi ilə bağlı ümumi anlaşma əldə olunub", o qeyd edib.

XS
SM
MD
LG