Accessibility links

Toivo Klaar: Aİ regionda baş verənləri yaxından izləyir. Bütün istiqamətlərdə atışma dayandırılmalıdır


Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycan və Ermənistan arasında atəşkəsin pozulması ilə bağlı narahatlığını bildirib.

"Avropa İttifaqı regionda baş verənləri yaxından izləyir. Bütün istiqamətlərdə atışma dayandırılmalıdır. Ardıcıl görüşlərin müsbət dinamikasını davam etdirmək və danışıqlar masası arxasında Ermənistana, Azərbaycana və bütün regiona fayda verəcək nəticələr əldə etmək vacibdir", o qeyd edib.

Rəsmi Bakı və Yerevan bir-birini atəşkəsi pozmaqda ittiham edir.

Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, iyunun 13-də iki istiqamətdə mövqeləri hədəf seçilib.

Nazirliyin məlumatına görə, saat 19:15 radələrində "Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri" Şuşa rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Məlumatda vurğulanır ki, "qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb".

AMN daha əvvəl isə bildirmişdi ki, saat 17:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri öz mövqelərindən Azərbaycan ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini minaatanlar da daxil olmaqla, iriçaplı silahlardan atəşə tutub.

"Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülür" , nazirlik əlavə edirdi.

Öz növbəsində iyunun 13-də Ermənistanın Müdafiə Nazirliyi xəbər verib ki, Azərbaycan Silahlı Qüvvələrinin Yerasx (Arazdəyən-red) istiqamətində Ermənistan ərazisini atəşə tutması nəticəsində mülki avtomobilə və bir başqa obyektə ziyan dəyib.

Ermənistan XİN məlumat verib ki, Azərbaycan Yerasxda xarici kapitalın cəlbi ilə tikilməkdə olan metallurgiya zavodunu atəşə tutmaqla Ermənistanın beynəlxalq aləmdə tanınmış sərhədlərinə, insan haqlarına və beynəlxalq hüquqa etinasızlıq nümayiş etdirir.

Nazirlik bildirib ki, Yerasx kəndindəki Barekamutyun metallurgiya zavodunun tikilməsi Azərbaycanı "bərk narahat edib".

Rəsmi Bakı isə bildirib ki, bu ərazidə razılaşdırılmamış fəaliyyətlə Ermənistan beynəlxalq ekoloji standartları pozur.

Azərbaycan Xarici İşlər Nazirliyi də öz növbəsində Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatına münasibət bildirib.

Nazirlik "Azərbaycanın Ermənistanda tikilməkdə olan metallurgiya zavodunu məqsədyönlü şəkildə hədəfə alması barədə Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatını" qəbul etmədiyini vurğulayır.

XS
SM
MD
LG