İyunun 13-də Avropa Parlamentində Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı dinləmələr keçiriləcək.
Bu barədə Avropa Parlamentinin saytında məlumat yayılıb.
Məlumata görə, müzakirə iyunun 13-də Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrelin iştirakı ilə baş tutacaq.
Dinləmələrin mövzusu Azərbaycan-Ermənistan münasibətləri, Qarabağ və Laçın yolu ətrafındakı vəziyyətdir.
Azərbaycan Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata görə, aprelin 22-də Ermənistanın birtərəfli qaydada Azərbaycan ilə sərhəddəki Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkənin suveren ərazisində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.
Ermənistan Xarici İşlər Nazirliyi bəyanatla çıxış edərək, bu addımın 2020-ci ilin 9 noyabr tarixində imzalanan üçtərəfli bəyanata zidd olduğunu bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyi isə bildirib ki, üçtərəfli bəyanat üzrə öhdəliklərə uyğun olaraq, Laçın yolundan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə hər iki istiqamətdə, Ermənistana və Azərbaycana şəffaf və nizamlanan keçidi üçün müvafiq şərait yaradılıb.