Accessibility links

Vedant Patel: ABŞ Azərbaycanla Ermənistan arasında danışıqlardan məmnundur


Vedant Patel (Rəsmi foto)
Vedant Patel (Rəsmi foto)

“Tərəflər Cənubi Qafqaz regionu üçün dinc gələcək naminə işləməyə davam edərkən biz bu ay Vaşinqtonda danışıqların növbəti mərhələsinə ev sahibliyi etməyi səbirsizliklə gözləyirik”.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin köməkçisi Vedant Patel mətbuat katibinin müavini Vedant Patel iyunun 5-də ənənəvi brifinqdə Turan agentliyinin sualına cavabında deyib.

"Əvvəllər də qeyd etdiyim kimi, birbaşa dialoq problemlərin həlli, davamlı və layiqli sülhə nail olmaq üçün açardır. ABŞ Azərbaycanla Ermənistan arasında danışıqların müxtəlif platformalarda keçirilməsindən, o cümlədən liderlərin son görüşlərindən məmnundur", - o deyib.

Öz növbəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov yaxın zamanda Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yeni görüşünün olacağını bildirib.

Nazir Bayramov jurnalistlərin sualının cavabında deyib ki, bu ilin mayında Vaşinqtonda beynəlxalq vasitəçilərin birbaşa iştirakı ilə görüş keçirilib.

O deyib ki, Vaşinqtonda aparılan danışıqlarda bəzi praktiki müsbət nəticələr əldə olunub.

“Burada razılaşdırılmış maddələrin sayı artıb”.

Nazir Moldovada Avropa Siyasi Birliyinin Sammiti çərçivəsində baş tutan danışıqlar barədə də məlumat verib.

“Görüşdə gündəlikdə olan məsələlər üzrə fikir mübadiləsi aparıldı. Görüşün nəticəsi olaraq iyul ayında üçtərəfli formatda növbəti görüşün və təmasların davam etdirilməsi barədə razılıq əldə edildi”, o qeyd edib.

Öz növbəsində Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan da danışıqların növbəti mərhələsinin Vaşinqtonda keçiriləcəyini təsdiq edib .

"Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında danışıqlar iyunun 12-nə təyin edilib. Digər təfərrüatlar daha sonra açıqlanacaq", Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.

Mayın 1-dən 4-dək Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında dörd gün davam edən sülh danışıqları baş tutub.

ABŞ Dövlət katibi Antoni Blinken Vaşinqton görüşünün yekununda qeyd edib ki, danışıqların keçirildiyi günlər ərzində iki tərəf "çox mürəkkəb" məsələləri müzakirə edib və dayanıqlı sülh razılaşması istiqamətində "ciddi irəliləyişə" nail olublar.

Mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli formatda görüş keçirilib.

Görüşdən sonra Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bildirib ki, fikir mübadiləsi səmimi, açıq və nəticəyönümlü olub və əsas diqqət Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yönəlib.

Brüssel görüşündə tərəflər sərhəd məsələləri, nəqliyyat xətlərinin bərpası, humanitar məsələlər və Qarabağda yaşayan erməni əhalinin hüquqları və təhlükəsizliyi kimi məsələləri müzakirə edib.

"Brüssel görüşündə liderlər 1991-ci il Almatı Bəyannaməsinə və Ermənistanın (29,800 kvadrat kilometr) Azərbaycanın (86,600 kvadrat kilometr) müvafiq ərazi bütövlüyünə birmənalı sadiqliklərini təsdiqləyiblər. Biz Ermənistanın baş naziri Nikol Paşinyanın mayın 22-də bununla bağlı cəsarətli bəyanatını və Ermənistanın sərhədlərin delimitasiyası üzərində işləməyə açıq şəkildə hazır olmasını alqışlayırıq. Biz Azərbaycan prezidenti İlham Əliyevin 25 may tarixli bəyanatını da alqışlayırıq", Avropa İttifaqının bəyanatında qeyd edilir.

Azərbaycan və Ermənistan liderləri mayın 25-də Moskvada Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə üçtərəfli formatda görüşüb.

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, iyunun 2-də Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri görüşəcəklər.

"Onlar belə demək mümkünsə, hələ tənzimlənməmiş məsələləri həll edəcəklər. Mənə elə gəlir ki, bu, yaxşı razılaşmadır və indiyədək həll olunmamış məsələlərin çözülməsinə ümid yaradır", o qeyd edib.

İyunun 1-də Moldovanın paytaxtı Kişineuda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniyanın Kansleri Olaf Şolts və Fransanın Prezidenti Emmanuel Makron arasında qeyri-rəsmi görüş keçirlib.

Görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel deyib ki, danışıqlar çox məhsuldar keçib və iyulun 21-də Brüsseldə keçiriləcək görüşə yaxşı hazırlıq olub.

Onun sözlərinə görə, tərəflər münasibətlərin normallaşması üzərində intensiv işləyir və bu formatda görüşü İspaniyada təkrarlamağı planlaşdırır.

İyunun 2-də Rusiya Baş nazirinin müavini Aleksey Overçuk, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinlərinin sədrliyi ilə Moskvda üçtərəfli İşçi Qrupunun iclası keçirilib.

Rusiya Baş nazirinin müavini görüşün yekunları ilə bağlı bildirib ki, görüş konstruktiv şəraitdə keçib.

"Azərbaycan ilə Ermənistan arasında nəqliyyat əlaqələrinin bloklanmasının aradan qaldırılması üsullarının əlaqələndirilməsi sahəsində mühüm irəliləyiş məmnunluqla qeyd olunub. Xüsusilə, Yeraşx (Arazdəyən)-Culfa-Meğri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası və təşkili üzrə konkret addımların həyata keçirilməsi ilə bağlı ümumi anlaşma əldə olunub", o qeyd edib.

XS
SM
MD
LG