Accessibility links

Azərbaycanın Ağdam şəhərində Milli Şəhərsalma Forumu keçirilir


Oktyabrın 5-də BMT-nin Yaşayış Məskənləri Proqramı (UN-HABITAT) və Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə münaqişə zamanı tamsamailə dağıdılmış Ağdam şəhərində "Dayanıqlı İnkişaf Məqsədləri" və "Yeni Şəhər Gündəliyi" - postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi" mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu işinə başlayıb.

44 ölkədən 130-dan çox nümayəndənin, ümumilikdə isə 400 nəfərdən çox insanın qatıldığı Azərbaycan Milli Şəhərsalma Forumu şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkanları və şəhər ərazilərində böhranların aradan qaldırılmasını nəzərdən keçirir.

Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, azad edilmiş bütün şəhərlərin baş planları hazırlanıb və təsdiqlənib.

"Biz bütün gücümüzü və potensialımızı səfərbər edirik ki, keçmiş məcburi köçkünlər öz yurdlarına tezliklə qayıtsınlar".

Dövlət başçısı deyib ki, azad olunmuş ərazilərdə irimiqyaslı infrastruktur layihələr icra edilir.

"Siz Füzuli Beynəlxalq hava limanını gördünüz, o, səkkiz ay ərzində tikilib. Bu ay biz Zəngilan Beynəlxalq hava limanını açmağı və 2025-ci ildə isə Laçında Beynəlxalq hava limanını istifadəyə verməyi planlaşdırırıq" , o qeyd edib.

Azərbaycanın Ağdam şəhərində Milli Şəhərsalma Forumu keçirilir (Rəsmi foto)
Azərbaycanın Ağdam şəhərində Milli Şəhərsalma Forumu keçirilir (Rəsmi foto)

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib ki, qısa müddət ərzində Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən işğaldan azad olunmuş ərazilərin Ümumi Planının hazırlanması təmin edilib, Ağdam və bir çox digər şəhər və kəndlərin baş planlarının hazırlanması artıq başa çatdırılıb, yüzlərlə yaşayış məntəqələrinin layihələndirilməsi hazırda davam etdirilir.

Onun sözlərinə görə, baş planların hazırlanması zamanı müasir "ağıllı şəhər" yanaşmaları, "yaşıl enerji" və təmiz ətraf mühit, sənaye və kənd təsərrüfatının kompleks inkişafı, turizm potensialının geniş reallaşdırılması kimi məsələlər prioritet götürülüb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru Maimuna Mohd Şərif deyib ki, Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərin bərpası, insanların ora qaytarılması istiqamətində intensiv iş aparır.

"Bu gün keçirilən forum Azərbaycanın bu ərazilərdə gördüyü işlərin, ölkənin texniki təcrübəsinin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir" , icraçı direktor bildirib.

Azərbaycan Minatəmizləmə Agentliyinin sədr müavini Samir Poladovun dediyinə görə, azad edilmiş ərazilərdə 390 709 tank və piyada əleyhinə mina, eləcə də digər partlayıcı qurğular barədə məlumatlar var.

"Amma bu məlumatlar tam deyil. Onların dəqiqliyi 25 faizə yaxındır", o qeyd edib.

Sədr müavinin sözlərinə görə, təxminən 147 988 hektar ərazi yüksək səviyyəli minalanmış, 675 570 hektar isə az səviyyəli minalanmış bölgə hesab olunur.

"2022-2026-cı illər üçün planlaşdırılmış birinci mərhələ Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl, Kəlbəcər, Xocavənd, Laçın, Şuşa və Zəngilan rayonlarında 83 yaşayış məntəqəsinin minalardan təmizlənməsini nəzərdə tutur. Cari planlara görə 33 795 hektar ərazi yaşayış yeri üçün minalardan təmizlənəcək. Birinci mərhələyə uyğun olaraq bu rayonlarda evlərin tikintisi üçün 14 713 hektar ərazinin təmizlənməsi nəzərdə tutulur" , Poladov deyib.

O əlavə edib ki, müharibə başa çatdıqdan sonra 257 nəfər minaya düşüb ki, onlardan 44 nəfəri həlak olub.

XS
SM
MD
LG