Accessibility links

Məcburi köçkün ailələrinin əvvəlki yaşayış yerinə qayıdışına start verilib, 10 ailə Ağalı kəndinə qayıdır


Ağalı kəndi
Ağalı kəndi

İyulun 19-da Zəngilan rayonunun Ağalı kəndinə məcburi köçkün əhalinin köçürülməsinə start verilib. Bu, Azərbaycanın azad edilmiş ərazilərinə mülki əhalinin kütəvi qayıdışının başlanğıcıdır.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən Amerikanın Səsinə bildirilib ki, bu gün ilk olaraq 10 ailə Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Zəngilan şəhərciyindən” Ağalı kəndinən yola salınıb.

“İyulun 25-dək ümumilikdə “Ağıllı kənd” konsepsiyasına uyğun qurulan Ağalı kəndinə 4 mərhələdə 41 ailə, təxminən 200 nəfər köçürüləcək,” mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev Amerikanın Səsinə bildirib.

Dövlət Komitəsi bildirir ki, Ağalı kəndinə əhalinin köçürülməsi planlaşdırılan irimqiyaslı qayıdışın başlanığıcıdır.

“İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər).”

Rəsmi məlumatlara görə, hazırda Ağalı kəndində 200 evin inşası başa çatdırılıb, daha 150 evin, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin tikilməsi davam etdirilir.

Rəsmi ststistikaya görə, 1988-1993-cü illərdə Dağlıq Qarabağdan, eləcə də ona bitişik yeddi rayondan olan yaşayış məntəqələrindən zorla qovulmuş məcburi köçkünlərin sayı 788,950 nəfər təşkil edir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Amerikanın Səsinə deyib ki, məcburi köçkünlər arasında geri, əvvəlki yaşayış yerlərinə qayıdıb-qayıtmayacaqları ilə bağlı sorğu keçirilib.

“Məcburi köçkün ailələrinin böyük əksəriyyəti, yəni 90 faizi geri qayıdacaqlarını bildirib. İndi hər bir yaşayış yerinin sakinləri arasında ayrıca sorğu keçirilir,” o, qeyd edib.

XS
SM
MD
LG