İyunun 14-də Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən daha 22 ailə - 72 nəfər Laçın rayonuna yola salınıb. Onlar Laçın şəhərində vaxtilə yaşadıqları, rayon ərazisi azad edildikdən sonra dövlət vəsaiti hesabına bərpa edilən və ya yenidən tikilən evlərində məskunlaşacaq.
Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Xatırladaq ki, bundan əvvəl Laçın şəhərinə 20 ailə, yəni 97 nəfər köçürülüb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov deyib ki, bu ilin sonunadək ümumilikdə 2 minə yaxın məcburi köçkün ailəsinin, yəni 10 minə yaxın keçmiş məcburi köçkünün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında öz doğma evlərinə qayıdışı və daimi məskunlaşdırılması nəzərdə tutulub.
"Laçın şəhərinə 700-dək ailənin, Laçın rayonunun Zabux və Sus kəndlərinə 400 ailənin köçürülməsi planlaşdırılıb. Eyni zamanda, Füzuli şəhərinə 267 ailənin, Zəngilanın Ağalı kəndinə növbəti mərhələdə 100-ə yaxın ailənin qayıdışı və məskunlaşdırılması nəzərdə tutulub", o qeyd edib.
Xatırladaq ki, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində yüz minlərlə azərbaycanlı öz dogma yurdlarından köçkün düşüb. Onlar müvəqqəti olaraq Azərbaycanın müxtəlif regionlarında məskunlaşıb. 2020-ci il 44 günlük müharibə nəticəsində (27 sentyabr-11 noyabr 2020-ci il) Azərbaycan ərazilərini azad edib. Hazırda minatəmizləmə işləri ilə yanaşı azad edilmiş ərazilərdə yaşayış məntəqələrinin tikintisi davam etdirilir.